XƏBƏR LENTİ
21 Aprel 2021
20 Aprel 2021



Rəsmiyyə Heybətağaqızı-Xocalı
Gündəm 11:02 / 26.02.2021

Xocalı

Qopdu tufan kimi top-tüfəng səsi,

Yurdumu viranə qoydu o gecə.

Cavanın, qocanın ahı-naləsi,

Bağrımın başını oydu o gecə.


Günahsız körpənin, qızın, gəlinin,

Köksünü süngüylə oydular o gün.

Yurdun dağıtdılar vallah bir elin,

Şəhəri viranə qoydular o gün.


Minlərlə insanın axdı göz yaşı,

Soldu bir şəhərin gülər camalı.

Qana bələdilər torpağı, daşı,

Yerlə-yeksan oldu qədim Xocalı.


O gecə göylər də susdu, kiridi,

Qız-gəlin tək qaldı düşmən əlində.

Bir elin üstünə tanklar yeridi,

Bir dəhşət yaşandı, Oğuz elində.


Keçsə də əsrlər, keçsə də illər,

O günü unudan olmayacaqdır.

Eşitsin bu dünya, eşitsin ellər,

Qisas qiyamətə qalmayacaqdır.



1060 oxunub

InvestAZ