Dədə
Qorqudun dediyi "bu gəlimli gedimli, son ucu ölümlü dünya”da insanın həyatı çox
qəribə, həm də güzəştsiz qurulub, göz açıb yumunca ömür-gün başa çatır. Amma
yer üzündəki insanların ömrünü gödəldən, qayçılayan, hətta qamçılayan amillər də
çoxdur. Onlardan bəlkə də ən birincisi, adamın yaşadığı cəmiyyətdə görüb,
duyub, dərk etdiyi, eyni zamanda, üzləşdiyi ədalətsizliklərdir.
Hər
bir cəmiyyətin mənəvi varlığı və inkişafı üçün əsas prinsiplərdən biri də haqq-ədalətin
bərqərar olmasıdır. Təbii ki, indiki cəmiyyətdə insanlar real həyatda baş verən
haqsızlıqların miqyası barədə tez-tez virtual "məkanda” xəbər tuturlar. Son günlərdə
Milli Məclisin vitse-spikeri Adil
Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyev,
nazir kürsüsündə olduğu vaxtlarda Səlim Müslümova "uçuruma gedirsən, özünə dur
deməyi bacar!” deyən keçmiş
maliyyə naziri Fikrət Yusifovun keçmiş nazirlər Heydər Əsədov və Səfər Əbiyev
barədə açıqlamaları, AMEA-nın müxbir
üzvü Əlövsət Quliyevin Ramiz Mehdiyevi məhkəməyə verməsi və başqa "sensasiya”
xarakterli faktlar sadə Azərbaycan vətəndaşını və oxucusunu artıq təəccübləndirmir. Ona görə ki,
hələ torpaqlarımızın düşmən işğalı altında olduğu vaxtlarda "sabiq” dövlət məmurlarının
Bakı və Bakıətrafı kəndlərdə, İsmayıllıda, Qəbələdə və Azərbaycanın digər dilbər
güşələrində hündür hasarlarla "çərçivəyə” aldıqları dəbdəbəli villaları, mal-mülkləri, biznes şəbəkələri onların
yalnız öz mənfəətlərini güddüyünü, cəmiyyətin xeyrinə çalışmadıqlarını bəlli
edirdi.
"Oyatma, mürgülü
xatirələri…”
Ramiz
Mehdiyevlə bağlı açıqlamasında Adil Əliyev 83 yaşlı akademikin mərhum prezident
Heydər Əliyevə və hazırkı ölkə başçıcı İlham Əliyevə sədaqətinin mübahisəli olduğunu
bildirir: "Heç kəs bu ölkədə çörəyi qulağına yemir. Kimin kim olduğu, bu
hakimiyyət üçün nələr etdiyi hər kəsə bəllidir. Məşhur bir mahnının sözləri ilə
desək, Ramiz Mehdiyevə "mürgülü xatirələri yada salmamağı” məsləhət görürəm.”
A.Əliyev
çox haqlı olaraq bildirir ki, uzun illər hakimiyyətin ən yüksək pillələrində
təmsil olunmaq insana əlavə imtiyaz vermir, əksinə onun qanunlara tabeçilikdə mənəvi
məsuliyyət yükünü artırır: "Sən əgər siyasi liderə, qanunlara sadiqsənsə, onun
tələblərinə hər kəsdən daha çox əməl etməli, yaxşı nümunə ortaya qoymalısan.
Ramiz Mehdiyevin ortaya qoyduğu nümunə isə itaətsizlikdir. Bunu yalnız o adam
edər ki, insanları qanuni hakimiyyətə qarşı üsyana çağırır, ölkədə hərc-mərclik
salmaq istəyir.”
Vitse-spikerin sensasiya sayılacaq fikirlərindən
biri məşhur "mandat alveri” qalmaqalına
görə Ramiz Mehdiyevi təqsirkar bilməsidir. Onun fikrincə, akademik bu
qalmaqalın əsas fiqurantlarından olan keçmiş deputat Gülər Əhmədova və onun rəfiqəsi
Sevinc Babayevanı güdaza verib: "Cinayətin bütün məsuliyyəti Gülər Əhmədovanın
ayağına yazıldı. Bunun səbəbi odur ki, Ramiz Mehdiyev onda hələ hakimiyyətin ən
yüksək pillələrində yer alırdı. Hüquq mühafizə orqanlarındakı kadrları vasitəsilə
günahı bir qadının boynuna qoya bildi. Hadisənin digər şahidi Sevinc Babayeva
isə Türkiyəyə qaçdı və müəmmalı şəkildə öldü. Bu gün başqalarına əxlaq dərsi
keçən Ramiz Mehdiyev öz günahına görə qadınları güdaza verməsinin eybinə kor
olmağı bacarmalıdır. Yüksək əxlaqi keyfiyyətlər, mənəvi kişilik bunu tələb edir.”
Yaxşı
ad qazanmaq istəyirsənsə, acgöz və həris olma!
Ramiz Mehdiyevin susmaq əvəzinə, "döyüşdüyünü”, tez-tez
aldığı orden və medallarla qürrələndiyini vurğulayan Adil Əliyev onun
AMEA
-nı şəxsi obyektinə çevirdiyini də qeyd edib: "Dövlət qurumunun rəsmi saytını şəxsi
bloqu kimi idarə edir. Bu ixtiyarı ona kim verib? Saytda elmi məqalələrdən çox
Ramiz Mehdiyevin deputatlara və digər şəxslərə cavabları dərc olunub. Görün ölkənin
elm ocağına kim rəhbərlik edir. Azərbaycan
44 gün düşmənlə müharibə apardı və misilsiz qələbə qazandı. Vətən müharibəsində
hamımız dəmir yumruq kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşdik...
Ramiz Mehdiyevin isə həm müharibə, həm də müharibədən sonrakı mərhələdə
aktivliyini görmədik. Qələbəmizə sevinməyən
iki nəfərdən biri olan Ramiz Mehdiyev sevinsəydi, o boyda AMEA adından təbrik
yayardı. Onun hansı qüvvələrə arxalandığı bəllidir!”, - deyə vitse-spiker AMEA-da mütəmadi yoxlamalar aparılmasını,
nöqsanlar üzə çıxarılaraq tədbir görülməsini təklif edib.
Mübarizə bu gün də var, yarın da…
Bəli,
biz 44 günlük Vətən müharibəsində düşmənə
qalib gəldik. Xalqımıza bu qələbə sevincini bəxş edən igid cəngavərlərin timsalında cəsarət, rəşadət,
mətanət deyliən dədə-baba əmanətləri ilə yanaşı, Vətənə sədaqətin, torpaq
uğrunda misilsiz fədakarlıqlarının şahidi olduq. Fəqət düşmənlə müharibə bitsə də,
özümüzün özümüzlə, öz nəfsimizlə savaşımız hələ də davam edir. Cəmiyyətimiz hələ
də tamaha məğlub olan məmurların törətdikləri əməllərin əziyyətini çəkir.
U.Çörçill
özünün məşhur nitqlərinin birində deyirdi: "Demokratiya heç də ən ideal siyasi
sistem deyil, amma nə edəsən ki, bəşəriyyət bundan yaxşısını tapmayıb…” Biz də
demokratik cəmiyyətdə yaşayırıq, çox təəssüf ki, dövlətin etimadını
doğrultmayan bir çox səlahiyyət sahibləri özlərini xüsusi imtiyazlı şəxs kimi
xalqdan üstün tutub, vəzifəsindən, siyasi mövqeyindən sui-istifadə ediblər. Axı
Ulu Tanrı xalqımızdan heç nəyi əsirgəməyib,
Odlar yurdumuza zəngin sərvətlər bəxş edib. Şübəsiz ki, "mənim olsun” ehtirası
ilə ölkənin sərvətini talayan məmurlar nə
şəhid ailəsini, nə yaralı əsgəri, nə də problemlər içində çabalayan yurdun
ziyalısını özünə doğma biliblər. Şəxsi maraq hissi ilə milli hədəflərimizi, hətta
qələbimizi ləngidənlər də az olmayıblar. Elə Fikrət Yusifovun "Səfər Əbiyev tacirlik etdiyi qədər ordu
quruculuğu ilə məşğul olsaydı, Azərbaycan ordusu dünyanın ən güclü ordularından
biri olardı" fikri də belə amillər silsiləsindəndir.
Yazmaq, özü də gerçəyi yazmaq ikiqat işgəncədir
Bu,
bir həqiqətdir ki, sabiq müdafiə nazirinin "xaricə” gedişindən sonra Azərbaycan
Silahlı Qüvvəlləri surətlə dirçəldi. S. Əbiyev Azərbaycanın müstəqillik dövründə Milli
Ordumuzun əsgər və zabitləri ilə "rus dilində” danışan yeganə müdafiə nazir
olub. Üstəlik onun dövründə atəşkəsi
pozan erməni silahlıları tərəfə atəşlə cavab verən əsgər və zabitlərlərimiz sorğu-sual edilirdi.
Onun kimi bəzi generallar və yüksək
statuslu "köhnə qvardiya” mənsubları belə fikirlər aşlayırdılar ki, güya təxribatçı
ermənilərin "toyuğuna” kiş desək, qarşımızda rus ordusunu görəcəyik! Bəs nə oldu?
Niyə onların bir çoxu vəzifə kürsüsündən uzaqlaşdırılan kimi qələbəyə gedən yolarımız birdən-birə hamarlaşdı?!
Adama
hərdən elə gəlir ki, "təbliğat” mexanizmiləri getdikcə toz basan keçmiş məmurların
çoxu Azərbaycanda mövsümi işdə çalışıblar,
məqsədləri də ancaq sərvət yığıb "aradan çıxmaq”, "inzivaya” çəkilmək olub.
Amma varidatı milyardlarla qiymətləndirilən
bəzi sabiqlər mətbuata elə açıqlamalar
verirlər ki, sanki qələbəmizdən məmnun deyillər…
Qarabağımızı dirçəltmək üçün...
Yaxşı olardı ki, "sabiqlər alayı” yüksək vəzifə
başında qazandıqları, xalqdan, dövlət
büdcəsindən oğurladıqları milyardları Qarabağda
bərpa proseslrinə yönəltmək barədə açıqlamalar verəydilər. Bununla onlar qismən
də olsa həm öz vicdanlarının, həm də xalqın tənəsindən qurtular, ədalət məhkəməsi
qarşısında "cəzalarını” yüngülləşdirmiş olarlar. Bu "fantastik”, "gözlənilməz” addım
sabiqlərin çörəyini yediyi, suyunu içdiyi yurda sadiqliyin, "özünəqayıdışın”təntənəsi
kimi də örnəyə çevrilərdi. Müdrik kəlamların
birində deyilir: "Dünyada ən yaxşı ləzzət və böyük fərəh özünün başqasına lazım
olduğunu hiss etməkdir.” Siz də özünüzü
belə ləzzətdən mərhum etməyin, cənab sabiq məmurlar!..
Ali
Baş Komandanın rəhbəriliyi ilə düşmən üzərində tarixi Qələbəmiz isə bu gün ölkəmizdə
korrupsiya və rüşvətxorluqla mübarizənin də zəfər qazanacağına əsas verir. Elə
Prezidentin poeziya dünyasının dahisi Nizmi
Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə 2021-ci ili "Nizami
Gəncəvi ili” və Qarabağın incisi Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etməsinin bir hikməti budur. Azərbaycanın
böyük mütəfəkkirinin dediyi kimi:
Qoy ədalət zəfər çalsın,
Zülm məhv olub alçalsın.
Şərəflənsin qoy səxavət,
Mərdlərə halaldır şöhrət.
Qoy
millətimiz zaval görməsin, dövlətimiz əbədi
olsun, bayrağımız ən uca zirvələrdə dalğalasın!
Nurəddin Muğanlı, "İki sahil”