Oyanmayıb, yuxuludu bu səhər
Yuxusunu kim yozacaq gözümün?!
Sıralayıb hərfləri birtəhər -
Misrasını kim yazacaq özümün?!
Bir dəlisov, xəyalpərəst bəndənin
Heç etmədin sən ümidə bənd əlin...
Həsrətimin ödədikcə bədəlin -
Pərən saldım illərimin düzümün...
Fərq eləmir tənhalıqda ağ, qara
Kimim var ki, ağ, ya qara axtara?!
Dənizimsən -indi mənim Ağ, Qara-
Nazın çəksin ləpələrin sözümün!
Bu bəllidi - Tanrı da tək, sən də tək
Eləmərəm Ona, nə də Sənə şəkk!
Üşüyəndə, yadına sal, kibrit çək -
Az,az yandır, Əbülfətin dözümün!