“Gözümün qabağında düşmən evimizi yandırdı, heç nə edə bilmədim, dəhşətli mənzərə idi..."
"Tuğ kəndi deyəndə mən bütün həyatımı, doğmalarımı, səcərələrimi
gözümün önünə gətirirəm. Çünki insanın bir başlanğıcı var və bir varlıq
olaraq mənim də başlanğıcım Tuğdan başlayır”
Bunu
Moderator.az-a açıqlamasında şair, publisist Əbülfət Mədətoğlu deyib.
Əməkdar jurnalist doğma Tuğ kəndindin işğaldan azad edilməsinə görə
sevindiyini bildirib:
"Tuğ kəndi deyəndə mən
bütün həyatımı, doğmalarımı, səcərələrimi gözümün önünə gətirirəm. Çünki
insanın bir başlanğıcı var və bir varlıq olaraq mənim də başlanğıcım
Tuğdan başlayır. Orda doğulmuşam, orta məktəbi oxumuşam, 16 yaşıma qədər
yaşamışam, həyata münasibətim orda formalaşıb və bir yazı adamı olaraq
ilk şeirlərimi orda yazmışam. Məqalələrim qəzetlərdə çap olunub, şirin
qonararımı da orda almışam. Ona görə Tuğ elə mənim hardasa özümdü.
Güzgüyə baxanda özümü necə görürəmsə, Tuğu da elə görürəm. Onun
dağları, hər iki tərəfindən axan çayı, bulaqları, xüsusilə onun şor
bulaqları eləydi ki, qışda onun içində elə bilirdin ki, qızdırıcı nəsə
var, istiliyindən əl vurmaq olmurdu. Yayda isə buz kimi olurdu, dodağını
üşüdürdü. Belə yerlər insanın bir ömrüdür, bütövlükdə mənasıdır. Mənim
üçün Tuğ budur.
Şair ata evinin onun gözü qarşısında düşmən tərəfindən yandırıldığını və bu dəhşətli mənzərəni heç vaxt unutmayacağını bildirib:
"Bizim
evi gözümün qarşısında 1991-ci il oktyabrın 30-dan 31-nə keçən gecə
düşmən yandırdı və mən də baxa-baxa qaldım. Onda Dağlıq Qarabağda
Təşkilat Komitəsində işləyirdim. Rusların Sovet ordusunun döyüş maşının
içindən yanan evimizə baxırdım, amma heç nə edə bilmirdim. Təsəvvür edin
ki, gözünün qabağında evin yana və sən də buna baxa-baxa qalasan. Çox
dəhşətli bir mənzərə idi. İndi kəndimiz işğaldan azad ediləndən sonra
qardaşım və oğlu gedib kəndimizə baş çəkiblər. Qardaşım oğlu polis
əməkdaşıdır, orda xidmət edir. Şəkilləri mənə gətiriblər və təsəvvür
edin ki, yanan evimizin yerində əncir ağacı bitib. Ora mənim ata yurdum
idi və bizim məhlədə isə heç vaxt əncir ağacı olmayıb və bu nədir
bilmirəm, bəlkə bunun da bir yozumu var”.
Ə.Mədətoğlu doğma kəndində qayıdacağını deyib:
"İnşallah
kəndimizə qayıdacağıq. İnsan doğulduğu yerə ən azından ölmək üçün
qayıtmalıdır. Allah verən ömür nədirsə, mütləq ora dönərik. Diqqətinizə
görə mən sizlərə də minnətdaram”.
Qeyd edək ki, Əbülfət Mədətoğlu 1959-cu il yanvarın 1-də Dağlıq Qarabağın Xocavənd rayonunun Tuğ kəndində anadan olub.
Vasif Əlihüseyn
2088 oxunub