XƏBƏR LENTİ
09 Mart 2021
08 Mart 2021
07 Mart 2021
06 Mart 2021



Aqil ABBAS: BAŞ ÜSTƏ NƏÇƏLNİK! ÖL DE, ÖLƏK! AĞZIMIZ NƏDİ?!
YAZARLAR 17:33 / 22.01.2021

Əvvəllər təcrübələri heyvanların üzərində keçirirdilər: siçanın, dovşanın, itlərin və hətta meymunların. Pavlovun itləri daha məşhur idi.

Sonradan keçdilər insanların üzərinə. Nə bilim Çin tozu, Sibir xorası, SPİD, quş qripi, donuz qripi, eşşək qripi, İngiltərənin dəli inək xəstəliyi … O qədər çoxdur ki, sayıb qurtarmaq da olmur.

İndi insanları zombiləşdirmək üçün onların üzərində daha böyük bir təcrübə keçməkdədirlər.

Ümumdünya Səhiyyə Təşkilatı ümumdünyanı sarıyıb barmağına. Təbii ki, o yox, onun arxasında duran və dünyanın başına corab hörən trilyarderlər.

- Maska taxın.

- Baş üstə, nəçəlnik.

- Gecə arvadınızla ayrı-ayrı otaqda yatın, uşaqlarınızı qucaqlamayın. Nəvələriniz üstünüzə yüyürsə itələyin, yaxına buraxmayın.

- Baş üstə, nəçəlnik.

- İki metr məsafə saxlayın, əllə görüşməyin, təpikləşin, dirsəkləşin, yumruqlaşın.

- Baş üstə, nəçəlnik.

- Nə qohum-əqrəbalarınızı, əzizlərinizi evinizə buraxın, nə də özünüz qohum-əqrəbaya qonaq gedin.

- Baş üstə, nəçəlnik.

- Kişilər dəlləkxanaya, qadınlar gözəllik salonuna gedə bilməz.

- Baş üstə, nəçəlnik.

- Kirin-pasın içində qırılın, amma hamama getməyin, hamam olmaz!

- Baş üstə, nəçəlnik.

- Zavodları, fabrikləri bağlayın, inşaatı saxlayın, qoyun camaat evdə acından qarnını qaşısın, ölkələrin iqtisadiyyatı da məhv olsun.

- Baş üstə, nəçəlnik.

- Evdən yalnız gündə bir dəfə SMS-lə 3 saat «uvolneniyaya» çıxa bilərsiniz. (Görən, qapalı həbsxanalarda dustaqlara neçə saat təmiz hava almağa icazə verirlər?)

- Baş üstə, nəçəlnik.

- Toy eləmək, şənlənmək, sevinmək, oynamaq, konsert vermək qəti qadağandır.

- Baş üstə, nəçəlnik.

- Əziziniz ölübsə yas tutmaq, ağlamaq olmaz. Dörd adam aparsın basdırsın.

- Baş üstə, nəçəlnik.

- Ali məktəblər, orta məktəblər bağlanmalıdır. Elm, savad nəyə lazımdır ki?! Oturun televizorun qabağında mənasız həkimlərin mənasız məsləhətlərinə qulaq asın: tez-tez əlinizi yuyun, filan yerinizi yuyun…

- Baş üstə, nəçəlnik.

- Uşaq bağçaları vabşe işləməməlidir. Cocuqlar cəmiyyətdən təcrid olunub ibtidai icma quruluşundakı kimi vəhşiləşməlidir.

- Baş üstə, nəçəlnik.

- Sanatoriyalar, istirahət mərkəzləri, turizm mərkəzləri çalışmamalıdır. Rayona əzizlərinizin, ata-ananızın yanına gedə bilməzsiniz, onlar da sizin yanınıza gələ bilməz. Təmiz dağ havası ala bilməzsiniz. Gün işığı qəbul edə bilməzsiniz, çimərlik və dəniz havası qəti qadağandır.

- Baş üstə, nəçəlnik.

- Hava nəqliyyatı, dəmiryol nəqliyyatı çalışmamalıdır.

- Baş üstə, nəçəlnik.

- Futbol azarkeşsiz oynanılmalıdır.

- Baş üstə, nəçəlnik.

- Kəsəsi. Oturun xarabanızda və gedin ölün.

- Baş üstə, nəçəlnik. Ayrı əmriniz, fərmayışınız, buyruğunuz?

- Gözləyin, zaman-zaman əmrimizi, fərmayışımızı, buyruğumuzu elan edəcəyik. 

Deyirəm, adam qorxmaya, Ümumdünya Səhiyyə Təşkilatını, onun adı dilimə yatmayan (daha doğrusu, dilimə yatır ey, sadəcə azərbaycanca pis çıxır, adam qorxur ki, ikinci hərfi «u»-nu birdən düz deməz) prezidentinə çox mədəni şəkildə deyə ki:

- GEDİNİZ HOPPANINIZ!


1200 oxunub

InvestAZ