Qarabağda Azərbaycanın qələbəsi həm də Ermənistanla sərhədlərin yenidən müəyyənləşdirilməsi zərurətini ortaya çıxardı. Bir çox yaşayış məntəqələri yavaş-yavaş tarixi vətəninə qaytarılır. Azərbaycan addım-addım ərazi bütövlüyünü bərpa etməyə çalışır.
Yenisəs.az bildirir ki, Kəlbəcər işğaldan azad edildikdən sonra əsasən Zəngəzur bölgəsində bir sıra yaşayış
məntəqələri bizim ölkəyə təhvil verilib. Ermənistanda bununla bağlı
həyəcan təbili çalırlar. Müxaliflər hökuməti Zəngəzurun itirilməsi
gerçəyi ilə üz-üzə qoyan razılaşmanı imzaladığına görə sərt tənqid
edir. Yerli media da bu axından geri qalmır.
Ermənistanın "Joxovurd” qəzeti Zəngəzurla bağlı yazı hazırlayıb. Məqalə
əsasən zəbt edilən Azərbaycan mahalının əldən getməsinə həsr olunub.
"Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə zərər görmüş
vətəndaşlarının hüquq və azadlıqlarının pozulması ilə bağlı
Ermənistana qarşı şikayət göndərib. Tanınmış mütəxəssislərin və
azərbaycanlı vəkillərin hazırladığı şikayət yanvarın 15-də təqdim
olunub. Ərizədə Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması
faktları yer alıb. Azərbaycan prezidenti İlham Əliyevin adından təqdim
olunan sənəddə Ermənistanın əvvəllər "işğal etdiyi” ərazilərdə çoxlu
minaların basdırıldığı, Azərbaycan kəndlərinin və şəhərlərinin yer
üzündən silindiyi, Azərbaycan vətəndaşlarının öz evinə qayıtmaq
imkanından məhrum edildiyi yazılıb”.
"Joxovurd” hələ 2020-ci il noyabrın 21-də yazırdı ki, Azərbaycan dəyən
zərərə görə Ermənistandan 50 milyard dollar kompensasiya tələb edəcək,
bu isə yoxsul ölkə üçün astronomik rəqəmdir. "Joxovurd” iddia edir
ki, Azərbaycanın İnsan Haqları Komitəsindəki nümayəndəsi kompensasiya
məbləğinin əvəzində Zəngəzurun verilməsi variantından danışıb.
Ermənistanın keçmiş baş prokuroru Gevorq Kostanyan iki il əvvəl bu
məsələdən söz açmaqla uzaqgörənlik nümayiş etdirmişdi. O,
hakimiyyəti ayıq olmağa çağırmışdı. Kostanyan deyirdi ki, Azərbaycan
Ermənistanın vurduğu zərərlə bağlı Avropada hüquq müdafiəçiləri
ilə danışıqlar aparır. Onda Nikol Paşinyan hökuməti məsələyə ciddi
yanaşmamışdı.
"Joxovurd” yazır ki, 9 noyabr razılaşması Azərbaycana maddi təzminat
tələbi ilə Ermənistana qarşı iddia qaldırmağa əsas verib. Ermənistan
öz növbəsində yanvarın 16-dan əks-hücum üçün sənədlər toplamağa
başlayıb. "Joxovurd” istənilən halda Azərbaycanın bir addım öndə
olduğunu bildirir. Qəzetin proqnozuna görə, Azərbaycan təzminat
tələbini qanuniləşdirəcək və Ermənistan məbləği ödəyə bilməsə, hüquq
çərçivəsində Zəngəzuru tələb etmək imkanı qazanacaq.
Hazırda Ermənistanın "ziyalı dairələrində" bu məsələ ciddi müzakirə
olunur. Hətta belə təkliflər var ki, Azərbaycanla ərazi mübadiləsinə
razılaşaq, əks halda, həm Qarabağ, həm də Zəngəzur Azərbaycanın olacaq. /
Bizimyol.info