Son günlər sosial şəbəkələrdə yeni növ koronovirus infeksiyası ilə mübarizə məqsədilə tətbiq ediləcək vaksinlərin təhlükəli olması və postvaksional ağırlaşmalara,ölüm hallarına görə TƏBİB tərəfindən kompensasiya veriləcəyi ilə bağlı şayiələr həqiqəti əks etdirmir. TƏBİB tərəfindən belə bir açıqlama verilməyib. Ümumiyyətlə, sözügedən məsələlərin tənzimlənməsi qurumun səlahiyyətlərinə aid deyil.
Yenisəs.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qurum bildirib ki, bu günədək Azərbaycanda hər hansı vaksinlə əlaqəli fəsadın yaranması və ölümə səbəb olması faktı qeydə alınmayıb:
"İnsanlar bir çox ölümcül xəstəliklərdən məhz peyvəndlərin tətbiq edilməsi nəticəsində xilas olmuşlar.
Yeni növ koronavirus infeksiyasına qarşı peyvəndə gəldikdə isə bir daha
bildirmək istərdik ki, 3-cü klinik fazanı keçən bütün vaksinlərin
təhlükəsizliyi və effektivliyi yüksək qiymətləndirilir. Əhali arasında
yayılan, vaksindən sonra mümkün ola biləcək- baş ağrısı, əzələ ağrısı,
qızdırma və s.kimi əlamətlər əks göstəriş deyil, əksinə gözlənilən
nəticədir və tibbi cəhətdən bədənin vaksinə müsbət reaksiya verməsinin
göstəricisidir".
Qeyd edilib ki, vaksin istehsal edən şirkətlər tərəfindən yalnız
vaksinin elementlərinə qarşı həssaslığı olan, vaksin vurulan zaman
yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşməsi
mərhələsində olan insanlara vurulması tövsiyə edilmir:
"Deyilənləri nəzərə alaraq, vətəndaşlarımızdan yalnız rəsmi
məlumatlara inanmağı xahiş edir, ayrı-ayrı şəxslərdən isə cəmiyyətdə
çaşqınlıq yaradan açıqlamalardan çəkinməyi tövsiyə edirik. Pandemiya ilə
mübarizə dövlətimizin təhlükəsizlik məsələsidir və ümid edirik ki,
həmrəyliyimiz nəticəsində bu mübarizədə də qalib olacağıq.
Biz birlikdə güclüyük!"(teleqraf.com)