Ədəbiyyatımızın əbədi Seyran Səxavət qalasından xatirələr...
Nədən başlamağa çox çətinlik çəkdim.
Hələ də inana bilmirəm ki, bu adamın 75 yaşı olur…
Seyranla
bağlı xatirələr (hərəsi bir nağıldı..) ayrı-ayrı illərə, ayrı-ayrı
günlərə çəkib apardı məni. Altmışıncı illərdən biri-birimizə
bağlılığımız olub, ta bu günəcən.
Günaşırı
İçəri şəhərdə, Məmmədəlinin kababxanasında yeyib-içir, sonra
Filarmoniyanın yanında, Qala divarına bitişik Zülfünün çayxanasına
yığışardıq. Və günlərin birində, payız aylarıydı, qonaqlığa gedirdik.
Taksi olmadı deyə tanış bir adamın "Butka” moskviçinə doluşduq. Yol
gedə-gedə Seyran "Sona bülbülləri” oxumağa başladı. Özü də eynən Qədirin
oxuduğu tonda… Maşından düşəndə sürücü qayıtdı ki, Zakir, məni bu Qədir
Rüstəmovla tanış elə… O zaman Qədirin "Sona bülbülləri” çox dəbdəydi,
hansı yeməkxanaya, çayxanaya gedirdiksə- ancaq "Sona bülbüllər”i
eşidirdin- maqnitofona da gur səs verərdilər, Qədirin hesabına
çayxanalar dolu olardı, növbə gözləyərdik, yer olmazdı…
Seyranla
uzun illər "Ulduz” jurnalında bir yerdə işləmişik, çox gözəl
kollektivimiz varıydı, qağa da baş redaktorumuzuydu. Yusif Səmədoğluna
hamımız "Qağa” deyə müraciət edərdik.
Seyran
Ağdamdan yenicə qayıtmışdı, Qədir Rüstəmovdan yazı yazmaq üçün bir neçə
günlük Vətən-Qarabağa getmişdi. Və o zaman üçün sensasiya sayılan bir
yazı yazmışdı.
O yazı "Ulduz”da çap olunanda
jurnal əl-əl gəzirdi, redaksiyaya (şəxsən mənə) saysız-hesabsız zənglər
gəlirdi, o say "Ulduz”u istəyirdilər- ailə kitabxanası üçün. Xülasə,
Qağa təklif elədi ki, yuyağın. Katibəmin otağında süfrə açdıq, başladıq
bala-bala vurmağa. Hardansa Qədirdən sonra söz gəldi düşdü "Zabul
Segah”dan, Ağabala Abdullayevdən.
Seyran əlini
qulağına aparıb mayedən "Zabul” başladı, Ağabalanın boğazlarını vurmağa
başladı. Yadımdadı, səs hamılıqca bizi tutmuşdu, milçək uçsa səsi
gələrdi, diqqət kəsilmişdik Seyranın oxumağına. Və birdən Əhəd Muxtar
əlini cibinə aparıb bir 25-lik çıxarıb Seyranın döş cibinə basdı,
rumkanı doldurub sağlıqsız-zadsız çəkdi başına. Seyran bunu görüb nə
təhər mahiranə bir boğaz vurdusa (tüküm biz-biz oldu) Əhəd əlini cibinə
aparıb bir 25-lik də basdı Seyranın döş cibinə. Qəflətən Seyran dayandı,
bir rumka vurub dedi ki, "Qağa” fasilə elan edib...
Çıxdıq
o biri otağa siqaret çəkməyə, onda gördük ki, Əhəd Muxtar Seyranı dilə
tutub ki, 25-liyin birini qaytar, yaxınlaşdıq ki, nə baş verir- Əhəd
qayıtdı ki, ikinci 25-liyi tam oxumadı, zakonla qaytarmalıdı.....
Onu da deyim ki, Seyran o zamanlar şair kimi çox məşhurlaşmışdı, "Ay ilk məhəbbətim” şeiri dillər əzbəriydi...
Qədirdən yazdığı yazıdan sonra Seyran nəsrə, prozaya keçdi.
Hayandan, hayandan baxıramsa mən,
Elə bil dağların üzü bəridi.
Əgər xalıdırsa döşündə çəmən,
Çiçəklər ən gözəl ilmələridi...
Seyran gül-gül, çiçək-çiçək sözlərini ədəbiyyatımıza da gətirdi... Və nə yaxşı ki, Seyran yazdığı kimi də oldu:
-30
il həsrətini çəkdiyimiz dağlar üzü bəri gələ-gələ Füzulini də,
Cəbrayılı da, Zəngilanı da, Qubadlını da, Laçını da, Kəlbəcəri də,
Ağdamı da üzü bəri addım-addım gələ-gələ bizlərə, bizləri də onlara
qovuşdurdu... Ən başlıcası Şuşanı da sinəsində gətirdi, bizlərə
qovuşdurdu...
Cənab Ali Baş Komandan demiş:
-Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Əzizim
Seyran! Əsərlərindən söz açmadım, bunu gələcək tədqiqatçıların
ixtiyarına buraxaq. Ən mükəmməl tənqidçi, ən dəyərli söz sahibi
Zamandır!!! Zaman hər şeyi yerbəyer edir...
Əzizim
Seyran! Azərbaycan ədəbiyyatının rəngkarlarından birisən. Sənin
əsərlərinin öz rəngi, öz səsi, öz nəğməsi var - təkrarsız, bənzərsiz və
ancaq özünəməxsus...
İllərin sınağından keçmiş dost sədaqətin, ərköyünlüyün, ipək kimi ürəyin...
Yaşadığın ömür gözlərimiz önündə olub - xoş günlərin də, çətin günlərin də...
Yazımı "Evdə qal” günləri sənə yazıb göndərdiyim şeirlə bitirirəm, hər şey var bu şeirdə, hər şey...
Gözlərində qara yaş...
Əyin-başın belə nimdaş...
Yol gedirsən ağır-ağır
Yolun haradı qardaş?
Səni dünyaya bağlayan
Kəmər belindən qopur...
Əl uzadıb, əl tutduğun
Əllər əlindən qopur...
Addım-addım dünyadan,
Səni qoparır bu yol...
Tək ruhun bilir ancaq
Hara aparır bu yol...
Baxırsan irəliyə,
Boylanırsan geriyə,
Arxanca atılan daşları
Yuyur, yuyur görürsən
Uşaqlıqda axıtdığın
dup-duru göz yaşları...
Yovuşa bilmədiyin
Dünya qalır arxada...
Yol aldığın bu yolda
Bilməzə yovuşursan
Təkliyə, tənhalığa...
Qaranlıqlardan qopub
Qovuşursan işığa,
İşığa qovuşursan!...
Zakir Fəxri
13.01.2021
856 oxunub