XƏBƏR LENTİ
22 Yanvar 2021
09:22
21 Yanvar 2021



SON SÖZLƏRİ VƏTƏN OLDU...
YAZARLAR 10:22 / 11.01.2021

Bu həyatda hər kəsin ilk sözü olur. Son söz haqqında düşünmək isə hər kəsə qismət olmur. Son sözünü deyə bilənlər ölümün üzünə dik baxanlardır. Müharibəyə könüllü gedənlər cəmi bir faiz yaşamaq ümidi ilə yaşayanlardır. Otuz üç faiz şəhid olmaq, otuz üç faiz əsir, otuz üç faiz itkin düşmə ehtimalı, bir faiz yaşamaq ümidi... Vətənin uğrunda əvəzsiz fədakarlıq zehnində və ruhunda yaşayır Azərbaycan əsgərinin. Bir faiz yaşamaq ümidi ilə 30 ilə yaxın əsirlikdə olan torpaqlarımızın azadlığı uğrunda 44 gün mübarizədə öz qanları ilə Azərbaycan xəritəsinin işğaldan azad olunan rayonlarını Vətənə qaytararaq ən yeni Hərb tarixini yazdı Azərbaycan əsgəri. Şuşanın işğaldan azad olunmasını görək, sonra yaşamasaq da olar deyib – Azərbaycan Əsgəri!

Ali Baş Komandan cənab İlham Əliyevin Şüşanın azad olunması xəbərini verdiyi bu tarixi anda uşaqdan böyüyə hər kəs azadlığın xoşbəxtliyini duydu. Bu günü yaşamağımıza kömək edən, lakin, görə bilməyən, qəhrəman şəhidlərimizin ruhu şad oldu.

Son söz, son əsər ömrün son anlarında yaranır – ya nəsihət olur, ya da vəsiyyətə dönür. Müharibədə boynuna silah götürən bütün əsgərlərin ürəyində son sözü vardır. Çoxumuzun ilk sözü "Ana” olur, nə xoşbəxt o kəsə ki, sonu "Vətən” olur. Vətən müharibəsində şəhidlik zirvəsinə çatan hər bir əsgərin son sözü kimi... heç kim bilmir son nə vaxt olacaq, ilahi məqama nə zaman çatacaq... lakin, əsgər hər anının ölümlə üz-üzə olduğunu bilir. Torpaq uğrunda vuruşanlar ölmür, onlar hər iki dünyanın əfsanəsi, cənnətin ən sevimli qonağı olur. Şəhidlərimizin son sözləri isə özləri haqqında yeni dastanlardı...

Şəhid Qocayev Seymur: "....həyatdı, qismətdi, hər şey ola bilər”, Allahyaroğlu Şahin "... 30 ildir gözləyirik, mütləq almalıyıq torpaqlarımız, in şa Allah nəsə olsa mənə heç vaxt ağlamayın, oğluma mənim adımı qoyarsız”, Həsənov Aydın "... bizə nəsə olsa Vətən bu videoya baxanlara əmanət olsun”, Vəli Quliyev "... pis əməldən uzaq olun”, Vüsal Allahverdiyev "... ağlayıb eləməyin ha

arxamca”, Rəşad Bayramov "... torpaqları alıb gələcəm evə”, Samir Süleymanov "... sənə sevgilim deyə bildiyim üçün çox xoşbəxtəm”, bir gün öncə ata-anasını görməyi arzulayan, Rəşad Ağayev "... eşq olsun Azərbaycan oğullarına”, Xudafərinə bayraq asan Elsevər Paşayev yoldaşına yazdığı smsdə "... sən çox güclüsən, uşaqlar sənə əmanət”, pulemyot canavarı Orxan Şirinovun yaralı vəziyyətdə komandirinə tapşırdığı son sözü "... atama deyin oğlun kişi kimi şəhid oldu”, ilk dəfə rayonundan kənarda olan Vəlizadə Anar "... şəhid olsam bu videonu atama göndərərsiz, həm gülər, həm ağlayar”, Məmmədəli Muradoğlu "... şəhid olmaq istəyirəm”, Səid Rəşidzadə "... səhər yuxudan duranda anam, qorxma amma deyəsən xəbər var”, Əliyev Tamerlanın hər dəfə əminliklə israrla hər şeyin yaxşı olduğunu bildirən səsi "... şükür Allaha hər şey yaxşıdır, canınıza dua edirəm”, anasını yeni itirmiş Məmmədli İmran "...bircə gün anasız eyləmə məni”, aprel döyüşlərinin iştirakçısı, səngərdə ermənilərə dərs verməyə gedən Elgün Quliyev "...tarix müəllimi işləyə biməsəm də, tarix yazacam”, yaralı komandirini xilas edən Vüsal Məmmədov "... gedişimiz var, dönüşümüz yoxdur”, Aqşin İbadov "... narahatam, hər şey o qədər mükəmməldir ki, bu məni narahat edir. Bu qədər gözəlliyin davamında şəhadətə sevinc və könül rahatlığı ilə addımlamağa hazıram” deyən və əsir düşməmək üçün səsini çıxarmayan, dörd saat öz ölümünü gözləyərək son çarə kimi özünü videoya çəkən, yaralı Elvin Abdurəhmanlının son baxışları onun donan arzuları və son sözləri idi...O telefonda özünə deyil, bizə baxırdı... Bu naməlum baxışların sükutunda ana yurdu bizə əmanət edirdi.

Qəhrəmanlıqları ilə yanaşı arzuları, vəsiyyətləri və sosial şəbəkələrdə yazışmaları ilə yaddaşlara həkk olundular. Şəhid Xudayar Yusifzadə isə səsi ilə...

Uşaqlıqda "Şuşanın dağları”nı oxuyan şəhidimizin ən böyük arzusu Şuşanın işğaldan azad etdikdən sonra bu mahnını orada səsləndirmək idi. Şuşa işğaldan azad olunduqda bayraq sancan əsgərlərimiz onun şərəfinə həmin mahnını oxumuşdular. Ruhun şad olsun qardaş!

Vətən Müharibəsinin iştirakçısı Yusifzadə Xudayar Bərdənin Qazıqurdalı kəndində anadan olandan iyirmi dörd gün sonra atasını itirmişdi. Hələ birinci sinifdə oxuyarkən məktəbdə keçirilən "Əlifba bayramı”nda geyinməyə ailəsindən

hərbi paltar istəyən ailənin ən kiçik övladı Xudayar nənəsinin himayəsində böyümüşdü. O həmçinin Bərdə şəhərində, Bülbül adına 1 saylı musiqi məktəbini bitirmişdi. Xanəndəlik ixtisasını bitirməsi və gözəl səs sahibi olması onun hərbiyə olan marağını azaltmamışdı. Elə bu istək onu Vətən müharibəsinin iştirakçısı etmişdir.

Yüksək döyüşçü potensialı, əhval ruhiyyəsi ilə yoldaşlarını stresə, ruh duşgünlüyünə qapılmağa qormurdu, nəğmələri və qəmzəli gülüşü ilə hər kəsin ruhuna nur çiləyirdi.

Gizir Yusifzadə Xudayar şəhadətinə qovuşmasından iki gün öncə dostları tərəfindən çəkildiyi videoda oxuduğu mahnısı ilə ürəklərə köçdü, dillərə dastan oldu. Oktyabr ayının 22-də isə Zəngilanın Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəldi. Vətən uğrunda ölüm həyatın davamıdır – şəhidlik zirvəsi adlandırıb uca yaradan müqəddəs kitabımızda.

Bu gün Xəzər Dənizini eşqlə coşdurub, xülyalar, arzular içində bihuş edib,Vətən arzusu ilə nəğmə oxudun və özünə bir xeymə deyil, yeni bir dastan qurdun. Sənin son məktubun, son sözün, son səsin – son nəğmən oldu: Zəngilanda oxuduğu bu mahnı qaldı səndən bizə "Vətən yaxşıdı”. İndi sən yoxsan... sən qayıda bilmədin... amma bütün Azərbaycan sənin evini ziyarətə gəlir. Sənin səsinin avazı ilə...kaş ki, bu günü görəydin... bütün müğənnilər dağların qoynunda səsləndirdiyin mahnını sənin səsinə səs verərək oxuyur. Bakının mərkəzində Alov binalarında sənin səsinlə dalğalanır Azərbaycan bayrağı!

Yəqin ki, Əliağa Vahidin ruhu da şad olar bu gün, Mirələm Mirələmov "Vətən yaxşıdır” mahnısının son sətirlərinə "Vahid sorma Vətən nədən yaxşıdır” deyə, şairin adı ilə yanaşı şəhidimiz Xudayarı da səslədi:

Ay Xudayar, Vətən arzusu ilə nəğmələr oxudun

Dumanlar başında dastana döndün... dastana döndün... indi bu dastan sənin adını daşıyır.

....sizdən bizə döyüş yoldaşlarınızın xatirələrində və tarixin səhifələrində yaşayan qəhrəmanlıqlarınız, fotoşəkilləriniz, bir də əsərlərə sığmayan son sözləriniz qaldı... son sözləriniz Vətən oldu...

 

Fidan Nizaməddin qızı Abdurəhmanova

Filologiya üzrə fəlsəfə doktoru, dosent


791 oxunub

InvestAZ