XƏBƏR LENTİ
27 Yanvar 2021
26 Yanvar 2021



Aqil ABBAS: ELƏ Kİ QƏLƏMİ ALDIM ƏLİMƏ, AĞDAM GƏLİR DİLİMƏ
YAZARLAR 10:23 / 09.01.2021

Dostlar, hətta evdəkilər deyirlər ki, Ağdamdan çox yazırsan, bu da səni əzir, ağrıdır. Bir az başqa mövzulara keç.

Doğrudan Ağdamdan yazdığım hər bir yazı mənim ömrümdən nə qədər kəsir – onu bir Allah bilir və bir də Allahın fərmanlarını həyata keçirən Əzrayıl.

Olsun, biz Allahın bizə verdiyi ömrü yaşayırıq. Kimsə bir az çox yaşayar, ya da bu dünyanın naz-nemətlərini görmədən şəhidlik zirvəsinə yüksələnlər, «Dolu» filmində Pələngin dediyi kimi:

- Mən qız görmədim ey.

Necə ki müharibədə Şuşa uğrunda döyüşlərdə şəhid olan əsgərlər bunu başqa cür deyirdi:

- Mən Şuşanı görmədim ey!

Yəni Şuşa həmin şəhidlərin görmək istədiyi Məkkə idi, Mədinə idi, İmam Hüseyn torpağı idi. Yəni sevgiləri idi.

Məmməd Araz şeirlərinin birində yazır:

Elə ki qələmi aldım əlimə,

Araz gəlir dilimə…

İndi mən neynəyim ki:

Elə ki qələmi aldım əlimə,

Ağdam gəlir dilimə.

Məni qınamayın, 30 ildir Qarabağdan yazıram və təbii ki, əsas Ağdamdan. Allah fərman verməsə, Əzrayıl da mane olmasa qalan ömrümü də Qarabağa və xüsusilə də Ağdama həsr edəcəm.

Ağdam SSRİ vaxtı yeganə şəhər idi ki, orda Sovet hökuməti yox idi. Katib vardı, prokuror vardı, keqebe vardı, milis idarəsinin rəisi vardı, oboxeis vardı, hakim vardı, amma Ağdamda Sovet hökuməti yox idi. Sovet hökumətinin bütün dövlət təşkilatları ağdamlılara tabe idi. Bu barədə «Dolu» romanında yazmışam. Növbəti saytımızda və nömrələrimizdə həmin romandan həmin parçanı sizə təqdim edəcəm.

Ağdam müstəqil dövlətimizi demək olar ki, görmədi. Və inanıram ki, biz yenidən Ağdama qayıdandan sonra müstəqil dövlətimizi tanıyacaq və onun qanunlarına əməl edəcəyik, amma təxminən əlli faiz.


830 oxunub

InvestAZ