XƏBƏR LENTİ
04 Mart 2021
03 Mart 2021
10:18
02 Mart 2021



ŞƏHİD QANINA BATAN KÖYNƏK GÖZƏL OLUR
MƏMLƏKƏT 17:32 / 08.01.2021

Şəhid olmaq, o qüruru yaşamaq artıq bizim üçün ovqatdır desəm, qınamayın məni. Şəhid olan oğullarımızın yaddaşlarda qalan son xatirələrini hamımız dinləmişik, izləmişik. Ölümə gülə-oynaya, oxuya-oxuya gedirlər. Toya gedirlərmiş kimi. Hansı şəhidin atasını dindirsən, beli bükülsə də: «Onlarla belə oğul verərəm, təki Vətən yaşasın» deyir. Anasını dindirsən, dərd əlindən ciyəri yansa da, tabutuna sarılan bayrağı öpüb bağrına basır: «Bu dərd qaysaq bağlamaz, bu acı bitməz, amma balam vətəni, millətimin namusu və şərəfi uğrunda həyatından keçib, onunla fəxr edirəm» deyir. Vüqarlı dayanırlar, göz yaşlarını belə gizlədirlər. Nə böyük sevgidir bu, nə dərin bağlılıqdır Vətənə. Şəhid adına, ailəsinə, övladına böyük ehtiram da artıq millətimizin müqəddəs milli dəyərlərinə, genetik yaddaşına daxil olub. Bir ailədən, bir ocaqdan gedən oğullar, qızlar təkcə o evin, ocağın yox, bir yurdun, xalqın övladı olurlar. Mayor Rəşad Ramiz oğlu Budaqov kimi.

Bu millətin azadlıq yanğısından müstəqil Azərbaycan doğuldu. Otuz ildir xalqımızın azadlıq yanğısını söndürmək üçün başımıza nələr gətirmədilər. 1990-cı illərdə rus ordusu və zirehli texnikası Bakının ortasında insanları əzib keçir, paytaxtımızda soyqırımı törədirdi.

Bu fəlakətlər başımıza gətiriləndə Rəşad 3-4 yaşında körpə idi, özü kimi dəcəl yaşıdları ilə taxta tapança düzəldib dava-dava oynayır, qarğıdan at düzəldib çapırdılar. 1986-cı ildə Yevlaxda anadan olmuşdu Rəşad. 1994-cü ildə Yevlax şəhərində Qənbər Məhərrəmov adına 4 saylı orta məktəbin birinci sinifinə getmişdi. Çox həvəsliymiş hərb sənətinə, odur ki, 2004-cü ildə orta məktəbi bitirən kimi Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2008-ci ildə buranı bitirərək Azərbaycanın Ordu sıralarında tankçı zabit kimi xidmətə başlayır. Xidmət dövrünün əsas hisəsini cəbhə bölgələrində keçmişdir. Füzuli, Ağcabədi, Ağdam, Bərdə, Goranboy və digər yerlərdə. İlk xidmətinə taqım komandiri kimi başlayıb, snra bölük qərargah rəisi, hərbi hissə komandiri vəzifələrinə qədər yüksəlib. Qısa ömründə sevdiyi peşəsi ona sevdiyi vətəninə xidmət etmək üçün hər fürsəti vermişdi. Şəhid olduğu günədək ən qaynar bölgələrdə mübarizə apardı.

Mayor Budaqov Rəşad Ramiz oğlu şəhid olmağı özünə şərəf bilən cəsur, bütöv əxlaqlı Azərbaycan övladlarından, heç düşünmədən canını millətinə fəda edən oğullardan biri idi. Etdi də. Qəhrəmanlığı bir dastana, romana sığmayan oğul.

Ən son Yevlax rayon N saylı hərbi hissədə briqada komandirinin Maddi Texniki Təminat üzrə müavini vəzifəsində çalışırdı. 2016-cı ilin aprel döyüşlərində də xidmət etmiş, Ağdam istiqamətində gedən döyüşlərə qatılaraq peşəkar hərbçi kimi düşmənin döyüş texnikasının sıradan çıxarılmasında şücaət göstərmişdir.

Vətən müharibəsi adını alan İkinci Qarabağ savaşında Pəşad ona təhkim edilmiş taborla Talış kəndinin işğaldan azad olunması uğrunda döyüşlərə təyinatlanır. Hamıya bəllidir ki, ən qanlı savaşlardan biri də Talış və Suqovuşanın azad olunması uğrunda döyüşlər idi. İlk günlərdə yaralanıb hospitala gətirilən Rəşad nə yarasının ağrı-acısına, nə də həkimlərin təkidinə əhəmiyyət vermir. Döyüş taboruna – Talış kəndinə qayıdıb qanlı döyüşlərə girir. Döyüş yoldaşları danışır ki, tibb bacısına heç olmasa sarğısını belə dəyişməyə imkan verməyib. Mən əsgərlərimin yanında olmalıyam,-deyib. Ümumiyyətlə tabeliyində olan hər bir əsgər, döyüşçü hər zaman onun üçün qardaş olub, doğma olub. Həm də o qədər xeyirxahlıqlarının şahidi olublar ki, döyüş yoldaşları… Oktyabrın 28-də Kəndi tamamilə düşmən izindən təmizləsələr də, Rəşad ağır döyüşlərin birində qəhrəmalıqla şəhid olur. Müqəddəs qanını torpağa axıdaraq Talışı, Suqovuşanı bizə Vətən edir.

Rayonumuzda təmkini, işgüzarlığı, səmimiyyəti ilə hörmət qazanan böyük qardaşı Vüqarla dəfələrlə söhbətləşmişəm. Qürurla danışır. Amma qürurun kədəri daha ağır olurmuş sən demə. O, danışır, mən fikirləşirəm. Bu gözlərə nə qədər qəm-qüssə dolub, ilahı. Deyir, iki balası var. Biri 5 yaşlı Selcan, biri 5 aylıq, südəmər Milay. Selcan atasını həmişəlik itirdiyini bilmədiyindən həvəslə onun yolunu gözləyir. Anam Sədaqət bu ölümlə barışmaq istəmir, «balam öləsi oğul deyildi» söyləyir. Tez də əlavə edir Vüqar: Vətən sağ olsun. Elə mən də ailəmizin taleyinə düşən bu qisməti həm də xoşbəxtlik sayıram. Vətən uğrunda, torpaqlarımız uğrunda canını fəda edib ki, yurdum, yurddaşlarım rahat yaşasın. Ölkə başçımızla fəxr edirdi. Bizim Ali Baş Komandanımız heç kəsə bənzəməyən sərkərdədir, deyirdi.

Vüqarla elə hey xatirələrini bölüşürük. Təhsil aldığı Heydər Əliyev adına Ali Hərbi Məktəbdə qardaşının andiçmə mərasimində rəsmilərlə yanaşı İlham Əliyev cənablarının iştirakından, təlimlərdə iştirak edən zaman Ali Baş Komandanın ona qol saatı bağışlamasından fərəhlə, həm də kədərlə danışır. Tez-tez dolur, boşalır. Heç mən də göz yaşlarma hakim ola bilmirəm. Axı, yurdumuz Rəşad Budaqov kimi bir igid itirib.

İki övlad atası Rəşadın gözəl arzuları vardı. Yeni ev alıbmış, təmir elətdirib ailəsi və övladları ilə xoşbəxt yaşıyacaqdı. Xalqımıza qarşı törədilən vəhşilik, işğalçılıq və soyqırımı minlərlə rəşadımızın arzularını gözündə qoydu. Bu vətənin anaları-ataları övladlarını xoşbəxt böyütsün deyə, öz övladlarını atasız qoydu. Rəşad kimi şərəfli oğullar dünyay göstərdi ki, bu xalqı əzmək, sındırmaq, təhqir etmək mümükün deyil. Şəhadətə yüksəlməzdən öncə rəhmətlik atasının anım güünündə anasına zəng edib zarafatla deyib: Evimizi səliqəli saxla, ana. Yaxın günlərdə 3 rəngli bayraqla gələcəm evimizə.

Doğrudanmı zarafat edib? Yoxsa, məmləkətinin azadlığı üçün gözünü qırpmadan ölümə hazır olduğundan belə söyləyib?! Niyəsə, mənə elə gəlir ki, o, Sədaqət xanıma «zarafat edirəm» desə də, şəhid olacağına artıq hazır idi.

Dediyi kimi də etdi, Rəşad. Evlərinə çox sevdiyi üçrəngli bayraqla döndü.

Xalqımız tarixi ədaləti dəmir yumruğuyla bərpa etdi. Ölkənin Ali Baş Komandanı yumruğunu qaldırınca bütün xalq o yumruqda birləşdi. Yurdumuzu övladlarının qanı ilə düşmən tapdağından azad etdi. Mayor Rəşad Budaqov da hərb şərəfilə adını tariximizin ən parlaq səhifəsinə yazdı. Ali Baş Komandan İlham Əliyev cənabları tərəfindən layiq görüldüyü qol saatının, müxtəlif medalların siyahısıına ölümündən sonra III dərəcəli Rəşadət ordeni və Vətən uğrunda medalları əlavə olundu. Bəli, iki körə qızı qaldı özündən yadigar. Bu qızlar atasız böyüyəcəklər, amma Vətənsiz böyümüyəcəklər. Çünki onlar kimi vətən övladlarının xoşbəxt böyüməsi üçün Rəşad özünü fəda etmişdi.

Nə demişdir Ramiz Rövşən:

Ağlayanım tapılsa,

Nə var ölməkdən gözəl?!.

Nə var şəhid qanına

Batan köynəkdən gözəl?!.

 

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti


1321 oxunub

InvestAZ