XƏBƏR LENTİ
19 Aprel 2021
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



AĞLAMAQ DEYIL, YAŞAMAQ SƏBƏBIMIZDIR ŞƏHIDLƏR
MƏMLƏKƏT 12:18 / 28.12.2020

Oxuduğum tarix kitablarında tez-tez bu fikirlə qarşılaşırdım: – "Hər millət, Ordusunu xəyallarının və ideallarının qoruyucusu kimi qəbul edir”. Yəni ordusu varsa, o ölkənin vətəndaşı gələcək haqqında ideallar, xəyallar qura bilər. Çünki millətin asayişi, rifahı və güvəni qılıncının gücünə dayanır. Demək, biz də gələcəyimiz üçün xəyallar qura biləcəyik artıq, çünki ən yeni tarixi biz yazdıq, tarix də bizdən yazacaq. 44 günlük ildırım sürətli müharibə Avrasiyanın gələcək istiqamətini şəkilləndirdi – Avrasiya Türklərindir.

Qarabağ savaşı bizim üçün bir miladdır, eradır. Əvvəli və sonu böyük dərslərlə yüklü. Düşmən Qarabağı keçərək Kürə-Araza, Bakıya iştahlanmışdı. Biz də Qarabağı keçilməz etdik. Çanaqqala kimi, Qarabağ da keçilməzdir artıq. Şuşanı düşmənin kabusuna çevirdik. Çünki cəbhələrdə can verdi oğullarımız. Zəfər fədakarlıq istər, comərdlik istər, bir gecə ansızın gəliş istər bir də. Şuşa 30 ilə yaxındır övladlarının bir gecə ansızın – qəfil gəlişini gözləyirdi. Gecəylə vardı Şuşaya fatehlərimiz. Şərəfimizi, qürurumuzu, mədəniyyətimizi, ürəyimizin şüşəsini, kimliyimizi, mənliyimizi xilas etdilər. O qədər qürurlu tarixdir ki, nə qədər sözlər, bədii təsvirlər, metaforalar, təşbehlər işlətsəm, bu hissi, bu duyğunu ifadə etməkdə acizdir, gücsüzdür. Bu günlərin gətirdiyi əhval-ruhiyyə, yaratdığı ovqat o qədər möcüzəvi və qutsaldır ki, qarşısında bütün ifadələr sönükdür. Yəni, bu işlər yazmaqla alınmır hələ ki, biz bunu doya-doya yaşamalıyıq.

Yaşamaq üçün artıq hər sabahımızın açılma səbəbi var – şəhidimizin müqəddəs qanı düşdüyü torpaq bizə vətəndir. Şəhid olan çiçəyi burnunda oğullarımızın yerini heç nə doldura bilməyəcək, böyük acıdır. Amma məqamları uca, qoyub getdikləri iz həmişəlikdir. Şəhid ailəsi olmaq isə başqa bir duyğudur, bənzəri, tərifi yoxdur. Cəmiyyətdə yeri fərqli, dəyəri fərqli, mövqeyi fərqlidir. Şəhid anasının bir ömür boyu ciyəri yanır, amma övladının qanıilə ona qazandırdığı «Şəhid anası» adı ilə qürur duyur, fəxr edir,- balam, Vətən üçün canını fəda edib,- deyir.

Müharibə başlayanda Müzəffər Ali Baş Komandan: «Mən nə vaxt, nəyi, necə edəcəyimi yaxşı bilirəm» dedi və tezliklə istər diplomatik cəbhədə, istərsə də döyüş xəttində güvən qazandı, qələbə qazandı. Bununla da düşməni aqoniya vəziyyətinə saldı. Azərbaycan oğulları başladığı işi yarımçıq qoymadı. Mübarək qədəmlərini Şuşa torpağına basdı şanlı igidlərimiz. Gözün aydın olsun əzəmətli Şuşa Qalası, İsa bulağı, Xarı bülbül, Karvansaray, Gövhər Ağa məscidi, ruhunuz şad olsun Pənahəli xan Cavanşir, Xan qızı Natəvan, Üzeyir bəy, Əhməd bəy Ağaoğlu, Xan Şuşinski, daha kimlər...

Yeni il gecəsi Böyük Sərkərdəmiz İlham Əliyev cənabları qəhrəman xalqına müraciət edəcək və uzun illərdən sonra ilk dəfə bu ifadəni işlətməyəcək: «Bir gün Şuşaya qayıdacağıq, inşallah, bir gün bayrağımız Qarabağda dalğalanacaq». Artıq bu ifadəni işlədəcək: «Gözümüz aydın, Azərbaycanın qəhrəman oğullarının canı və qanı ilə qazandığı Şuşada və Qarabağın hər bölgəsində üçrəngli bayrağımız dalğalanır və sonsuzadək dalğalanacaq. Qarabağ Azərbaycandır!» deyəcək. Hər birimiz o bəxtəvər anın sevincini doya-doya yaşıyacağıq. Ürəyimizdən bu hisslər keçəcək: «Nə xoşbəxtsən, Azərbaycan, Ordun Şuşadan, Ağdamdan, Kəlbəcərdən, Cəbrayıldan, Zəngilandan, Füzulidən, Qubadlıdan raport verir. Şuşa məscidindən

28 il sonra azan səsləri ucalır. Duaların qəbul oldu, uca Millətim, dünya durduqca var ol!».

Biz işığı qaranlıqda gördük. Əzəldən əbədə belədir, iynə gözü qədər işıqlar ən qatı qaranlıqda görünür. Qəhrəmanlıq, o iynə gözü qədər işığı buraxmamaqdır. Biz də millət kimi təkvücud olaraq tariximizə və taleyimizə düşən işığa sarıldıq, heç buraxmadıq. İşığa çıxmaq üçün oğullarımız bir ovuc torpaq olmaqdan qorxmadılar, aslan ürəkli övladlarımız canlarını düşmənə sipər etdilər. Zəfər anı cibində insanlarla deyil, fatehlərlə, canını yurduna sipər edənlərlə qazanılır.

Yaşamaq üçün başqa bir səbəbimiz də var - Azərbaycan yeni dövrə başlayır, yeni bir miladına. Əlbəttə, dünyada hələ mürəkkəb və ziddiyyətli proseslər, ədalətsizliklər, ikili standartlar davam edir və edəcək də. Güclülər zəiflərin haqqını tapdayır. Biz bunları gördük, ən ağır şəkildə yaşadıq. Bundan sonra basdığımız hər addımda düşünəcəyik, ayağımızı basdığımız bu torpağın hər qarışı uğrunda övladlarımızın qanı axıb, hər qarış torpağın altında müqəddəslərimiz yatır. Daima güclü olmalıyıq. Bunun da birinci yolu birliyimizdir. Dünyanın harasında yaşamağımızdan, çalışmağımızdan asılı olmayaraq, təkvücud olmağa davam edəcəyik.

Şəhidlərimizi ağlayaraq deyil, sevərək, yaşıyaraq yaşadacağıq. Bizə əmanət etdikləri vətən torpağında alaca gözlü ocaqlarımız çatılacaq, çaylarımız axacaq, yamaclarda sürülərimiz otlayacaq, ağaclarımız çiçəkləyəcək, ev olacağıq, yurd olacağıq, əkib becərəcəyik torpağımızı. Dədəmiz Qorqud dediyi kimi, qorumasan əkib becərməyə dəyməz. Əkib-becərməsən qorumağa.

Heç üzülməyəcəyik, bayramlarımızı bayram edib, üzüntülərimizi layiq bir şəkildə qeyd edəcəyik. Yorulmadan, usanmadan, bu torpaqları bizə yurd, vətən edən oğullarımızın müqəddəs ruhları qarşısında borcumuzu yerinə yetirəcəyik. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda birlikdə olacağıq. Yalnız bu halda Azərbaycanı qoruya, yüksəldə, müqəddəsatımız olan şəhidlərimizin ruhunu sevindirə bilərik.

 

Əminə YUSİFQIZI,

Respublikanın əməkdar jurnalisti


1952 oxunub

InvestAZ