XƏBƏR LENTİ
03 İyul 2022
02 İyul 2022
01 İyul 2022
30 İyun 2022



Telman Əhməd oğlu Ağdamski A DDU-nun professoru, kimya elmləri doktoru, qabaqcıl təhsil işçisi, Əməkdar müəllim, Y.Məmmədəliyev mükafatı və “Üzeyir Hacıbəyli” fəxri medalının laureatı ELM VƏ TƏHSİL FƏDAİSİ, TƏŞKİLATÇISI Unudulmaz müəllimim haqqında xatirələrim
Elm 11:48 / 24.12.2020

 

 

Dünya şöhrətli kimyaçı, görkəmli alim və həm də müdrik İnsan olan Azərbaycan xalqını, onun elm və mədəniyyətini dünya tarixinə özünün qızıl hərfləriylə yazan tarixi şəxsiyyətlərimizdəndən biri də Yusif Heydər oğlu Məmmədəliyevdir.

Öncədən xatırladım ki, Yusif Məmmədəliyev qeyri-adi elmi-pedaqoji qabiliyyəti və məharəti, parlaq zəkası, elmdə həmişə yeni istiqamət açmağa çalışması və bu sahədə dəyərli müvəffəqiyyətlər əldə etməsi ilə ölkəmizin hüdudlarından çox-çox uzaqlarda diqqəti çəkmiş və özünün halal şöhrətini qazanmışdır.  Belə ki, hər bir xalqın həm ictimai, həm də fərdi çalarlara malik olan övladları mütləq mənada öz xalqına başucalığı gətirir. Bu mənada seçilmişlər digərlərindən, bütünlükdə öz çevrələrindən həm fərd olaraq, həm də istedad olaraq seçildiklərini heç vaxt bəyan etmirlər. Onları zaman seçir, yaşadır və onlara əbədi bir ömür bəxş edir. Bax, bu anlamda şöhrətləri şəriksiz olan müdriklər arasında  Yusif Məmmədəliyevin dayandığı mövqe danılmazdı və hər tərəfdən də görünür. Ona hansı bucaq altından baxırsan bax, dayandığı nöqtə Yusif Məmmədəliyev NÖQTƏSİ olmaqla diqqəti çəkir.

Bu da məlumdur ki, hər bir insan təkcə istedadı ilə deyil, yaradıcılıq potensialını ortaya qoymaqla bahəm, həm də bir vətəndaş, bir Allah bəndəsi olaraq əməllərilə də önəmli olur. Yəni saydığımız bu çalarlar istedad sahibində birləşəndə onun nuru da, bəşəriyyətə etdiyi töhfələri də daha böyük qiymətə layiq olur. Bax, bu mənada xeyirxah əməllərinin sayı-hesabı olmayan, göstərdiyi qayğı və diqqətlə hər kəsdən seçilən Yusif Məmmədəliyev mənim üçün insanlıq etalonudur. Ona görə də o həm ustadım, həm müəllimim, həm xeyirxahım, həm də xalqımın böyük oğlu kimi hər an xatirimdədi, yaddaşımdadı. Tam səmimi şəkildə etiraf edirəm ki, bugünkü mövqeyimə, bugünkü durumuma görə, hər zaman ona minnətdaram və bu minnətdarlıq hissi mənim həyat kredomdur.

Hər dəfə elmi disskusiyalar, xatirə söhbətlər, eləcə də doğum tarixi ilə bağlı məqamlar dilə gətiriləndə özümü yenə də onun qarşısında tələbə kimi görürəm. Elə həmin məqamda da çiynimdə onun əlini, yolumda yandırdığı işığın şölələrini hiss edirəm. Bu müdrik, bu ipəkdən də yumuşaq insanın mənim üçün nə qədər əziz olduğunu sözlə ifadə etmək heç də asan deyil. Amma qürurverici, xöşbəxtliyin özü qədər şirin olan bir an var. O da mənim Yusif Məmmədəliyevin tələbəsi olmağımdır.

Bugünkü kimi yadımdadır onunla ilk tanışlığım. 1953-58-ci illər idi. Mən Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil alırdım. Həmin vaxt bizə neft kimyası fənnindən mühazirəni Yusif Məmmədəliyev oxuyurdu. Burada onu da qeyd edim ki, Yusif müəllim həmin vaxt həm də universitetin rektorları olmuş ədəbiyyatşünas, tənqidçi alim Cəfər Xəndan və görkəmli geoloq Şəfaət Mehdiyevlə bərabər  çalışırdılar. Yəni bu insanların hər birini şəxsən görüb tanıdığımdan onları da xatirlayıb yada salmağı özümə borc bilirəm. Təbii ki, biz tələbələr Yusif müəllimin mühazirə saatlarını səbirsizliklə gözləyirdik. O, özünün aydın nitqi və məntiqli danışığı ilə hamımızın fikrini bir nöqtəyə cəmləyib və izah etdiyi mövzunu bizə çox ustalıqla "həzm” etdirirdi. Digər fənn müəllimlərindən fərqli olaraq Yusif müəllimin mühazirələrində auditoriyada yalnız onun səsi eşidilir və hamı da nəfəs almadan acgöz bir maraqla onu dinləyirdi. Neft kimyası fənnini o elə sevdirirdi ki,  hətta başqa və yuxarı kursların tələbələri onu dinləmək üçün bizə qoşulurdular. Burada bir məqam da var idi. Yusif Məmmədəliyev tədris etdiyi fənni digər sahələrlə də əlaqələndirir, fiziki kimya ilə xüsusi-üzvi kimyanı və digər kimya sahələrini elə əlaqələndirirdi ki, tələbə bir fənni dinləyəndə digərlərindən də xəbərdar olurdu. Bu isə həm onun pedaqoq kimi peşəkarlığından, həm də sahəsini mükəmməl bilməsindən xəbər verirdi. O, tələbələrə mühazirəni söylədiyi zaman bəzən auditoriyaya sualla müraciət edir, kimin nəyi anlamadığı ilə maraqlanır, lövhəyə dəvət edib təmkinlə mühazirənin mövzusunu şərh etməyə mənimsədiyini ifadə etməyə şərait yaradırdı. Bax, bu da mühazirəni canlandırır, onun asan mənimsənilməsinə kömək edirdi. Necə deyərlər, bir növü "canlı dərs” təşkil olunurdu və bu da tələbənin həm fənnə marağını, həm də mənimsəmə səviyyəsini artırırdı.

Yusif müəllimin dərslərində mən həmişə ön cərgədə oturur və o lövhəni yazıb dolduranda yavaşca ayağa qalxıb təmizləyirdim. O da mənə asta səslə "sağ ol, oğlum” deyirdi. Bax, onun bu pedaqoji təcrübəsini mən özüm üçün mənimsədim və gələcək müəllimlik fəaliyyətimdə bir növü onu təkrar etməyə başladım. Bu gün də auditoriyada olanda özümü həmin adətdən kənara çıxara bilmirəm.

1954-cü ildə Yusif Məmmədəliyev universitetin rektoru təyin olundu və bu da universitet həyatının daha da canlanmasına, onun elmi hüdudlarının genişlənməsinə əlavə bir təkan oldu. Təbii ki, bu vəzifə Yusif müəllimə imkan verdi ki, universitetin kimya fakültəsinin həyatını yeniləsin və canlandırsın. Yəni edilən dəyişiliklər kimya fakültəsinin tələbələrini bir növü önə çıxardı. Tələbə-Elmi Cəmiyyətinin fəaliyyəti daha da canlandı. Tələbələrin kafedralarda elmi işlərə cəlb olunması aktuallaşdı. Demək olar ki, kimya fakültəsində həyat qaynamağa başladı. Həm elmi baxımdan, həm də ictimai baxımdan kimya fakültəsi seçilməyə başladı. Keçirilən tədbirlər, xüsusilə Novruz bayramı, Yeni il şənliyi və digər əlamətdar günlərin qeyd olunması universitet həyatına öz müsbət təsirini göstərirdi. Burada bir məqam da Yusif müəllimin kimya elminə olan danılmaz sevgisi idi. Onu da qeyd edim ki, bu sevgini ona bağışlayan görkəmli kimyaçı alim Sadiq Hüseynov olmuşdu.

Yusif Məmmədəliyev kimya elminə olan sevgisiylə yanaşı, poeziyanın da vurğunu idi. Sonralar mən də bu nəticəyə gəldim ki, elm və poeziya arasında sıx bağlılıq var, onlar bir-birini tamamlayır. Çünki hər ikisi axtarışlara əsaslanır. Poeziyanın da, elmin də öz qanunauyğunluqları olmaqla yanaşı, onların ikisinin də fəlsəfi dərinliyi hər kəsi cəlb edir. Və bu elə bil hissdi ki, onu ancaq yaşamaqla duymaq mümkündür. Mən bu fikirləri yazarkən bir daha xatırlayıram ki, Yusif müəllimin masasının üstündə həmişə Azərbaycanın dəyərli şairlərinin kitabları olardı.

Universitetdə oxduğum illərdə mən də qarşıma məqsəd qoymuşdum ki, mütləq elmlə məşğuı olacam, araşdırmalar aparacam. Bunu mənim qarşıma məqsəd kimi qoyan da məhz Yusif müəllimin mənə verdiyi stimul, dəstək idi. Çünki Yusif müəllim öz həyatı ilə bağlı söylədiklərini düşündükcə mən də onun yolu ilə getməyi qərarlaşdırmışdım. Yusif müəllim deyirdi ki, 3 il müəllim işlədikdən sonra Moskva Universitetində təhsil alıb və burada görkəmli alim Nikolay Dmitriyeviç Zelinski ilə qarşılaşıb. Görkəmli alim, akademik Zelinski Yusif müəllimə "mənim tələbəm” deyirdi və onu öz övladı qədər sevib onunla qürur duyurdu. Çünki Yusif müəllim onun tələbələrinin ən yaxşılarının yaxşısı idi. Dəfələrlə beynəlxalq elmi konfranslarda birlikdə iştirak etmişdilər. Hətta bu yaxın illərdə Yusif müəllimin anım tədbiri ilə bağlı keçirilən beynəlxalq konfransa Zelinskinin oğlu da qatılmışdı. Bu da həmin ailənin Yusif müəllimə olan ehtiramının, sevgisinin bir göstəricisidir.

Akademik Yusif Məmmədəliyevin elmi uğurları ilə yanaşı, bir ziyalı müdrikliyi də həmişə diqqət mərkəzində olub. Buna görə də o, yaddaşımızda kimyaçı alim kimi alim kimi deyil, həm də ədəbiyyat, fəlsəfə, tarix sahələrini dərindən bilən, mədəniyyətimizin çalarlarını hər kəsə çatdıran və ürəyində xalqına böyük sevgi yaşadan bir insan kimi qalıbdı. Alimlik və insanlıq onun ən böyük titulu idi. Çünki bu titulu heç bir rəsmi göstərişlə, qərarla əldə etmək mümkün deyil. Bu, Allah vergisidi. Bu sevgi ilə isə Allah yalnız sevdiklərini mükafatlandırır.  Mən Yusif müəllimin tələbəsi kimi onun təkcə alimliyini yox, həm də böyük insanlığını zaman-zaman izləyib öyrənmişəm. Və hər dəfə də təzə bir çalar, təzə bir nüans tapmışam. Görmüşəm ki, bu insan tədqiqatlar aparanda nə qədər həssas olurdusa, qarşısındakı insana da o həssaslıqla yanaşır. Şəxsən mənim elm ardınca getməyimə, təhsilimi artırmağıma onun göstərdiyi diqqət və qayğı söylədiyim həmin xarakterin bir cizgisidir. Hər dəfə məni önə çəkən, məni həvəsləndirən, maddi sıxıntılarımı unutdurmağa çalışan Yusif müəllim deyirdi ki, sən bu işi davam etdirməlisən! Sözün deyilişi, yanaşma, münasibət məni ruhlandırırdı. Nəticələrimdən onun razı qalması ürəyimə bir rahatlıq gətirirdi.

Mən bu yazımda Yusif müəllimin etdiyi kəşflərin, qazandığı elmi uğurların adlarını ona görə çəkmirəm ki, bu uğurlar, bu adlar artıq tarixiləşib, əbədiləşib. Onların üzərində Yusif Məmmədəliyev möhürü var. Sadəcə, bir məqamı xatırlatmaq istəyirəm. 13 sentyabr 2004-ci il. Parisdə UNESCO-nun iqamətgahında dünya şöhrətli alimin 100 illiyinə həsr olunmuş möhtəşəm bir tədbir keçirilirdi. Həmin tədbirdə vurğulandı ki, Yusif Məmmədəliyevin əldə etdiyi böyük elmi uğurlar neft-kimya sənayesini ön cərgəyə çıxardı. Onun ixtiraları İkinci Dünya Müharibəsindəki qələbənin əsas şərtlərindən biri oldu. Zənnimcə, bu, Yusif müəllimin xidmətlərinə verilən qiymətin  bir nümunəsidir.

Müəllim haqqında danışmaq, xatirə yazmaq tələbə üçün həmişə çətin və məsuliyyətli olub. Amma mən həyatımın elmlə bağlı bütün anlarında  öz müəllimimi həmişə önümdə, qarşımda görmüşəm. Bu səbəbdən də onun barəsində fikir söyləmək, məsuliyyətini dərk edib həm də düşünmüşəm ki, mütləq o böyük insanın ürəyində olan abidəsinə göstərdiyim ehtiramı bir neçə sözlə bugünkü insanlara, oxuculara çatdırım. Axı gəncləri, xüsusilə tələbələrini böyük ürəklə sevən, onlara sabahın yolunu göstərən və hər birinə qarşı da diqqətli olan Yusif Məmmədəliyev mənim üçün insanlığın böyük mənada simvoludu. Elə bu məqamda bir xatirəni qeyd etmək istəyirəm.

1960-cı ildə Akademiyada  aspiranturaya qəbul keçirilirdi. Mən də qəbulda iştirak edirdim. Bu zaman dedilər ki, Akademiyanın prezidentinin təşəbbüsü ilə bütün institutlar üzrə qəbul olunanlar SSRİ-nin Moskva və digər şəhərlərinə göndəriləcəklər. Bax, onda Yusif müəllim aspirantiraya qıəbul olunanları özü şəxsən qəbul edərək hər kəsə məsləhətlərini verdi. Mənə növbə çatanda real vəziyyətimi ona danışdım. Axıra kimi məni dinlədi və dedi ki, sənə Moskvaya getmək mütləq lazımdı. Mən bunu sənə məsləhət bilirəm. Çətinliklərdən qorxma, get! Təbii ki, mən də getdim. 1961-ci ildə Moskvada onunla görüşdüm. O, qurultaya nümayəndə kimi gəlmişdi. Və mənə də MDU-nun yataqxanasında yer almağıma köməklik göstərdi. İkinci dəfə Moskvaya gələndə isə noyabr ayı idi. Bu dəfə də mənimlə maraqlandı və Bakıya dəvət etdi. 10 gündən sonra görüşməli idik. Lakin bu görüşümüz baş tutmadı. Xəbər tutdum ki, Yusif müəllim haqqa qovuşub. Bu günə qədər o ağrılı anı unuda bilmirəm. Çünki Yusif müəllim alim kimi də, insan kimi də unudulması mümkün olmayan müdriklərdən, müqəddəslərdən biri idi. Allah ona rəhmət eləsin!


 


 

 

 


9605 oxunub

InvestAZ