XƏBƏR LENTİ
18 Aprel 2021
17 Aprel 2021
16 Aprel 2021



“Fransa dövləti erməninin əlində oyuncağa çevrilib"
SİYASƏT 15:11 / 08.12.2020

"Fransa Milli Assambleyasının qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə əlaqədar qəbul etdiyi qərar Azərbaycan xalqının tarixi qələbəsinə kölgə sala bilməz. Bu sənədin heç bir hüquqi əsası yoxdur və o beynəlxalq hüquq normalarına ziddir. Çünki, Azərbaycan əraziləri BMT tərəfindən təsdiqlənib və Dağlıq Qarabağ ölkəmizin tərkib hissəsidir.” Bu sözləri Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, belə olan halda, qəbul olunmuş hərhansı bir sənəd əhəmiyyətsizdir və beynəlxalq aləm tərəfindən qəbul edilə bilməz.

"Fransa dövlət rəhbərlərinin və parlament üzvlərinin Azərbaycana düşmənçilik münasibəti başadüşüləndir və onların qatı ermənipərəst mövqeyini əks etdirir. Beynəlxalq norma və prinsplərə zidd olan bu hallar əslində Fransanın demokratik imicinə çox ciddi zərbədir, eləcə də Azərbaycanla münasibətlərin korlanmasına, kəskinləşməsinə və əlaqələrin kəsilməsinə zəmin yaradır. Çünki, Fransa dövləti, artıq hiss olunur ki, bir qrup erməninin əlində oyuncağa çevrilib və onların diqtəsi ilə işləyir. Azərbaycan dövləti Fransa ilə münasibətlərin kəskinləşməsi üçün lazım olan bütün tədbirləri, elə bilirəm ki, görəcəkdir. Çünki, Fransa ATƏT-in Minsk Qrupunin Həmsədr ölkələrindən biri olduğu halda münaqişənin sülh yolu ilə, beynəlxalq normalara uyğun həll olunmasında uzun illər heç bir təşəbbüs göstərməmiş, əksinə, dövlətimizin əleyhinə fəaliyyət göstərərək, bu münaqişənin uzadılmasına demək olar ki, yardım etmişdir. Minsk Qrupunun fəaliyyətsizliyini görən və Ermənistanın gündən-günə artan aqressivliyini hiss edən Azərbaycan Ordusu BMT Təhlükəizlik Şurasının, Ermənistan Silahlı Birləşmələrinin işğal etdikləri əraziləri qeyd-şərtsiz azad etmələri barədə 4 qətnaməsini yerinə yetirməli olmuş və torpaqlarımızı təcavüzkarlardan təmizləmişlər. Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan Cənab İlham Əliyevin dəfələrlə dünyaya bəyan etdiyi kimi, bu bizim haqqımızdır və ordumuz tarixi ədaləti bərpa edərək, düşmən üzərində qələbə çalmış, ata-baba yurdlarını təcavüzkarlardan azad etmişdir. Buna görə də heç bir əsassız qərar və qətnamə Azərbaycan xalqının iradəsini qıra bilməz və haqlı mübarizəmizi dayandırmağa qadir deyil. Təcavüzkarlara kömək edənlərin saxta bəyanatları, qərar və göstərişləri qəhrəman xalqımız üçün gərəksiz bir kağız parçasıdır və bu, elə bilirəm ki, bütün dövlətlər tərəfindən kəskin etirazla qarşılanmalıdır. Çünki, beynəlxalq aləm və sülhsevər bəşəriyyət bu gün Azərbaycan xalqının əldə etdiyi qələbələri yüksək qiymətləndirir və bu qələbələr nəinki Azərbaycanı erməni təcavüzkarlarından azad edilməsi, eləcə də Qafqazda sülhün bərqərar olması, dünyada faşizmin, faşizm ideologiyasının kökünün kəsilməsi üçün çox əhəmiyyətli tarixi bir nailiyyət olmuşdur”, deyə Tahir Rzayev bildirib(sia.az).


4573 oxunub

InvestAZ