XƏBƏR LENTİ
28 Fevral 2021
27 Fevral 2021
26 Fevral 2021



Makron Məstəli şahsız Parisi partladır - Abid Tahirli yazır
YAZARLAR 10:29 / 07.12.2020

Azərbaycan ədəbi-mədəni, ictimai fikir tarixində misilsiz rol oynayan görkəmli mütəfəkkir, bənzərsizyazıçı-dramaturq, Mirzə Fətəli Axundzadənin düz 170 il əvvəl qələmə aldığı məşhur "Hekayəti-müsyö Jordan həkimi nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" komediyası digər əsərləri kimi ideyasına, məzmununa, dil, üslub və sənətkarlıq xüsusiyyətlərinə görə ədəbi irsimizin, milli sərvətimizin nadir nümunələrindəndir.

Əsərin süjeti, kompozisiyası, məzmunu tarixi bir hadisə-1848-ci ildə Fransada baş verən inqilabla sıx bağlıdır. Məsələ burasındadır ki, həmin hadisə komediyada dərviş Məstəli şahın Parisi dağıtmaq niyyəti ilə qurduğu planla eyni vaxta təsadüf edir. Əvvəlcə, bir qədər nəinki Fransanın, bütün Avropanın gələcək taleyinə təsir edən və bir çox cəhətlərinə görə bugünkü Fransanın ictimai-siyasi həyatına bənzəyən 1848-ci il burjua-demokratik inqilabı barədə qısaca bəhs etmək istərdik.

Kral Orleanlı Lui Filippin (bundan sonra oxu: Makron) rejimi, onun daxili və xarici siyasəti ölkəni uçuruma aparırdı. Koorupsiya, özbaşınalıq baş alıb gedirdi, kral Fransanın sərvəti dedikdə yalnız öz var-dövlətini başa düşürdü. Onun düşuncəsinə görə əgər o, yaxşı yaşayırsa bu o deməkdir ki, fransızların hamısı yaxşı yaşayır. Əslində isə ölkənin bütün sərvəti onun əhatəsindəki bir qrup dələduzun, antidemokratik ünsürün əlində cəmləşmişdi. Xalqın güzəranı getdikcə pisləşirdi. Sənaye, aqrar, ticarət sahəsindəki böhranlar ölkənin iqtisadiyyatını çökdürmüşdü. Vətəndaş hüquq və azadlıqları, demokratik dəyərlər boğulur, rejimdən narazı olanların sayı artır və hər yeri etiraz dalğaları böyüyürdü. Ölkədə toplantı və yığıncaq azadlığına, nümayişlərin kecirilməsinə qadağalar qoyulduğundan banket kompaniyaları (oxu: "sarı jiletlər”lər ,"qırmızı jiletlər”- in mitinqləri) fasiləsiz xarakter alırdı və nəticədə haqqında bəhs etdiyimiz inqilab başladı.

Dahi M. F. Axundov "Hekayəti-müsyö Jordan həkimi nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" əsərində hiyləgər, kələkbaz dərvişin və onun əlaltılarının çirkin əməllərini ifşa etmək üçün Fransa inqilabı hadisəsindən uğurla istifadə etmişdir, Məstəli şah sadəlövh, səmimi və açıq qəlbli Şəhrəbanu xanımı və digər qadınları aldatmaq üçün min cür dona girir, özünü tərifləyir, cadusunun hər şeyə qadir olduğunu söyləyir: "Məgər eşitməmisiniz ki, bir neçə şəyatinə əmr etmişəm ki, həmişə Şişə qalasında üsuli və şeyxi mollalarının arasında fitnə və fəsad salıb heç vaxt onları dinc qoymasınlar” ;, "...Əcinnələrə, ifritələrə hökm etdim ki, tamam Naxçıvan, Şərur mahallarının damlarını qaldırıb yer ilə yeksən etdilər ki, zərbindən Ağrı dağının bir tərəfi də qopub tökülüb Akur kəndini batırdı”;, "...xülasə, Murova desəm, yerindən qop, qopmazmı? Araza desəm, axma, axarmı?” və s.vəi..

Sadəlövh qadınlar Məstəli şahın dediklərini heyrətlə dinləyir, ona inanır və müsyö Jordanın Şahbaz bəyi Parisə apamaması üçün oranı dağıtmasını xahiş edirlər. Məstəli şah xeyli qızıl müqabilində cinləri və şeytanları ilə Parisi dağıdacağına söz verir...

İndi budur, nə Məstəli şah var, nə də onun cadusuna ehtiyac. Makron özü Parisi partladır...

06.12.2020.


7068 oxunub

InvestAZ