XƏBƏR LENTİ
17 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021



Ürəyi Vətən və xalq məhəbbəti ilə döyünən oğullar - Nurəddin ƏDİLOĞLU yazır
YAZARLAR 10:39 / 02.12.2020

Milli Ordumuzun rəşadəti sayəsində zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi haqqında hələ çox danışılacaq. Hərbi xronikalarda, bədii əsərlərdə, sənədli filmlərdə əksini tapacaq bu döyüşlər tariximizə qızıl hərflərlə yazıldı. Aradan illər ötəcək, nəsillər dəyişəcək, ancaq bu döyüşlər Azərbaycanda daim fəxr və qürur hissi ilə xatırlanacaq.

Milli Ordumuzun həm müasir silahları, həm döyüş hazırlığı, ən əsası isə zabit və əsgərlərimizin mərdliyi, əzmi və zabitlərimizin peşəkarlığı qısa vaxt çərçivəsində düşmənin "məğlubedilməz ordusu”nu darmadağın edərək onun başıpozuq qruplaşmalardan ibarət olduğunu real şəkildə meydana qoydu. Düşmənin silahlı bölmələri üçün kabusa çevrilən Azərbaycan Ordusunun güclü olduğunu hətta ermənilərin yüksək çinli zabitləri də etiraf etdilər: "Azərbaycan əsgərləri ilə döyüş zamanı elə təəssürat yaranırdı ki, sanki dəniz dalğası ilə döyüşürük. 400 nəfərdən ibarət kolonu görüb atəş açırdıq. Amma onların ardınca iki dəfə çox qüvvə gəlirdi. Əsgərin çiyninə güllə dəyir, o isə bunu sanki hiss etmirdi. Terminator kimi üzərimizə gəlməkdə davam edirdi. Əlbəttə, bu cür qüvvəyə qarşı tab gətirmək mümkün deyildi...”

Döyüş zamanı yaralanan silahdaşlarını çiyninə alıb yüksəklikləri fəth edən döyüşçülərimizin igidliyi dillərdə əzbərdir. Güclü ordunun əsgəri də mətin olur, Vətənin, xalqın haqlı mübarizəsinin önündə gedir, ölüm-dirim savaşında rəşadət göstərir. Bu Vətən müharibəsində ordumuzun əsgər və zabitləri, savaşa könüllü qatılan Azərbaycan oğulları qəhrəmanlıq, hərb sənətində cəngavərlik nümayiş etdirdilər. İllərlə həsrətində olduğumuz ana yurdun torpaqlarını qanı-canı bahasına işğaldan azad edən, Qarabağ səmasında üçrəngli bayrağımızı dalğalandıran hərbçilərimizə indi körpədən tutmuş, ahıl yaşına çatmış hər kəs böyük rəğbət bəsləyir. Şəhidlərimizə Allahdan rəhmət diləyir, dövlət bayrağımızla birgə şəhər və kəndlərimizin ən mötəbər guşələrini qəhrəman əsgər və zabitlərimizin şəkilləri ilə bəzəyirlər.

Təbii ki, belə igid oğulların həyatı, döyüşlərdə göstərdiyi şəxsi nümunə gənc nəsilin hərbi vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacaqdır.

Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşı aparan ərənlər cərgəsinə iki dəfə Sovet İttifaqı Qəhrəmanı general Həzi Aslanovun davamçıları olan cəsur tankçılarımız Amid və Pərvin Həsənov qardaşları da şərəfli iz qoyublar.

Qeyd edək ki, qardaşlar bu ilin sentyabrın əvvəllərində Moskva vilayətinin Alabino hərbi poliqonunda keçirilən "Tank biatlonu - 2020" yarışının final estafetində iştirak ediblər. Rusiya, Çin və Belarus komandaları ilə yarışan Azərbaycan tankçıları final mərhələsində 16 ölkə arasında dördüncü yeri tutublar. Ölkəmizi dünya tankçılarının yarışlarında təmsil edən qardaşlardan biri - Pərvin Həsənov sentyabrın 27-dən "dəmir pələngi” ilə Vətən müharibəsinə qatılıb, sərrast atışla düşmənin neçə-neçə hədəfini darmadağın edən cəsur tank heyəti sədləri aşaraq irəliyə - zəfərə doğru irəliləyib. Cəbrayıl rayonu istiqamətində döyüşlərdə ağır yaralanıb. Sol qolu amputasiya olunan Pərvin Həsənov artıq sağalıb və bugünlərdə doğma el-obasına –Masallı rayonunun Xırmandalı kəndinə qayıdıb. Cəsur tankçımızı həmkəndliləri böyük coşqu ilə qarşılayıblar. Hərbçimizin anası Şəfayət Həsənova döyüşə atılan doğma övladlarına "ya şəhid ol, ya qazi deyən” mərd Azərbaycan qadınlarındandır. Deyir: "İki oğlum cəbhədə idi. İkisi də tankçıdır. Biri qazi olaraq gəlib, digəri isə tank komandiridir. Fəxr edirəm ki, belə övladlarımız var, lazım gəlsə bu oğlumu yenə Vətən naminə savaşa yollayarram, təki Vətən sağ olsun!"

Pərvinin atası Telman Həsənov deyir ki, mən təkcə öz oğlanlarımla deyil, torpaqlarımızın azadlığı uğrunda döyüşən bütün əsgər və zabitlərimizlə qürur duyuram. Bütün şəhid analarının önündə baş əyirəm.

Bəli, bu, bizim sevdiyimiz, fəxr etdiyimiz, güvəndiyimiz ordumuzun qoçaq əsgər və zabitlərinin ata-analarının ürək sözləridir.

Şəkildə. Cəsur tankçı Pərvin Həsənov doğma kəndində böyük sevinc hissi ilə qarşılanarkən.


2818 oxunub

InvestAZ