Qarabağda yeraltı hərbi kommunikasiyalar...
AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan
bildirilib ki, iclası müəssisənin direktoru, akademik Akif Əlizadə
açaraq, 30 il işğal altında qalmış torpaqlarımızın azad edilməsinin
tarixi əhəmiyyətindən və bu ərazilərin yenidən elmi tədqiqatlara cəlb
edilməsinin önəmindən bəhs edib. O, bu prosesdə institutun alim və
mütəxəssislərinin üzərinə düşən vəzifələri nəzərə çatdırıb.
A.Əlizadə daha sonra şura üzvlərini iclasın gündəliyində duran
elmi-təşkilati məsələlərlə tanış edib. Akademik GGİ-də bərpa olunan
enerji mənbələri və mineral xammalın tətbiqi texnologiyasının
işlənilməsi istiqamətlərində aparılacaq fənlərarası elmi-tədqiqat işləri
ilə bağlı ətraflı məlumat verib.
Yığıncaqda geologiya-minerologiya üzrə elmlər doktoru Abdulvahab
Muxtarov "Azərbaycanın geotermal atlası və geotermal enerji resursları
kadastrının tərtib edilməsi” mövzusunda elmi-tədqiqat işi üzrə yekun
hesabatı təqdim edib, sualları cavablandırıb.
İclasda, həmçinin akademik Fəxrəddin Qədirovun "Qarabağ ərazisində
mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki üsullarla aşkar
edilməsi və geoloji təhlükələrin qiymətləndirilməsi” mövzusunda
elmi-tədqiqat işinin proqramı maraqla qarşılanıb, geniş müzakirələr
aparılıb, təkliflər səsləndirilib. Həmçinin Geologiya və Geofizika
İnstitutunda Bakı Dövlət Universitetinin Seysmologiya və Yer təkinin
fizikası kafedrasının filialının fəaliyyəti haqqında F.Qədirovun
hesabatı dinlənilib.
Bundan əlavə, institutda koronavirus pandemiyasına qarşı profilaktik tədbirlərin gücləndirilməsi qərara alınıb.(publika.az)
1154 oxunub