AZƏRTAC müraciəti təqdim edir.
"Əziz həmvətənlər.
Böyük
sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu.
Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın
rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə
atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş
meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı
ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu
rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq.
Laçın
rayonu ölkəmizin ən böyük rayonlarından biridir, ərazisi 1800
kvadratkilometrdir. Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri,
yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun
Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır.
İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu
gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm.
Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali
yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki,
laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas
vəzifələrimizdən biri olacaqdır. Həmçinin biz çalışacağıq ki, keçmiş
məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa
müddət ərzində qaytaraq.
Əlbəttə, işğaldan azad
edilmiş torpaqlarda mövcud olan mənzərə böyük çətinliklər yaradır.
Çünki hər tərəf dağıdılıb, infrastruktur dağıdılıb, binalar sökülüb,
inzibati binalar sökülüb. Hazırda o yerlərdə yaşamaq üçün şərait yoxdur.
Ancaq biz o bölgələri, bütün rayonları bərpa edəcəyik,
vətəndaşlarımızın normal həyatı üçün bütün addımları atacağıq.
Bildiyiniz kimi, ilk layihələr artıq icra edilməyə başlanmışdır.
Prezidentin ehtiyat fondundan müvafiq vəsait ayrılmışdır. Füzuli-Şuşa
avtomobil yolunun, Bərdə-Ağdam dəmir yolunun tikintisi artıq
başlanmışdır. Bu, onu göstərir ki, biz bu işləri maksimum səmərə ilə və
eyni zamanda, qısa müddət çərçivəsində planlaşdırırıq ki, vaxt itirmədən
bütün işləri təşkil edək. Artıq müvafiq dövlət qurumu da yaradıldı və
bu işlərin hamısı koordinasiya şəklində aparılacaqdır.
Laçın
rayonunda bizim böyük meşə sahələrimiz var - ərazinin 22 min hektarı
meşə sahəsidir. Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24
min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min
hektar və eyni zamanda, işğaldan azad edilmiş Hadrut rayonunda və
Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır. Meşələr
isə planetimizin ağ ciyəridir. Mənfur, vəhşi düşmən bizim meşələrimizi
30 il ərzində qırıb, talayıb və son müddət ərzində yandırıb. Buna
baxmayaraq, meşə sahələrimizin böyük hissəsi toxunulmaz qalıb, çünki
düşmən o meşələrə dırmaşa bilməyib, o, ucqar dağ massivlərində yerləşir.
Əlbəttə, dağıdılmış və məhv edilmiş infrastrukturun, o cümlədən
kəsilmiş ağacların bərpası da diqqət mərkəzində olacaqdır.
Onu
da bildirməliyəm ki, bizim böyük çayımız - uzunluğu 100 kilometrdən çox
olan Həkəri çayının mənbəyi Laçın rayonundadır. Bu da böyük strateji
əhəmiyyətə malik olan məsələdir. Deyə bilərəm ki, bizim 10-dan çox böyük
və kiçik çayımızın mənbəyi işğaldan azad edilmiş torpaqlardadır.
Onların arasında 4 çayı xüsusilə qeyd etmək istərdim. Çünki bu çayların
uzunluğu 100 kilometrdən çoxdur. Tərtərçay 200 kilometr, Bazarçay 180
kilometrə yaxın, Xaçınçay 120 kilometrə yaxın – bu 3 çay Kəlbəcər
rayonunda yerləşir. Həkəri çayı da böyük çaylarımızdan biridir, uzunluğu
100 kilometrdən çoxdur. Bunun çox böyük əhəmiyyəti var. Çünki
Azərbaycan ərazisindən keçən bizim əsas çayların mənbələri başqa
ölkələrdə yerləşir - Kür çayı, Araz çayı, Samur çayı. Bizim bu 3 əsas
çayımızın mənbələri başqa ölkələrdə yerləşir. Əlbəttə ki, 4 böyük çayın
mənbəyinin ölkəmizin ərazisində olması böyük üstünlüyümüzdür. Ancaq bu
ərazilər işğal altında idi. İndi bu ərazilər işğaldan azad edilib.
İşğaldan azad edilmiş torpaqların və orada həyatın bərpası üçün əlbəttə
ki, çay resurslarımızın çox böyük əhəmiyyəti olacaqdır. Artıq müvafiq
göstərişlər verilib və su anbarlarının tikintisi nəzərdə tutulur. Bu,
özlüyündə kənd təsərrüfatının inkişafına, ekoloji tarazlığın təmin
edilməsinə çox böyük təsir göstərəcək amillərdən biridir.
Bütövlükdə
azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm
potensialı çox böyükdür. Biz bu potensialdan məharətlə istifadə edərək
Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən
birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq.
Laçın
rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon
ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz
kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir.
Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində
idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin
versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması
ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu
dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab
edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı
qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin
versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan
azad olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında
bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən
buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası
tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini
təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən
bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi
bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr
nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr
eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim
üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi
təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir.
Onu
da bildirməliyəm ki, uzun illər ərzində - 30 ilə yaxın aparılan
danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın
dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi
müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki,
bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki,
bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın
mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə
azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi
məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə
qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox.
Misal üçün, əgər Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarına
baxsaq, orada daha çox hərbi hissələr yerləşirdi. Çünki orada bütün
evlər, binalar mənfur düşmən tərəfindən dağıdılmışdı. Orada hərbçilər,
onların ailə üzvləri yaşayırdı və çox az sayda mülki əhali yaşayırdı.
Xaricdən gətirilən ermənilər oraya göndərilmirdi. Laçın rayonu isə artıq
Ermənistan tərəfindən çox ciddi dərəcədə nəzarətə alınmışdı və orada
çox böyük məskunlaşma proqramı icra edilmişdi. Orada minlərlə insan
yaşayırdı və bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan
yaşayırdı. Yəni, Ermənistan rəhbərliyində Laçın rayonunu Azərbaycana
qaytarmaq fikri olmamışdır. Biz Laçın dəhlizi haqqında danışıqlar zamanı
mövzulara toxunarkən həmişə həm Ermənistan, həm də onun havadarları
qeyd edirdilər ki, yox, Laçın rayonu ayrı mövzudur. Birbaşa bizə
deyilməsə də, belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa
formada Ermənistana qalmalıdır.
Danışıqlar
prosesi ilə əlaqədar onu da bildirməliyəm, - istəyirəm Azərbaycan xalqı
bu məlumatı məndən eşitsin, - təsadüfi deyil ki, işğalda olan rayonların
Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi.
Bu, bizim mövqeyimiz idi. Ancaq burada da mərhələli həll nəzərdə
tutulurdu. Biz də bunun tərəfdarı idik. Birinci mərhələdə 5 rayonun
Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna
olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması.
Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon
Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda
öz həllini tapmalıdır. O başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq,
danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu
bizə qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi
belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər
rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın
müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni
tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa
müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını
Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü
də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında
olan məsələlər.
Mən
deyə bilərəm, bu 17 il ərzində dəfələrlə bizə müxtəlif yerlərdən,
xarici dairələrdən belə siqnallar gəlirdi ki, indi beş rayonu alın,
bununla da kifayətlənin. Siz müharibədə məğlubiyyətə uğramısınız,
Ermənistan müharibədə, - Birinci Qarabağ müharibəsi nəzərdə tutulurdu, -
qələbə qazanıb. Siz reallıqlarla razılaşın. İndi beş rayon ki, sizə vəd
verilir, o da böyük şeydir, siz onu alırsınız, Laçın, Kəlbəcər də
qalsın sonraya, siz nə vaxt müstəqillik versəniz Dağlıq Qarabağa, o vaxt
da o rayonların bir hissəsi sizə qayıda bilər.
Mən
isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər və Şuşa Azərbaycana qayıtmasa,
heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir
çoxlarını qıcıqlandırırdı. Mən deyirdim ki, bizim ərazi bütövlüyümüz
bərpa edilməlidir. Deyirdim ki, müharibə variantı heç vaxt istisna
olunmur. Nəinki deyirdim, bütün bu illər ərzində bütün gücümüzü səfərbər
edib ölkəmizi gücləndirirdik, güc toplayırdıq - həm beynəlxalq
müstəvidə, həm ölkə daxilində, həm iqtisadi məsələlərin həllində,
ölkəmizdə həmrəyliyin və birliyin möhkəmlənməsində, ordu quruculuğunda
güc toplayırdıq. Bu gücü dəmir yumruq formasına gətirdik, düşmənin
belini qırdıq və bu gün biz yeni reallıq yaratdıq. Əgər hətta bir il
bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla
barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır.
Noyabrın 10-da imzalanmış Bəyanata əgər kimsə müdaxilə etmək istəsə,
bizim sərt mövqeyimizi görəcək. Belə cəhdlər var. Bu cəhdlərin bir
məqsədi var ki, bu razılaşma pozulsun. Çünki bu razılaşma bəzilərini çox
qıcıqlandırır ki, artıq burada yeni təhlükəsizlik formatı yaranıbdır.
Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması bəyanatda təsbit edilib.
Eyni zamanda, burada təhlükəsizlik tədbirlərinin görülməsi və Bəyanatın
müddəalarının icra edilməsi bəzilərini qıcıqlandırır. Ancaq bizim
işimizə, əldə edilmiş razılaşmaya heç kim müdaxilə edə bilməz. Razılaşma
icra edilir və icra edilməlidir.
Bir
daha demək istəyirəm ki, biz yeni reallıq yaratdıq, qələbə çaldıq,
düşmənin başını əzərək, düşməni torpaqlarımızdan qovaraq yeni reallıq
yaratdıq. Hər kəs bu reallıqla barışacaq, məcbur olub barışacaq, necə
ki, Ermənistan barışdı. Bu Bəyanatın altında Paşinyanın imzası var. Bunu
o imzalayıb, məcbur olub. O, əslində, kapitulyasiya aktına öz imzasını
qoyub. Ermənistan ya tamamilə məhv olacaqdı, ya da ki, imzalayacaqdı.
Başqasının buna nə dəxli var? Hər kəs getsin öz işi ilə məşğul olsun.
Bölgəmizdə
yeni reallıq yarandı. Bu reallığı biz yaratdıq. Azərbaycan yaratdı bu
reallığı. Biz düşməni torpaqlarımızdan qovduq. Biz BMT Təhlükəsizlik
Şurasının qətnamələrini yerinə yetirdik. Bu qətnamələr 27 il idi ki,
kağız üzərində qalırdı. Bu qətnamələr 27 il idi ki, sadəcə olaraq, bir
çoxları üçün kağız parçası idi, təkcə Ermənistan üçün yox, başqaları
üçün də. Biz deyirdik ki, beynəlxalq hüquq bizim tərəfimizdədir, BMT
Təhlükəsizlik Şurasının qətnamələri tələb edir, işğalçı qüvvələr
torpaqlarımızdan çıxsın. Amma bunun nəticəsi olmadı. Biz beynəlxalq
hüquq praktikasında və bölgəmizdə yeni reallıq yaratdıq. Biz BMT
Təhlükəsizlik Şurasının qətnamələrini icra etdik. Biz ərazi
bütövlüyümüzü bərpa etdik. Biz işğala son qoyduq. Ümid edirəm ki, biz
bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq
formatını təşkil etdik. Bu format nədən ibarət olacaq, bunu həyat
göstərər. Hər halda biz bu yeni əməkdaşlıq formatının yaradılması üçün
lazımi işləri gördük, öz torpaqlarımızdan düşməni qovduq və noyabrın
10-da imzalanmış Bəyanatda göstərilən məsələlər əgər bu gün öz həllini
taparsa, onda bölgəmizdə yeni əməkdaşlıq çərçivələri yaradılacaqdır.
Ona
görə Laçın rayonunun bizə qaytarılması, əlbəttə ki, tarixi məsələdir.
Biz müharibə zamanı təqribən 5 min, 5 min kvadratkilometrə yaxın ərazini
döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni
zamanda, təxminən bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini
artıq sülh yolu ilə qaytardıq. Əlbəttə, buna sülh yolu ilə qaytarmaq
demək olmaz. Biz düşməni məcbur etdik və düşmən artıq uçurum kənarında
idi, tamamilə məhv olurdu. Onun başqa yolu yox idi, ya tamamilə məhv
olacaqdı, ya da ki, kapitulyasiya aktına imza atacaqdı. Baxın, görün
bizim həm hərbi, həm siyasi müstəvidə nə qədər böyük uğurlarımız var.
Uzun illər nə qədər düşünülmüş siyasət aparmışıq. Bir çox hallarda bu
siyasətin əlamətlərini ictimaiyyətə təqdim edə bilmirdik. Çünki sadəcə
olaraq, bu, konfidensial məlumat idi və bizim planlarımızın
reallaşmasına müdaxilə edə bilərdi. Amma çox dəqiq, məqsədyönlü, ardıcıl
siyasət apararaq bir nöqtəyə vururduq, bir məqsədimiz var idi -
torpaqlarımızı düşməndən təmizləmək. Buna nail olduq, həm döyüş
meydanında, həm danışıqlar masasında və razılaşma yolu ilə. Mən deyəndə
ki, məsələnin hərbi yolu var, bunu nəzərdə tuturdum. Əgər düşmənin
başını əzməsəydik, o, heç vaxt öz xoşu ilə bu torpaqlardan çıxmazdı.
Düşmən bu işğalı əbədiləşdirmək istəyirdi və onların bütün çirkin
əməlləri bu məqsədi güdürdü. Laçın rayonuna da bir eybəcər erməni adı
vermişdilər. Artıq yoxdur bu ad, zibil yeşiyinə atıldı bütün başqa
eybəcər adlarla bərabər.
Laçın rayonunun işğal
altına düşməsi böyük faciə idi. Mən bir daha demək istəyirəm ki, hər bir
rayonun işğal altına düşməsi faciə idi. Amma Laçın rayonunun işğalı
imkan verdi ki, artıq Ermənistan ilə Dağlıq Qarabağ arasında yol
bağlantısı olsun. 1992-ci ilin may ayında Şuşanın işğalından bir neçə
gün sonra Laçının işğal altına düşməsi böyük itkimiz idi. Artıq
Ermənistan bu dəhliz vasitəsilə silah-sursat, canlı qüvvə göndərirdi.
Əlbəttə ki, bu, böyük itkilərə gətirib çıxardı. Ondan təxminən bir il
sonra Kəlbəcər rayonu işğal altına düşdü.
Demək
olar ki, bütün bunlar sonrakı işğal üçün zəmin yaratdı. Onu da bir daha
demək istəyirəm ki, Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət
uğrunda mübarizə gedirdi. Bu mübarizəni aparanlar Laçını, Şuşanı,
Kəlbəcəri düşmənə satdılar, demək olar ki, Azərbaycan dövlətçiliyini
uçurum kənarına qoydular. Biz bütün bu tarixi yaxşı xatırlayırıq. Bu gün
Laçın rayonunu bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad
etmək böyük qələbəmizdir.
Mən bir daha demək
istəyirəm, - artıq onu demişəm, - onsuz da biz Laçını da, Kəlbəcəri də,
Ağdamı da alacaqdıq. Bizim planlarımız var idi və biz ardıcıl şəkildə bu
planlara doğru gedirdik. Ancaq hər kəs bilməlidir ki, Kəlbəcər və Laçın
rayonlarının çox çətin relyefi var. Kəlbəcər rayonuna əvvəlki, sovet
dövründə gedən yol Ağdərə rayonundan keçirdi. Sovet vaxtında bu rayona
Mardakert deyilirdi, orada ermənilər yaşayırdı. Başqa yol demək olar ki,
yox idi. Biz indi Kəlbəcərə Göygöl və Daşkəsən rayonlarından daxil
olmuşuq. Xüsusilə qış mövsümünü, çətin relyefi nəzərə alsaq böyük
itkilərimiz ola bilərdi. Həm Ağdam, həm Laçın, həm Kəlbəcər rayonlarının
azad edilməsi işində böyük itkilərimiz ola bilərdi və böyük vaxt sərf
olunacaqdı.
Ona görə bizim qələbəmiz tarixi
Qələbədir. Biz bir neçə rayonu döyüş meydanında düşməndən azad etdik, üç
rayonu düşməni məcbur edərək qaytardıq və beləliklə, Dağlıq Qarabağ
münaqişəsini həll etdik. İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur.
Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu
gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən
bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti
çərçivəsində onların yaşayışı yaxşı olacaq. Onlar bu səfalətdən
canlarını qurtaracaqlar. Baxın, biz indi Bərdədən Ağdama dəmir yolu
çəkirik. Ağdamdan Xankəndiyə məsafə 20-30 kilometrdir. Amma Ermənistan
paytaxtından Xankəndiyə gəlmək üçün neçə saat vaxt sərf etmək lazımdır -
yük maşınları ilə bəlkə də on saat. Özü də çətin dağ yolları ilə.
Ağdamdan isə Xankəndiyə yarım saat.
Bu, gələcək
perspektivlərimizi diktə edəcək. Ona görə biz buna hazır olmalıyıq və
öz strategiyamızı, öz taktiki addımlarımızı elə atmalıyıq ki, bundan
sonra bu bölgədə bir dənə də təhlükə mənbəyi olmasın. Əlbəttə ki, bunun
qarantı Azərbaycan Ordusudur. Əgər bu bölgənin coğrafiyasına hər kəs
baxsa görər ki, bu gün Ermənistanı Dağlıq Qarabağla 5 kilometr enində
dəhliz birləşdirir.
Bu gün Dağlıq Qarabağda
yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün gələcək
yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər
var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu
məsələləri nəzərdən keçirəcəyik. Ermənistan rəhbərliyindən fərqli
olaraq, bizim strateji baxışlarımız var, bunlar artıq formalaşıb. Biz
məqsədə çatmaq üçün ardıcıl surətdə gedirik. Ermənistan rəhbərliyinin
hətta Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı heç bir
baxışı yox idi. Onlar özləri bilmirdilər nə istəyirlər. Gah deyirdilər
ki, Dağlıq Qarabağ "müstəqil dövlət”dir. Gah deyirdilər ki, "Dağlıq
Qarabağ Ermənistan”dır. Bu təzadlı fikirlər bir-biri ilə necə uzlaşa
bilər? Bu, nəyi göstərir? Onu göstərir ki, Ermənistan rəhbərliyi
savadsız, siyasətdən başı çıxmayan insanlardan ibarətdir. Yaxşı, bu,
müstəqil dövlətdirsə, onda sənin ordun orada nə iş görür? Əgər bu,
müstəqil dövlətdirsə, - hansı ki, heç kim tanımayıb, elə birinci
Ermənistan tanımayıb, - o necə ola bilər ki, Dağlıq Qarabağ Ermənistanın
baş nazirinin sözləri ilə desək, "Ermənistandır və nöqtə”. Ona görə
onların bu məsələ ilə bağlı da açıq-aydın fikri yox idi. Bu idi bizim
qarşımızda duran ölkə.
Əlbəttə, biz bir daha
görürük və artıq işğaldan azad edilmiş torpaqlarda olarkən bir daha
gördüm ki, onlar bizə bir santimetr də torpaq qaytarmaq istəmirdilər.
Əks-təqdirdə o istehkamları qurmazdılar. Onlar əbədi saxlamaq
istəyirdilər o torpaqları. Ona görə o saxta xəritələri düzəldirdilər.
Ona görə bizim şəhərlərimizə öz adlarını verirdilər. Ona görə xaricdən
erməniləri gətirib oraya yerləşdirirdilər. Hərbi cinayət törədirdilər və
cavab verəcəklər bütün cinayətlərə görə. Artıq işlər praktiki fazaya
keçibdir. Qiymətləndirmə prosesi tezliklə başlanacaq, vurulmuş ziyan
hesablanacaq. Artıq hüquqi müstəvidə addımlar atılır. Mən bunu artıq
bildirə bilərəm Azərbaycan xalqına. Hələ ki, detalları açmaq istəmirəm.
Amma bu, artıq niyyət deyil, bu, artıq praktiki addımlardır. Biz onları
bundan sonra da ifşa edəcəyik.
Azad edilmiş
torpaqlara xarici jurnalistlər dəvət olunur. Beynəlxalq media erməni
vəhşiliyinin nəticələrini işıqlandırır. Bu müddət ərzində Kəlbəcəri nə
günə qoyduqlarını işıqlandırır. Vəhşilər kimi gedib hər tərəfi söküb,
yandırıb, talayıb, meşələri yandırıb, kəsib. Özlərini burada, necə
deyərlər, əsrlərboyu yaşamış xalq kimi təqdim edirdilər. Əsrlərboyu
orada yaşamış xalq heç vaxt bunu etməz, bu vəhşiliyi etməz. Onlar orada
azərbaycanlıların evlərində yaşayıblar. Özləri üçün bir şey tikməyiblər,
daşı daş üstündə qoymayıblar, ancaq istismar ediblər. Bizim
torpaqlarımızı istismar ediblər. Mənə verilən məlumata görə, orada on
minlərlə hektarda taxıl əkilib, xüsusilə Ağdam, Füzuli, Cəbrayıl,
Zəngilan rayonlarında. Mənə verilən məlumata görə, Ermənistan işğal
edilmiş torpaqlarda ildə 90 min ton taxıl yığırdı. Ermənistanın işğal
edilmiş bu torpaqlarla birlikdə ümumi taxıl istehsalı 190 min ton olub.
Onun yarısını bizim torpaqlarımızdan götürürdü. Bu, torpaqlarımızın
qanunsuz istismarıdır. Buna cavab verəcək, dəymiş ziyanı ödəyəcək. İndi
onlar bundan məhrum oldular. İndi öz ərzaq təhlükəsizliyini necə təmin
edəcəklər? Orada böyük üzüm bağları mövcud idi. Mən Ağdam, Füzuli,
Cəbrayıl rayonlarına gedərkən yolboyu görmüşdüm ki, bir çox üzüm
bağlarımız dağıdılıb, orada köhnə şpalerlər qalıb. Amma bir çox yerlərdə
üzüm bağları saxlanılıb. Ondan istifadə edirdi, bizim suyumuzdan
istifadə edirdi, elektrik enerjisi istehsal edirdi. Vəhşi kimi gəlib
başqasının torpağına onu istismar edib, onun mənşəyini dəyişdirmək
istəyib, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi
abidələrimizi yerlə-yeksan edib, saxta tarix yaradıb, xəritələr dərc
edib. Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara, Qafqazda mövcud olan
davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir ki,
erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt
Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir.
Biz isə artıq haqq-ədaləti bərpa etmişik. Biz tarixi həqiqəti bərpa etmişik.
Prezident
seçiləndən sonra ilk mərhələdə münaqişənin həlli ilə bağlı ümidlərim
var idi. Çünki danışıqlar müəyyən dərəcədə gedirdi. Kiçik olsa da, bəzi
tərəqqi əldə edilmişdi, baza prinsipləri əsasında müəyyən addımlar
atılmışdı. İşğal edilmiş torpaqların geri qaytarılması məsələsi bizi
qane edirdi. Ancaq xalqların öz müqəddəratı prinsipinin ərazi bütövlüyü
prinsipi ilə bərabər səviyyədə tutulması bizi qane etmirdi. Amma son
illər mənim də, necə ki, Azərbaycan xalqının əksər hissəsinin bütün
ümidləri artıq tükənmişdi. Sadəcə olaraq, mən demişdim, bir daha demək
istəyirəm ki, nə vaxt nəyi etmək lazımdır, necə etmək lazımdır, hansı
məqamda nəyi etmək lazımdır, hər şey gərək ölçülüb-biçilsin. Elə zərbə
vurmalıyıq ki, düşmən o zərbədən ayılmasın. Elə zərbə vurmalıyıq ki,
düşmən bundan sonra daha baş qaldırmasın. Bu müharibə bizim şanlı
Qələbəmizdir. Biz fəxr edirik. Ancaq bizim vəzifəmiz ondan ibarətdir ki,
erməni faşizmi bir daha bu bölgədə baş qaldırmasın. Əgər kimsə
Ermənistana ikinci dövlət yaratmaq üçün ərazi vermək istəyirsə
versinlər, orada ikinci erməni dövləti yaratsınlar, öz ərazisinin bir
hissəsini onlara versinlər. Amma gəlib bizdən tələb etmək ki, tarixi,
hüquqi Azərbaycan torpağında erməni dövləti yaradılsın, bu, hansı
məntiqə sığır? Heç bir məntiqə, heç bir ədalətə sığmır. Sizin bizim
torpağımızda nə işiniz var? Min kilometrlərlə məsafədə yerləşən ölkələr,
indi qanunlar qəbul edirlər, parlamentlər bu məsələni müzakirə edirlər.
Nə işi var Fransa parlamentinin bizim məsələ ilə əlaqədar? Neçə ildir
Fransa Minsk qrupunun həmsədridir? Daşı daş üstə qoyub? Bir məsələnin
həlli üçün praktiki addım atıb? İndi məsələ həll olunandan sonra görün
nələr baş verir? Fransa Senatı qətnamə qəbul edir ki, Dağlıq Qarabağ
tanınsın. Sizin onlardan xoşunuz gəlirsə, mən müharibə dövründə
demişdim, verin Marsel şəhərini, onun adını dəyişdirin, onlara orada
ikinci dövlət yaradın. Amma bizim işimizə heç kim qarışa bilməz. Bir
daha demək istəyirəm ki, artıq "Dağlıq Qarabağ münaqişəsi” termini
arxada qalıb. Məsləhət görmürəm ki, bu termin artıq dillərdə olsun.
Ancaq tarix haqqında danışanda, əlbəttə ki, bu termindən istifadə etmək
olar.
Biz müharibə dövründə Ermənistan ordusunu
demək olar ki, məhv etdik. Mən müharibə dövründə müntəzəm olaraq
düşmənin hərbi texnikasının məhv edilməsi ilə bağlı Azərbaycan xalqına
məlumat verirdim. Artıq müharibə başa çatıb və bölgədə yeni dövr
başlayır. Amma istərdim ki, Azərbaycan xalqına məlumat verim. Biz
müharibə dövründə Ermənistan ordusunu necə məhv etmişik və nəyə görə
Ermənistan baş naziri o alçaldıcı kapitulyasiya aktına imzasını qoydu.
Məhv edilmiş Ermənistan ordusunun texnikaları:
Tank
əleyhinə vasitələr - 53 dənə, "Smerç” - dörd dənə, "Qrad” - 97 dənə,
"Uraqan” - 2, "YARS” - 1, TOS odsaçan - 1, "S-300” zenit-raket
kompleksləri - 7 atıcı qurğusu məhv edildi. İndi əgər təkcə bunun
qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər
böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir "S-300” radiolokatoru
və iki "S-300” aşkaretmə stansiyası məhv edildi. "Oborona” radiolokasiya
stansiyası - 1 dənə, "TOR” zenit-raket kompleksi - 5 dənə, "Osa”
zenit-raket kompleksi - 40 dənə, "KUB” zenit-raket kompleksi - 4 dənə,
"KRUQ” zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, "S-125”
zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə,
"Elbrus” əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1,
"Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5
dənə, "R-142” komanda qərargah maşını - 2 dənə, "Nebo-M” radiolokasiya
stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə,
"Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə.
Düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikaları:
Özüyeriyən
artilleriya qurğuları "Akasiya” və "Qvozdika” – 28-i məhv edilib, 5-i
qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si
hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si
qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət
götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb. Traktor – 10, "Şilka”
zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı
silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı
dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366
tank. Siyahı davam edir. Piyadaların döyüş maşını – 69-u məhv edilib,
47-si qənimət götürülüb. "Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük
avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb.
Bunlar
deməyə əsas verir ki, Ermənistan ordusu yoxdur, məhv etmişik. Bu ordu
onilliklər ərzində yaradılırdı. Bu orduya silahlar, sursatlar, ən müasir
texnika verilirdi, özü də pulsuz, bunu hər kəs bilir. İndi
mütəxəssislər getsinlər hesablasınlar, sadaladığım bu texnikanın qiyməti
bəlkə də bir neçə milyarddır. Bəziləri deyirlər ki, 3 milyarddan çox,
bəziləri daha çox. İndi hesablayarlar. Haradandır bu kasıb ölkədə bu
qədər pul? Ermənistanın xarici dövlət borcu 8 milyard dollardır. Valyuta
ehtiyatları təqribən 1 milyardın üstündədir. Bu ölkə borc içindədir.
Xarici dövlət borcu ümumi daxili məhsulun 60 faizini təşkil edir. Bu
ölkədə indi bütün iqtisadiyyat məhv olub gedir. Müharibədən sonra milli
valyuta kəllə-mayallaq getdi. Haradandır bu? Bu, bankrotdur. Bu, iflasa
uğramış ölkədir. Bu qədər pulu haradan ödəyib? Bir də ki, göstərsin
görüm, bu pulköçürmələrini necə həyata keçirib. Biz beynəlxalq qurumlara
da müraciət edəcəyik, desinlər bizə, hansı kontraktlar əsasında bu
pullar ödənilib. Ödənilibmi? Ödənilməyibsə, deməli, pulsuz alıb. Otuz il
ərzində yığdıqları texnikanı 44 gün ərzində məhv etdik. Yoxdur
Ermənistan ordusu, yoxdur. İndi onlar canlı qüvvəsinin də məhv edilməsi
ilə bağlı saxta rəqəmlər verirlər. Bizdə məlumat var. Lazım olanda biz o
məlumatı səsləndirəcəyik, işğalçı dövlət nə qədər canlı qüvvə itirib.
Biz məhv etmişik Ermənistan ordusunu. Məhz buna görə məcbur olub, diz
çöküb bizim qabağımızda və kapitulyasiya aktına imza atıb. Hər kəs üçün
bu, dərs olmalıdır.
Bildirməliyəm ki, noyabrın
10-da imzalanmış Bəyanat icra edilir. Burada istərdim ki, Azərbaycan
xalqı da bilsin, bəzən buna noyabrın 9-da imzalanmış bəyanat deyirlər,
bəzən noyabrın 10-da. Mən bu bəyanatı Rusiya Prezidenti Vladimir Putinlə
ikimiz videokonfrans vasitəsilə Bakı vaxtı ilə noyabrın 10-da
imzalamışam. Bizim Rusiya ilə bir saat fərqimiz var. Yəqin ki, bu
uyğunsuzluq buna görədir. Ona görə, noyabrın 10-da imzalanmış Bəyanat
icra edilir. Mən imzalanma mərasimindən sonra bu bəyanatı olduğu kimi
Azərbaycan xalqının diqqətinə çatdırdım və bir daha göstərdim ki, bizim
bütün işlərimiz şəffafdır. Mən xalqın gözü qarşısında bunu imzalamışam,
böyük qürur hissi ilə imzalamışam, qalib kimi imzalamışam. Bu Bəyanatın
bütün mətnini Azərbaycan xalqının diqqətinə çatdırdım. Bu gün isə artıq
münaqişə arxada qalandan sonra bu Bəyanatın icrasını şərh etmək
istərdim. Deməli, birinci bənddə göstərilən məsələlər artıq təmin
edilib. Noyabrın 10-dan başlayaraq atəşkəs təmin edilibdir. Hərdənbir
Ermənistan tərəfindən atəşkəsin pozulması halları olur. Biz isə layiqli
cavab veririk. Ancaq Azərbaycan tərəfindən atəşkəsin pozulması halları
olmamışdır və bütövlükdə, atəşkəs təmin edilir. İkinci bənddə göstərilir
ki, noyabrın 20-də Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
Bu, təmin edildi. Üçüncü bənddə göstərilir ki, Dağlıq Qarabağda təmas
xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu
silahlı hərbi qulluqçusundan, 90 zirehli hərbi texnikasından, 380 ədəd
avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti
yerləşdirilir. Bu, təmin edildi. Dördüncü bənddə göstərilir ki, bu
Bəyanatın müddəti 5 ildir. Əgər, müddətin bitməsinə 6 ay qalmış tərəflər
buna etiraz etməsələr, bu Bəyanat və bu razılaşma uzadılır. Bu, aydın
məsələdir. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin
səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı
mərkəz yaradılır. Bu Bəyanat imzalananda bu bənd o qədər də geniş
açıqlanmamışdır. Ancaq biz bunu imzalayanda, artıq razılaşmışdıq ki, bu
mərkəz Türkiyə-Rusiya mərkəzi olacaqdır və bu da artıq öz həllini tapıb.
Sonra altıncı bənddə göstərilir ki, Ermənistan Respublikası 15 noyabrda
Kəlbəcər rayonunu və 1 dekabr tarixinədək Laçın rayonunu qaytarır.
Bildiyiniz kimi, Rusiya tərəfi bizə müraciət edərək bir qədər vaxt
istəyib. Kəlbəcər rayonunun bizə qaytarılması 15 noyabrda yox, 25
noyabrda artıq təmin edilib. Altıncı bəndin bu hissəsi icra edilib.
Laçın rayonu Azərbaycana qaytarılıb. Laçın dəhlizi Şuşa şəhərinə
toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin
nəzarəti altında qalır. Mən bu bəndi artıq şərh etmişdim. Bunun ilkin
variantında 30 kilometr, ondan sonra eni 10 kilometr və bu, Rusiya
sülhməramlı kontingentinin yox, erməni silahlı qüvvələrinin nəzarəti
altında qalırdı, onu da biz bu Bəyanatdan çıxartdırdıq. Göstərilir ki,
tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla
Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət
marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun
mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi
nəzərdə tutulur. Mən bu məsələni də şərh etmək istərdim. Burada nə
göstərilir? İndi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin
içindən keçir. Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən
isə Rusiya Prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri
də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz
inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin
marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il
ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə
bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri
də bizə qaytarılacaqdır. Bu, xüsusi diqqətəlayiq məsələdir. Çünki əgər
mən bunu bu Bəyanata saldırmasaydım, Laçın dəhlizi Laçın şəhərini həmişə
əhatə edəcəkdi.
Yeddinci bənddə göstərilir ki,
məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf
rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti
altında geri qayıdır. Bu da önəmli məsələdir. Azərbaycan vətəndaşları
Dağlıq Qarabağın bütün yerlərinə qayıtmalıdırlar, harada ki, onlar əvvəl
yaşayıblar. Bu məsələyə artıq BMT nəzarət edəcək. Əlbəttə, bunun vaxtı
var. Bu, növbəti təmaslar əsnasında həll olunacaqdır.
Səkkizinci
bənddə göstərilir ki, hərbi əsirlər, girovlar və digər saxlanılan
şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. Artıq bu
proses davam edir - həm cəsədlərin mübadiləsi, həm əsirlərin və
girovların.
Doqquzuncu bənddə göstərilir
ki, bölgədəki bütün iqtisadi nəqliyyat əlaqələri bərpa edilir.
Ermənistan Respublikası vətəndaşların nəqliyyat vasitələrinin və
yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə
Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar
Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət
verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik
Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir və tərəflərin
razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb
rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin
ediləcək. Bu 9-cu bənd sırf mənim təkidim nəticəsində Bəyanata
salınmışdır. Çünki müzakirə olunan, uzun illər müzakirə olunan sülh
planında belə açıq-aydın müddəa yox idi. Yəni, nəzərə alınırdı ki, bütün
kommunikasiyalar açılacaqdır və Naxçıvan Muxtar Respublikası ilə
Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz haqqında söz getmirdi.
Hesab olunurdu ki, bu ümumi ifadə bunu ehtiva edir. Burada isə konkret
göstərildi ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas
hissəsi arasında dəhliz yaradılır və bu dəhlizin təhlükəsizliyini
Ermənistan yox, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd
Xidmətinin orqanları həyata keçirir. Yəni, bu dəhliz tam təhlükəsiz
olacaq. Eyni zamanda, ikinci məsələ - tərəflərin razılığı əsasında
Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını
birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam
və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd
salındı. Yəni, bu, nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır.
Əgər lazım olsa, iki dəhliz olmalıdır. Bu, bizim tarixi
nailiyyətimizdir. Biz Naxçıvanı həm mühasirədən çıxarırıq, eyni zamanda,
yeni bir nəqliyyat damarını açırıq. Deyə bilərəm ki, bütün ölkələr
buradan ancaq faydalanacaq. Azərbaycan öz ayrılmaz hissəsi olan
Naxçıvanla birləşir. Azərbaycan Türkiyə ilə birləşir. Rusiya,
Azərbaycan, Türkiyə, İran və əgər istəsə, Ermənistan bu dəhlizə qoşula
bilər. Beləliklə, bölgədə beştərəfli yeni əməkdaşlıq platforması
yaradıla bilər. Mən bu fikrimi artıq həm Rusiya, həm Türkiyə
prezidentlərinə çatdırmışam. Həm Rəcəb Tayyib Ərdoğan, həm Vladimir
Putin buna müsbət yanaşıblar. Bax, budur bizim təklifimiz. Biz istəyirik
ki, bölgədə uzunmüddətli sülh olsun. Buna nail olmaq üçün gərək
əməkdaşlıq da təhlükəsizlik tədbirləri ilə birlikdə inkişaf etsin. Biz
əməkdaşlığa hazırıq. Bu doqquzuncu bənddə göstərilən məsələlərin
arasında bizim üçün bir nömrəli məsələ Azərbaycanı Naxçıvan Muxtar
Respublikası ilə birləşdirmək və eyni zamanda, Azərbaycanla Türkiyə
arasında yeni bir nəqliyyat dəhlizi yaratmaqdır. Çünki bildiyiniz kimi,
biz Bakı-Tbilisi-Qars dəmir yolunu bir neçə il bundan əvvəl istifadəyə
verdik. Bu, artıq Türkiyə ilə Azərbaycan arasında dəmir yolları
vasitəsilə bir bağlantıdır. Bu layihə də baş versə, - əminəm ki, baş
verəcək, – bu, yeni bir bağlantı olacaq və burada beş ölkə bundan fayda
götürə bilər. Regional təhlükəsizlik və əməkdaşlıq üçün bundan da yaxşı
layihə ola bilər? Yox. Kimdir bunun təşəbbüskarı? Bizik. Kim bu bəndi
buraya salıb? Mən. Bu gün - dekabrın 1-də biz bu işlərin artıq
inkişafını görürük. Mən deyə bilərəm ki, artıq "Azərbaycan Dəmir
Yolları” Qapalı Səhmdar Cəmiyyətinə göstəriş verildi ki,
Horadiz-Zəngilan dəmir yolunun, hansı ki, mənfur düşmən dağıdıb, təhlili
aparılsın, ilkin hesablamalar aparılsın. Eyni zamanda, Rusiya
Federasiyasının nümayəndə heyətinin Azərbaycana etdiyi səfər
çərçivəsində, o cümlədən dəmir yollarının bərpası məsələləri müzakirə
olunubdur. Ermənistan dəmir yolları Rusiya dəmir yollarına məxsusdur,
100 faiz. Ona görə biz bu məsələni Ermənistanla yox, Rusiya ilə müzakirə
edirik. Çünki Ermənistanda nə var ki, Ermənistanın özünün olsun?
Ermənistan beynəlxalq münasibətlərin subyekti deyil, obyektidir. Nəyə
görə? İşğala görə. O tarixi şansı itirib, müstəqil ölkə ola bilməyib,
iqtisadi imkanlarını itirib, işğala görə. Nə qazandı? Heç nə. Bu vaxta
qədər bütün lazımi tədbirləri gördük. Nəqliyyat, energetika, iqtisadi
əməkdaşlıq – bütün layihələri başa çatdırdıq. Dekabrın sonunda Cənub Qaz
Dəhlizi artıq tam istifadəyə verilir. Onun son hissəsi olan TAP
istifadəyə verilir. Ermənistan, haradasan? Kənarda qalmısan. Bu enerji
dəhlizi Ermənistandan yan keçir. Kim keçirdib? Biz. Amma mənim
yadımdadır, biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin marşrutunu, – o vaxt
mən Dövlət Neft Şirkətində işləyirdim, – müəyyən edərkən bizə nə qədər
təzyiqlər oldu, özü də Qərb ölkələrindən. Nə üçün Ermənistandan yan
keçir? Bu, Gürcüstandan yox, Ermənistandan keçməlidir. O vaxt aparıcı
Qərb ölkələri bizə şərt qoyurdu. Hətta o vaxt biz xarici kreditlərdən
çox asılı idik. Yadımdadır, erməni təbliğatı, erməni lobbisi və
ermənipərəst xarici dairələr tərəfindən aparılmış kampaniya nəticəsində
Dünya Bankı bir il ərzində bizə veriləcək vəsaitin verilməsini təxirə
saldı, dayandırdı, müxtəlif bəhanələrlə, guya ekoloji standartlar
pozulur. Halbuki bu, cəfəngiyatdır.
Ermənistan,
haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da
həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən,
Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola
bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?!
Dəyərdimi buna? Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət
hissləri, onları, bax, bu günə saldı.
Biz
nəqliyyatla, energetika ilə bağlı bütün işləri gördük. Biz nəinki
neft-qaz, elektrik enerjisi dəhlizi yaratdıq. Bu gün
Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizi var. Bu gün
Rusiya-Azərbaycan-İran enerji dəhlizi var. Bu gün Rusiya-Azərbaycan-İran
nəqliyyat dəhlizi var. Bu il bu dəhliz vasitəsilə daşınan yüklərin
həcmi təqribən 30-40 faiz artıb. Ermənistan 20 ildir ki, Şimal-Cənub
nəqliyyat dəhlizi üzərində işləyir. Ortalıqda da bir şey yoxdur. Nə
Şimal-Cənub dəhlizi ola bilər? Oradan, o dağlardan, o Mehri dağlarından
dəmir yolu çəkmək olar? Adam gərək dəli olsun ki, oraya bir neçə milyard
pul qoysun. Özü də yaxşı, tutaq ki, kimsə bu pulu verdi, sonra haraya
gedəcək? Ermənistan, sən dalansan. Biz səni dalan etdik. Kim səni təcrid
etdi? Biz. Enerji, nəqliyyat, elektroenergetika - biz onu təcrid
etmişdik. Bu günlərdə bu çirkin qətnamələri qəbul edənlər və onların
arxasında duranlar kömək etdimi onlara? Yox. Bizim iradəmizə təsir
etdimi? Yox. Nəyə görə? Çünki güclü iradəmiz var, xalq-iqtidar birliyi
var. Çünki Azərbaycan 1993-cü ildən bu günə qədər etibarlı əllərdədir.
Azərbaycana rəhbərlik edən Ulu Öndər və ondan sonra mən Azərbaycan
xalqının maraqlarını hər şeydən üstün tutmuşuq. Ermənistan rəhbərləri
kim olub? 20 il quldurlar - Koçaryan-Sarkisyan xunta rejimi, iki il
yarım da kim olub, erməni xalqı özü bilir. Qatar getdi. Amma hələ də gec
deyil. Hələ o qatara minə bilərsiniz, əgər bizim icazəmiz olsa, əgər
bizim şərtlərimiz təmin olunsa. Bundan sonra belə olacaq, ancaq belə
olacaq! Yeddi şərt qoyan Paşinyan, görəsən, indi hansı şərt qoya bilər
və kimə şərt qoya bilər? Hanı o 7 şərt? Getdi işinə. Azərbaycan qondarma
"Dağlıq Qarabağla” danışıqlar aparmalıdır, hanı o şərt? Cəhənnəmə
getdi. "Dağlıq Qarabağ Ermənistandır və nöqtə” - bunu necə deyərlər,
belə böyük həvəslə, bir qəhrəman kimi Xankəndidə bəyan etdi və hamı da
ona əl çalırdı. Nə oldu? Qarabağ Ermənistandır? Gəlsin desin bunu.
Qarabağ Azərbaycandır! Ona o əl çalanlar, o kriminal rejimin
nümayəndələri indi ya məhv olublar, ya fərarilik ediblər. Özləri etiraf
edirlər ki, 10 mindən çox fərari var. Deyirdi ki, Şuşada - bizim tarixi,
qədim şəhərimiz, bizim ürəyimiz, canımız olan Şuşada bunlar qondarma
"Dağlıq Qarabağın” parlamentini inşa edəcəklər. Nə oldu o parlament?
Vurduq dağıtdıq, məhv etdik. Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə
fikirləşəydi axırı nə olacaq. Dərsini verdik. Öz bayrağımızı ucaltdıq
Şuşada və bütün başqa şəhər və rayonlarımızda. Hər kəs gücümüzü gördü.
Hər kəs qüdrətimizi gördü, iradəmizi gördü. Bu dəmir yumruq onların
belini qırdı, onların başını əzdi. Bu, birlik yumruğudur, bu, güc
yumruğudur. Bundan sonra Azərbaycan yalnız inkişaf, tərəqqi yolu ilə
gedəcək. Bundan sonra da biz ordu quruculuğu işində əməli addımlar
atacağıq, ordumuzu daha da gücləndirəcəyik. Bütün göstərişlər verildi.
İradəmiz də var, təcrübəmiz də var - əvəzolunmaz təcrübə. İndi bütün
ölkələr bu Vətən müharibəsinin təcrübəsini öyrənirlər. Vəsaitimiz də
var. Xalq-iqtidar birliyimiz də var. Biz göstərmişik ki, böyük xalqıq,
qürurlu xalqıq. Düşməni yerə vurduq. Düşmənin belini qırdıq, məhv etdik.
Bu, tarixi Qələbədir. Bu Qələbə Azərbaycan tarixində əbədi qalacaq,
şanlı Qələbə kimi!
Mən müharibənin ilk günündən
bu günə qədər - sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan
xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad
edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab
edirəm. Çünki bu Qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi.
Göstərdi ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmaq fikrində
deyildi və bütün xalqımız, lap balaca uşaqlar, yaşlı insanlar, o
torpaqları tərk edənlər, qayıtmaq arzusunda olanlar, o torpaqlarda heç
vaxt olmayan, amma o bölgələrdən olan gənc nəslin nümayəndələri bir arzu
ilə, biz hamımız bir arzu ilə yaşamışıq və bu arzunu həyata keçirmişik.
Bu gün bizim bütün arzularımız çin olub. Bu, hər birimiz üçün doğrudan
da böyük xoşbəxtlikdir. Artıq müharibə arxada qaldı.
Bizim
ölkəmiz üçün yeni dövr başlayır. Yeni quruculuq dövrü, inkişaf dövrü,
azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan
xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə
göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri,
kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra
böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə öz sözümüzü
demişik, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və
əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat
gözləyir.
Mən bilirəm ki, bu günlər ərzində
mənim hər bir çıxışımı Azərbaycan xalqı səbirsizliklə gözləyirdi. Çünki
biz ilk günlərdən qələbə qazanmışdıq və bu 44 gün ərzində bir gün də
olmamışdır ki, biz haradasa geriyə çəkilək, bir dəfə də. Halbuki
müharibələrdə belə olur, ordular hücum edir, geri çəkilir, taktiki
manevrlər edir. Biz bir gün də geri çəkilmədik. Yaralanmış və ağır
vəziyyətdə olan əsgərlərimiz hospitallarda, xəstəxanalarda deyirdilər
ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə. Şəhidlərimizin ruhu şad
olsun, valideynləri onları dəfn edərkən deyirdilər ki, Vətən sağ olsun.
Deyirdilər ki, ancaq irəli, ancaq irəli. Allah bütün şəhidlərimizə
rəhmət eləsin!
Mülki vətəndaşlar - 94 mülki
vətəndaş həlak olub, 400-dən çox mülki vətəndaş vəhşi düşmən tərəfindən
yaralanıb. Evi dağılmış insanlar o dağıntılardan çıxarkən deyirdilər ki,
ancaq irəli. Bilirsiniz, bunu hər kəs bilməlidir və biz bütün dünyaya
göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq. Biz döyüş meydanında,
siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr
açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır.
Mən
artıq bu mövzu ilə bağlı müraciətlərimi yekunlaşdırıram. Əminəm, bundan
sonra, əlbəttə ki, bir çox hallarda doğma xalqıma öz sözlərimi
deyəcəyəm. Amma bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir
Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm:
Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir,
Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir,
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına!
Yaşasın Azərbaycan!”
862 oxunub