XƏBƏR LENTİ
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021



Fidan Nizaməddin qızı: - Barıt qoxuluy, qələbə sevincli payız
YAZARLAR 10:20 / 28.11.2020

                   

 

"Bugün düşmanın karşısına çıkabilenler, yalnız kalp ve vicdanları vatan sevgisinin ateşiyle dolu olan millet evladıdır”

 (Atatürk).

Təbiət həssas insanların diqqətindən yayınmaz, payızlar bir-birinə bənzəməz... Payızda tökülən yarpaqlar, xəzan yağışları günəşin şüalarını xatırladır. Təbiət sanki günəşin rənginə boyanır. Günəşin varlığı bütün fəsillərdə öz isti nəfəsi ilə yaşayır, sevgi və mübarizə ilə...

Payız fəslinin çalarlarında yaşayan insan özünü yarpaq-yarpaq tökülmüş, sarmaşığa bükülmüş və kərpic-kərpic sökülmüş kimi görür. Günəş qızılı rəngini yarpaq-yarpaq xəzana verir, beləliklə yer üzü büsbütün günəş saçır əslində...

Nə yaxşı ki, daşa tamah içində

Hələ sənə "qızıl payız” deyən var.

Çünki sənin torpaq adlı yiyən var.  (Qızıl payız, qızıl daş)

  Alnımda ömrün yazısı, yazanı varsa, mən kiməm deyən payıza öz möhürünü vurmuş təbiət şairi Musa Yaqub hisslərini bir xəzan yelində itən otla, qurumuş yarpaqların daşqalağında kəpənəksayaq sığınıb duran, lal sükut içində bir payız tənhalığı ilə deyil, qələbə sevinci ilə keçir bu payızdan.

Sən Allah bir qanad göndər dalımca

Məni bu payızın içindən keçirt  (Payız tənhalığı).

Etiraf edək ki, hər birimiz payızda darıxırıq. Quruyan ağaclar, torpağa sancılmış baş daşları kimi insana ölümü, yoxluğu  xatırladır. Boşalan təbiətdə dünya ilə təkbətək özünə doğma olan hissləri ilə birlikdə qalır insan. O hisslər ki, insanı şair də edə bilər aşiq də mübariz bir əsgər də... payızın qızıl fonunda bütün bəzək düzəksiz nə bilim daha nələrsiz... sadə və səmimi...

Əl çəkib hər yana qızılı payız,

Ağaclar soyunub yaşıl donunu

Üzünə ölümün sarısı çökən

Yarpaqlar gözləyir ömrün sonunu.

(Nəzakət Məmmədli)

 

Tarixdə müharibələrin fəsli də payızdır –  istər iki alyansda birləşən, dünyanın ən böyük güc mərkəzləri qoşulduğu I və II dünya müharibələri (28 iyul 1914 – 11 noyabr 1918), (1 sentyabr 1939- 2 sentyabr 1945), istərsə də böyük türk dünyasındakı savaşların çoxu – Türkiyənin yeddi əfsanə savaşlarından olan Sakarya Meydan Muharebesi (22 Ağustos - 13 Eylül 1921), Niğbolu Savaşı (28 Eylül 1396),  Türk Kurtuluş Savaşı-Suriye Cephesi (23 Temmuz 1920 - 20 Ekim 1921) məhz bu mövsümə təsadüf edib. Hər bir vətəndaş ayağı ilə ürəklə basdığı torpağın bir vaxt altında olacaqını xatırlarsa o zaman ən qiymətli varlığın üzərində olduğunun fərqinə varacaq, gələcəyə ümidlə baxaraq ürəklə, əzmlə addımlayacaqdır. Gələcəyi qaranlıq görüb qorxu ilə ölmək isə ən aciz ölümdür... "ümidə min kurşun sıksa da ölüm, unutma ümidə kurşun işləməz gülüm” Nazim Hikmət. Torpağa naməhrəm əli dəyməsindən narahat olan istiqlal şairi Mehmet Akif Ersoy, azanların susmamasını tapşırır  əsgərə. Çünki bir ölkənin toprağı, bayrağı və dininin şəhadəti olan azanı yoxdursa ora vətən sayılmir. "Şudur cihanda benim en beğendigim meslek: Sözüm odun gibi olsun; hakikat olsun tek!” (Safahat) deyir.

Bastığın yerleri «toprak! » diyerek geçme, tanı!

Düşün altındaki binlerce kefensiz yatanı.

Sen şehîd oğlusun, incitme, yazıktır, atanı:

Verme, dünyâları alsan da, bu cennet vatanı.

Bu payız Azərbaycan xalqının Haqq mübarizəsi ilə başladı. Vətənimizin hər qarışını qoruyan və illərlə həsrətində olduğumuz ana yurdun torpaqlarını qanları bahasına işğaldan azad edən əsgər məktubları ilə başladı.

Əsgər məktubunda torpaq göyərir,

Meşələr uzanır ufüqlərəcən.

Əsgər məktubunda bir dağ göyərir –

Ətək də Vətəndir, zirvə də Vətən.

                                    Məmməd Araz "Əsgər məktubu”

Və məhz bu payızda uşaqlığının ən gözəl vaxtlarını işgal günlərini əzbərləməklə,  biribirinə çadırda, vaqonda yaşayanları misal gətirməklə şükr edən, özünü dərk etmədən qisasını boynunda gəzdirərək böyüyən səbri tarıma çəkilən "and olsun gecənin bu vaxtına ki, əsgər yarasında qurşun kimiyəm...” (Fərid Hüseyn) deyən şair torpaqlarımızla yanaşı təbiəti də qorumaq üçün vətənin səsi ilə özünü və hər kəsi döyüşə çağırır:

Quşlar mərmi səsindən

pərəm-pərəm düşməyəcək,

qələbə meydanlarına

asudə qonacaqlar,

düşmənin arzu leşlərinin

gözlərini oyacaqlar.

şəhid kərpicləriylə hörülür

şərəf yüksəkliyindəki qalamız.

Bu payız torpaqlarımız daha da müqəddəsləşdi – şəhid qanına, anaların göz yaşına və dualara qarışdı. Bəlkə də bu bəşəri bir estafet idi. Torpaqlarımızı və o torpaqlarda qədimdən gələn mənəvi dəyərlərimizi, milli mədəniyyətimizi, təbii sərvətlərimizi əsrdən-əsrə, nəsildən-nəsilə yola salan Azərbaycan tarixini, coğrafiyasını qoruyan və tamamlayan şəhidlik zirvəsi qələbə sədasına qarışdı.

"Torpaq İnsanı udanda qəbir olur,

İnsan torpağı udanda Şəhid” (Şəhriyar del Gerani).

İllərlə işğal, faciə günlərini yaşayan xalımız bu günlərin yarasını sözlə, poeziya ilə sarıb. Ağdaban faciəsinin 20-ci il dönümünə həsr olunmuş "Kəlbəcərsiz 19 il” kitabında "Kəlbəcər tacıdır Azərbaycanın” poemasında Ələmdar Cabbarlı Dədə Şəmşirin elsiz qolu bağlı, kədərli və qəlbi dağlı olduğunu bildirir: 

İgidlər, qovğaya hazırsınızmı?

Hər an silah tutan əllərinizlə

Yağının qəbrini qazırsınızmı?

Öncə əlinizlə öz bəxtinizə

Qazilik, şəhidlik yazırsınızmı?(Kəlbəcər tacıdır Azəbaycanın)

Bu payız Qafqazın incisi, Qarabağın çırpınan qəlbi olan Şuşa, Xarıbülbül  əsirlikdən azad olundu. "Kainat boyda sevə bilərdim, səni əzizim Şuşadakı möcüzəsən sən, Xarıbülbülsən!” (Nargis).  Bu gecə yuxusu tərsinə yozuldu Zəlimxan Yaqubun:

Bu gecə yuxuma girmişdi Şuşa,
Cabbar ağlayırdı, Xan ağlayırdı.
Dönmüşdü qanadı qırılmış quşa,
Qarabağ başabaş qan ağlayırdı

                                (Bu gecə yuxuma girmişdi Şuşa).

Ürəyi Vətən və xalq məhəbbəti ilə döyünən, yurdunun rifahı yolunda hər cür çətinliklərə dözən – Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy Haqverdiyevin, Yusif Vəzir Çəmənzəminlinin, Firudin bəy Köçərlinin və ürəyi qan ağlasa da heç vaxt ruhdan düşməyən "Üzündə son bahar, ağzında yaşmaq sənin gözəlliyin solğun görünür...” (Səməd Vurğun) Xan qızı Xurşidbanu Natəvanın ahı yerdə qalmadı:

Hicrani-yar səbəb oldu ağlamağıma

Ya rəb, görüm həmişə səbəbkarı ağlasın.

Bu payız bütün payızlardan fərqlidir, fərəhlidir. Bu payız barıt qoxulu qələbə sevincli əsgərə yurd əmanətlidir. Bu payız əsgərə həsr olunmuş nəğmələr, marşlar və zəfər xəbərləri ilə yağış əvəzinə ürəklərə nur çiləyir.  "Geciksin gəlməsin qəlbin payızı geciksin illərin dolaylarında” xoş müjdəli bir savaşdan pay istəyən, şair-həkim Şahin Musaoğlunun şeirləri bu payız bütün əsgərlərdə ruh yüksəkliyi yaratdı:

Əsgər vətən əmanəti yurd əmanəti

Əsgər ocaq əmanəti, od əmanəti.

İntiqamı alınmasa şəhidlərin geri dönmə!

Son qələbə çalınmasa, silahınla sən öyünmə! (Vətən əmanəti).

Bu payız (20.11.20) Azərbaycan bayrağı Azan səsləri ilə Ağdam Cümə Məscidində, Kəlbəcərdə (25.11.20), Laçında (1.12.20), Qarabağda dalğalanır. Azərbaycanda "qaçqın” adı ləğv olundu:

Qaçqınlıq yaman zülümdü,

Adam adamlıqdan çıxır...

Ölümə yamaq ölümdü-

Çörək adamlıqdan çıxır

(Əbülfət Mədətoğlu).

 "Bu gün Ulu Türkün ruhu Ulu Tanrının ədaləti uğrunda vuruşur. Ona görə bu savaş bütün türk dünyasının savaşıdır. Ona görə savaşımız müqəddəs, əsgərimiz müzəffərdir” (Azər Turan). Bu gün M.Ə.Rəsulzadənin "Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq” dediyi zamanın içindəyik”.

Əlin qopmasa ordan

Köynəyim Bayraq olub,

Seçilməz laləzardan

Mən əsgərəm vermərəm

 Əlimdən o bayrağı vermərəm,

Öz canımı verərəm,

Qarabağı vermərəm! (Tofiq Bayram)

Bu payızın hüsnü ona görə gözəldir ki, onun hüsnü Azərbaycanı qələbə sevinci ilə süsləndirdi. Ordumuz qızıl payızda mənfur düşmənin bağrını qızıl qana boyadı. Və məhz bu payız könlü Qarabağdan keçən Azərbaycan xalqı Vətən həsrəti ilə nəhs aylardan, nəhs illərdən çıxaraq intizarla qələbə gününə qovuşur:

Kölnüm keçir, Qarabağdan

Gah bu dağdan, gah o dağdan

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi

Qarabağın şikəstəsi...

Fidan Nizaməddin qızı

filologiya üzrə fəlsəfə doktoru, dosent


1822 oxunub

InvestAZ