XƏBƏR LENTİ
05 Dekabr 2020
04 Dekabr 2020



Cavid Mövsümü: Türklərdə bizi özləri kimi görür - MÜSAHİBƏ
MÜSAHİBƏ 16:40 / 18.11.2020

ANKARADA YAŞAYAN AZƏRBAYCANLI TARİXÇİ CAVİD MÖVSÜMLÜ İLƏ MÜSAHİBƏ

- Öncə Sizi tanıyaq?

 - Doktorantura təhsilimlə əlaqədar altı il əvvəl Ankaraya yerləşmişəm və burada yaşayıram. Hal-hazırda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) əməkdaşı olaraq fəaliyyət göstərirəm. İktisasca tarixçiyəm. Tarix elmində bir çox maraq dairəm olsa da, əsas elmi işimin mövzusu Azərbaycanda milli fikriyatdır. Eyni zamanda məni bir çox dostlar şair olaraq da tanıyır. "Barış Cavid” adıyla şeirlər yazır, başqa Türk dünyasından olan şairlərin şeirlərini öz dilimizə çevirirəm. Türkiyədə yaşadığım müddətdə Azərbaycan və Türk dünyası adına ictimai-diaspora fəaliyyətləri ilə aktiv məşğul olmuşam. Fərqli konfrans və tədbirlərdə, televizya və mətbuatda hər daim Türkiyə və Türk dünyası toplumuna Azərbaycan həqiqətlərini çatdırmağa çalışmışam.

- Azərbaycan həqiqətləri demişkən, Türkiyədə bu mövzuda münasibət necədir?

- Məlumunuz olduğu kimi "İki dövlət, bir millət” şüarı artıq hər iki dövlətdə cəmiyyətin milli mənəvi dəyərinə çevrilmişdir. Türkiyənin böyük əksəriyyəti Azərbaycanı özünün vətəni, Azərbaycanlıları isə öz milləti olaraq görür. Buna görə də bu ölkədə Azərbaycanda baş verən hər hansı bir hadisə özünkü kimi qəbul edilir. Tam əminliklə söyləyə bilərik ki, Türkiyədə hər kəs Qarabağ məsələsini, Xocalı soyqırımını, və ümumən bütünlükdə Azərbaycan tarixini bilir, bilməklə yanaşı özünkü kimi qəbul edir. Bu hal çox qürurvericidir. Çünkü eyni vəziyyət Azərbaycan xalqında da müşahidə olunur. Belə doğmalıq, belə ülvi hisslərə dayalı duyğular dünyanın başqa bir ölkələri arasında çətin ki görülsün. Bu münasibətlər, əslində dünya dövlətləri üçün yaxşı bir nümunədir.

Siz az öncə Türkiyədə yaşadığınız dövürdə Azərbaycanla əlaqədar ictimai və diaspora fəaliyyətləri ilə məşğul olduğunuzu söylədiniz. Bilirik ki siz şanlı "Vətən Müharibəsi” dövründə Türk medyasında çox aktiv olmusunuz və durmadan müharibə ilə əlaqədar Türkiyə cəmiyyətini tez-tez bilgiləndirmisiniz. Bu haqda danışa bilərsinizmi?

Bu şanlı tariximizin mənimçün maraqlı tarixçəsi var və hər zaman xatirəmdə qalacaq. Hər bir vətənsevər vətəndaşımız kimi, məlum hərbi əməlliyyatlar başlayanda, könüllü olaraq bu müqəddəs müharibədə iştirak etmək üçün aidiyyəti idarələrə müraciətimi bildirdim. Bunu bilən Ankaradaki bir çox rəsmi dostlarımız "sən Azərbaycana burada lazımsan, müzəffər ordumuz mütləq zəfəri qazanacaqdır” dedilər. Və mən ordu sıralarına çağırılana qədər boş durmamağı, Türkiyə mediyasında aktiv olmağı, mediya vasitəsi ilə Türkiyəli qardaşlarımıza həqiqətləri çatdırmağı özümə vəzifə bildim. Azərbaycan xalqı ali baş komandan İlham Əliyevin dediyi kimi tək yumruq olub hər sahədə haqqlı mücadiləmizə xidmət edərkən, biz də diaspora nümaəndələri olaraq əlimizdən gələni etməliydik. Bu bizim mənəvi borcumuz idi. Qeyd etməliyəm ki, bu müharibənin əsas istiqamətlərindən biri də dünya mediya müharibəsi idi. Bu işdə ali baş komandanın böyük xidmətləri oldu. Onun ikiüzlü dünya mediyasının qarşısındaki əzimkar və savadlı duruşu şəxsən mənim üçün nümunə oldu.

Müharibə ərəfəsində onlarca Türkiyə mediya və mətbuatında geniş çıxışlarım-müsahibələrim oldu. Eyni fəaliyyətə Türkiyədəki bir çox Azərbaycanlı ziyalılarımız böyük əmək sərf etdilər. İnanın ki, mənfur düşmən meydanda məğlubiyyətinin əvəzini dünya mediyasında bizə qarşı yönəlmiş dezinformasiyalarla çıxartmağa çalışırdı. Onların qarşısı alınmasaydı, hətta Türkiyə mediyasına fərqli yollarnan sıza bilərdilər.

Bunu da qeyd edim ki, mən təkcə Türkiyə mediyası ilə kifaətlənmədim, eyni zamanda şəxsi əlaqələrim vasitəsi ilə İraq, İran, Əfqanıstan kimi ölkələrdə yaşayan soydaşlarımızın media vasitələri ilə də mövzunu oralarda gündəmdə tutmağa çalışdım. Çünkü adı çəkilən ölkələrdə baş verən hadisələr əsil mahiyyətindən çıxarılır, vətəndaşlara fərqli və yanlış aspektlərdən təqdim olunurdu. Bu münasibətlə Azərbaycanın haqq səsini oralara yetiştirməkdə dəstək olan qanı bir, dili bir soydaşlarımıza da özəlliklə təşəkkür etmək istərdim.

- Bundan sonra bu istiqamətdə fəaliyyətlərinizlə əlaqədar nə düşünürsünüz?

- Fikrimcə biz xalq olaraq Azərbaycan tarixində böyük bir tarix yazmış olduq. Amma Qarabağ uğrunda müharibə bizim qələbəmizlə bitsə də, siyasi-mədəni mücadiləmiz hələ də davam etməkdədir. Siyasi müstəvidə biz ali baş komandanımız İlham Əliyevə tam güvənirik. Çünkü o bu günə qədər güclü siyasi iradəsini bütün dünyaya göstərə bilmişdir. Mədəni müstəvidə isə xalq olaraq yenə həyatımızın hər sahəsində birliyimizi qorumalı və durmadan çalışmalıyıq. Erməni vandalları tərəfindən dağıdılan mədəniyyətin beşiyi Qarabağımızı yenidən dirçəltməliyik. Bütün Qarabağ torpaqlarından qaçqın düşmüş soydaşlarımızın öz dədə-baba yurdlarına dönməsinə, həyatın yenidən normallaşmasına, inkişafına nail olmalıyıq. Bu haqq yolunda mücadiləmiz davam edir, ulu Tanrı bizə bu işdə yar və yardımcı olsun. Qarabağ Azərbaycandır!!!


Əbülfət Mədətoğlu


2574 oxunub

InvestAZ