XƏBƏR LENTİ
02 Dekabr 2020
01 Dekabr 2020
30 Noyabr 2020



Tahir Rzayev: “Sülhməramlıların yerləşdirilməsi Azərbaycan üçün çox faydalıdır”
Gündəm 16:49 / 16.11.2020

"Sülhməramlıların yerləşdirilməsi Azərbaycan üçün çox faydalıdır. Ona görə ki, birincisi atəşkəsə əməl olunur, insan tələfatının qarşısı alınır. İkincisi də Ermənistan artıq özünün məğlub olduğunu bu sənədlə etiraf edir. Digər tərəfdən də sülhməramlıların gəlməsi ilə Azərbaycan bir dəstək qazanmış olur." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri qeyd edib ki, biz onsuz da düşməni tamamilə məhv edəsiydik, amma bu, beynəlxalq təşkilatlar tərəfindən yaxşı qarşılanmayacaqdı və onlar müəyyən bəhanələrlə, guya ermənilərə qarşı soyqırım törədildiyi, təcavüz edildiyi adı ilə hansısa bir sanksiya tətbiq edə bilərdilər.
"Çox düzgün oldu ki, bizimkilər Xankəndinə girmədilər. Ordumuz, əsgərlərimiz Xankəndinə girə bilər, düşməni tamamilə məhv edə bilərdilər. Lakin, BMT də, ATƏT də, digər beynəlxalq təşkilatlar da həmən deyəcəkdilər ki, ermənilərə qarşı soyqırım, təcavüz olunub. Bu da bizə lazım deyil.
Sülhməramlıların yerləşdirilməsi həm də bizim özümüzün təhlükəsizliyimiz üçün çox vacibdir. Biz torpaqların qalan hissəsini də digərləri kimi azad edib, qoşunlarımızı sərhəddə yerləşdirə bilərdik və yerləşdiriləcəkdi də. Ancaq, vaxtaşırı, gündəlik olaraq ermənilər tərəfindən atəşə məruz qalacaqdı mülki əhalimiz. Biz isə cavab atəşi açsaydıq Ermənistan tərəfə, beynəlxalq təzyiqlərlə qarşılaşacaqdıq.
Digər tərəfdən də bizim üçün ən yaxşısı odur ki, artıq itgisiz, qansız şəkildə bu torpaqlar azad olunur. Bilmək lazımdır ki, bu itgilərlə yanaşı dövlətin iqtisadi baxımdan ziyan görəcəyi də təkzib edilə bilməz. Hər bir hərbi texnikanın, hər silah-sursatın çox böyük qiyməti var və bu baxımdan da əhəmiyyətli dərəcədə zərərlə üzləşə bilərdik.

Onu da nəzərə almaq lazımdır ki, sərhəd zonaları strateji mövqelərdir. Oranı, o istehkamları çətin bir vaxtda, soyuq bir vaxtda keçmək çox çətin idi. Biz əlavə qurbanlar verə bilərdik.

Bizə faydalı olan məsələlərdən biri də odur ki, artıq biz Naxçıvan dəhlizini əldə elədik. Azərbaycanın gələcək inkişafı üçün Naxçıvandan dəmir yolunun, avtomobil yolunun çəkilməsi çox faydalıdır. Bu nəinki Azərbaycan üçün, eləcə də Türkiyə üçün, İran üçün, Rusiyanın özü üçün də faydalıdır.

Bəzi adamlar bilmədən durub nə gəldi danışırlar ki, ruslar yenidən dəvət olundu, yox, bu belə deyil. Bu müqavilənin şərti, bəyanatda göstərildiyi kimi beş ildir. Ola bilsin ki, burada hansısa bir ziddiyət olarsa, Azərbaycan həmin sülhməramlıların çıxarılması ilə əlaqədar məsələ qaldıra bilər və buna haqqı da var. Əgər kimsə məlumatsız olaraq nə isə deyirsə, deməli, gələcəyi görməyən adamdır.
Başqa bir tərəfdən, unutmaq lazım deyil ki, qardaş ölkənin Prezidentinin, səlahiyyətlilərinin də dediyi kimi, Türkiyə bütün məsələlərdə Azərbaycanın yanındadır. Azərbaycanın mənafeyinə toxunan, təhlükəsizliyinə təminat verməyən hərhansı bir hərəkət qətiyyətlə aradan qaldırılacaq.

Kəlbəcər artıq boşaldılır və ermənilər gedirlər. Ağdamdan da bu ermənilər gedəcəklər, Laçından da dekabrın birinə qədər bu ermənilər təmizlənəcəklər. İndi dəhlizdə sülhməramlılar hələki var, oradadırlar. Türkiyə də bu məsələyə qarışacaq və qaçqınların, məcburi köçkünlərin köçürülməsi ilə əlaqəli detallar ki, var onlar da həll olunacaq və bu Qaçqın və Köçkünlərin Ali Komissarlığı tərəfindən həyata keçirilməlidir. Bu da ikinci ən böyük mötəbər təşkilatdır ki, gəlib prosesdə iştirak edəcək. Ola bilsin ki, digər ölkələrin qüvvələri də, o qüvvələr ki, humanitar məsələlərlə məğuldurlar, onlar da öz təkliflərini verə bilərlər. İndi məsələn, Qızıl Xaç öz təkliflərini verir və cəsədlərin, əsirlərin dəyişdirilməsi ilə məşğuldur və bu çox yaxşı haldır. Digər tərəfdən, əgər beynəlxalq əhəmiyyətli belə təşkilatlar varsa, onların Azərbaycana gəlməsi, bu hadisələri gözləri ilə görməsi, ermənilərin vurduğu ziyanı qiymətləndirməsi və onun sübut edilməsi dinc şəraitdə bizim üçün çox vacibdir", deyə Tahir Rzayev bildirib.


931 oxunub

InvestAZ