XƏBƏR LENTİ
05 Dekabr 2020
04 Dekabr 2020



Əsgər, Vətən əmanəti, yurd əmanəti... - Nurəddin ƏDİLOĞLU yazır
YAZARLAR 09:11 / 13.11.2020
                                      
 
Şuşa uğrunda döyüşlərdə yaralanan əsgərin sağalandan sonra  ən böyük arzusu İkinci  Fəxri xiyabanda  general –mayor  Polad Həşimovun məzarını ziyarət etməkdir

 

Əhəd Həmidli Tovuz hadisələrindən sonra könüllü olaraq orduya yazılmışdı. General-mayor Polad Həşimovun şəhid olması xəbərini hamı kimi, o da dərin hüznlə qarşılamışdı. Həmin gərgin günlərdə hara üz tuturdusa  şəhid  generalın  üz-gözündən təbəssüm, xeyirxahlıq, mərdlik, cəsarət yağan  şəkilləri ilə rastlaşırdı. Sanki  şəhid general  Əhəd yaşında olan gənclərə heç vaxt solmayan əbədi təbəssümlə düşməndən qisas almağa "hazırlaşın” deyirdi.  Ekranda-efirdə  hərbi marşlar, mahnılar səslənirdi:

 

                  İntiqamı alınmasa şəhidlərin, geri dönmə!

                  Son qələbə çalınmasa, silahınla sən öyünmə!

        Əsgər, Vətən əmanəti, yurd əmanəti,

         Əsgər, ocaq əmanəti, od əmanəti.

 

 Sentyabrın sonunda ölkədə qismən səfərbərlik elan olundu. Mobil telefonuna səfərbərlik çağırışı ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsindən  ismarıc  göndəriləndə  Əhəd iyirmi iki yaşına qədəm qoymuşdu. Onun  boya-başa çatdığı  Xırmandalı  kəndində adətən  uzaq səfərə çıxanlar, xeyir işə hazırlaşanlar, əsgəri xidmətə çağırılanlar  qəbiristanlığa gedib orada  Hacı Seyid Məhəmməd ağanın məzarını ziyarət edərdilər. Anası Subiyyə xanım  onu  babası  Kərbəlayı Aydından yadigar qalan Quranın altından keçirib, arxasınca su atandan sonra  Əhəd kənd qəbiristanlığına yollandı. Seyid Məhəmməd ağanın, babaları Məşədi Ədilin, Kərbəlayı Aydının, nənələri Aminə Qəhrəman  qızının, Lətifə Babayevanın məzarlarını ziyarət elədi.  Son illər Xırmandalıda daha bir adət ənənə halını almışdı. 1992-ci ilin may ayında işğal ərəfəsində Şuşa şəhərindən çıxarılan və  Birinci  Qarabağ müharibəsinin şanlı yadigarı olan bayraq kəndin muzeyində ən dəyərli eksponat kimi qorunurdu. O vaxtdan  həmin bayraq  çağırışçıların və könüllü olaraq cəbhəyə  yollanan  gənclərin ziyarət etdikləri ən müqəddəs məkana çevrilmişdi. Muzeydə  Birinci Qarabağ müharibəsi zamanı şəhid  olan kənd sakinlərinin şəkilləri,  onların  təltif olunduqları medallar da qorunurdu. Kəndin məktəbi şəhid Xıdır Məmmədovun adını daşıyırdı. Əhədin babası Aydın müəllim uzun müddət bu məktəbdə çalışmışdı.  Nəvələrinə deyirdi ki,  Qarabağ uğrunda şəhid  olan Xıdır Məmmədov,  Abəsəli Səfərov bizim nəsilə yaxın,   Fədail Abbasov,  Rüstəm Qasımov, Sayıq Qəmbərov , Zaur Ələsgərov  uzaq qohum sayılsalar da, hamısı doğmalarımızdır. Babası təqaüdə  çıxandan sonra adəti üzrə həmişə məktəbə baş çəkərdi, yuxarı sinif şagirdlərinə və  məktəbin gənc  müəllimlərinə vətənpərvərlik hissləri aşılayardı. İndi sağ olsaydı yəqin nəvəsi Əhədlə qürur duyardı və kənddən cəbhəyə yollanan bütün könüllülərə uğur diləyərdi...

Bəli, ata-babalarımızdan bizə əmanət qalan yurdumuzun, yer üzünün cənnəti olan Qarabağımızın uğrunda savaşmaq növbəsi  indi Əhəd Həmidli kimi oğullara çatmışdı.  Düşmənin  növbəti təcavüzü   ölkəmizin dinc əhalisinə qarşı  ardı-arası kəsilməyən təxribatları Qarabağ savaşının yeni, həm də həlledici mərhələsinin başlanmasına təkan vermişdi. Ordumuzun cəbhəboyu erməni faşistlərinə  sarsıdıcı zərbələr endirməsi və ilk  uğurları  əsgər və zabitlərimizin  qələbə əzmini artırmışdı. 3 il  əvvəl  Tərtərin  Qaziyan kəndində ön cəbhədə hərbi xidmət zamanı qazandığı  təcrübə Vətən müharibəsində  Əhədin  çox karına gəldi.  Qatıldığı hərbi  birləşmə  Füzuli şəhərinin azad olunması uğrunda  döyüşlərdə  möhtəşəm qələbə qazandı, sonra Cəbrayıl, Zəngilan, Qubadlı  rayonlarını  işğalçılardan təmizlədi.  Azad olunan torpaqlarımızda dalğalanan üçrəngli  bayrağımız  irəlidə qazanılacaq böyük qələbədən soraq verirdi.  Ali Baş Komandanın  qətiyyətli  çıxışları hər gün, hər an əsgərlərdə  qələbəyə inam,  ümid yaradırdı.

Əhəd öz aləmində əhd eləmişdi ki, general – mayor  Polad Həşimovun  ruhunu şad etmək üçün Qarabağın qeyrət rəmzi olan  Şuşaya üçrəngli bayrağı özü sancacaq. Bu payız Tanrı təbiətin bütün gözəlliklərini  doğma Şuşadan əsirgəməmişdi. Xilaskar ordumuz payızı qızılı don kimi  əyninə geyib  yüksəklikdə  məğrurcasına dayanan şəhərə can atırdılar. Qarşıda Çin səddi qədər qüdrətli,  əzəmətli abidə  kimi görünən Şuşa  və onu 28 ildən  çox yırtıcı,  murdar caynağında saxlayan qaniçən erməni əsgərləri vardı.  Qanlı – qadalı müharibə qara əjdaha kimi  əsgərləri bir-bir udurdu. Ən çox  itki verən də erməni-daşnak faşistləri idi.   Şuşa uğrunda qızğın döyüşlərdə  Əhəd  əvvəl ayağından,  sonra qolundan yaralandı.  Bayraq sancmaq üçün çıxmaq istədiyi yüksəklikdən üzüaşağı yuvarlandı.  Bir müddət nəhəng  sal qayanın yaxınlığında husuz qaldı.  Sözlərini əzbər bildiyi mahnı  elə bil dağda-daşda  əks - səda  verib  ətrafa yayıldı:

 

Atılanda düşmən üstə qollarına təpər olsun.

Göz yoldadır, qulaq səsdə, savaşımız zəfər olsun.

Əsgər, Vətən əmanəti, yurd əmanəti,

Əsgər, ocaq əmanəti, od əmanəti.

 

Əhədin qolunda güc, ayağında hey qalmamışdı. Birdən amiranə səs eşitdi: "Qalx ayağa əsgər, ardımca gəl!”  Gözlərinə inana bilmirdi. Başının üstündə  general Polad Həşimova oxşar  general  dayanmışdı. Əhəd   qoynunda  səliqə ilə saxladığı  bayrağı  çıxarıb öpdü və ona uzatdı.  Nə deyəcəyini  bilmədi.  Ağır-ağır ayağa qalxıb  generalın  arxasınca  yürümək istədi.  General  bir göz qırpımında irəli şığıyıb qatı duman içində görünməz oldu...

...Ertəsi gün hərbi  xəstəxanada özünə gələndə qolunu, ayağını sarıqlı gördü. Dünənki savaşda nə baş verdiyini xatırlamağa çalışdı. Bir il əvvəl  hərbi xidmətə çağırılan qardaşı Faiq Ağdərə istiqamətində döyüşlərdə iştirak edirdi. Eşitmişdi ki, əmisi oğlu,  leytenant Səməd Həmidli  Suqovuşan və Qubadlının işğaldan azad  olunmasında fərqlənib. Babasının qardaşı Niftalı  əminin  nəvələri Elmar, Elcan, Elmin, Qaraş əminin nəvəsi baş leytenant Ülvi Kərimov  də Vətən müharibəsinə qatılmışdılar. Bir dədə-baba ocağından yeddi nəfər... "Yeddi müqəddəs rəqəmdir, inşallah onlar da salamat olar!” Bütün  tibb heyəti  şad –xürrəm görünürdü,  ona gözaydınlığı verirdilər.  Dəhlizdəki böyük  monitordan  Ali Baş Komandanın əzəmətli səsi  ucalırdı: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

     Əhəd  qəlbində "Şuşaya  qələbə bayrağı sancan  Azərbaycan əsgəri  sən xoşbəxtlərin ən xoşbəxtisən,”- deyə  pıçıldadı.

Bu günlərdə yaralı əsgərimiz Əhəd Həmidlinin anası Sübiyyə xanımla  telefonla əlaqə saxladıq,  9 noyabr - Dövlət Bayrağı Günü münasibətiliə  təbrik edib Əhədin vəziyyəti ilə maraqlandıq. "Şükür Allahın kərəminə Əhəd yaxşılaşır, amma  karantin rejimi ilə əlaqədar hələlik yaralı əsgərlərin   müalicə olunduğu xəstəxanaya valideynləri  buraxmırlar...”

  Biz də öz növbəmizdə "İki sahil” qəzeti  redaksiyası adından  yaralı əsgərin anasına təsəlli verdik: "İnşallah sağalar,  Əhəd hospitaldan çıxana kimi müharibə də qurtarar!” dedik. Doğru söz  dəmiri dələr deyiblər.  Nəhayət, noyabrın 10-da düşmən təslimçilik aktını imzaladı.  İndi Əhəd Həmidlinin bir  arzusu var:  Sağalandan  sonra Qarabağ savaşının qəhrəmanlarının, ölümləri ilə ölümsüzlüyə qovuşan şəhidlərimizin məzarını ziyarət etmək...

İlk ziyarət edəcəyi məzarlar  da Tovuz istiqamətində  döyüşlərdə qəhrəmancasına şəhid olmuş  general  - mayor  Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin,  qalibiyyətlə başa çatan Vətən müharibəsində   onların qisasını alan on doqquz yaşlı  Cəbrayıl  Dövlətzadənin və  Milli Qəhrəman, polkovnik  Şükür  Həmidovun  İkinci Fəxri  xiyabanda əbədi uyuduqları məzarlar olacaq...

12.11.20


3625 oxunub

InvestAZ