XƏBƏR LENTİ
09 Dekabr 2021
08 Dekabr 2021



GÖZLƏRİM DOYMURDU…
MÜSAHİBƏ 12:42 / 05.11.2020

O kənd incik baxırdı bizə

Mübariz həkimlə həmsöhbət olmaq, onun ovqatına qoşulmaq təkcə mənim yox, onu tanıyanların hər biri üçün həmişə maraqlı olub. Çünki o, ən gərgin anda da insana ümid, müsbət enerji bağışlamaq gücünün sahibidi. Allah onu müsbət enerji mənbəyi kimi yaradıbdı. Mən də uşaqlığımdan bu günə qədər bir həmyerli kimi həyat yolunu izlədiyim Mübariz həkimin torpaqlarımızın işğalından sonra tez-tez döyüş bölgələrində olduğunu, hərbi hospitallarda həkimlərə yardım etdiyini bilirdim. Elə bu günlərdə də eşitdim ki, sentyabrın 28-dən öncə Ağdam hospitalında, sonra da Füzulidə olub. Və… Oradan da hərbçi dostların köməyilə Füzuliyə, Tuğa baş çəkib. Bu xəbər bizi onunla görüşə tələsdirdi. Gəldik və onun ilk sözləri belə oldu:

"…Yol boyu dağıdılmış, xarabazara çevrilmiş yurd yerlərimizlə addımlayaraq Tuğa çatdıq. Uçurulmuş evlər, əzilmiş avtomobillər, məhv edilmiş toplar, tanklarla dolu ətraf cəhənnəmi, yaşıl dağı, gül-çiçəyi, saf havası ilə Cənnəti xatırladırdı otuz ilə yaxın həsrətini çəkdiyim TUĞ…”

- Salam, doktor! Sizi təqdim etməyə, məncə

ehtiyac yoxdur, amma yenə də soruşum: Özünüzü necə təqdim edərdiniz?

-Tibb Universitetinin professoru, "Tədris” Cərrahiyyə Klinikasının Ümumi Cərrahiyyə Şöbəsinin müdiri Mübariz Əliyev.

-Burda əlavə edim ki, həm də televiziya kanallarımızdakı sağlamlıq verilişlərinin ən sevimli, ən canlı, insanlara səmimiyyət, inam bağışlayan həkimi. Çünki sizin çıxışlarınız istər-istəməz uşaqlı-böyüklü hər kəsi cəlb eləyir. Üzünüzdəki nurla danışığınızın üst-üstə düşməsi xəstəni inandırır ki, ondakı problem ötüb gedəcək. Bax, bu mənada söhbətimizi "Covid-19”dan başlayaq. Bu virus nə qədər çəkəcək?

-Nə qədər insan, bəşəriyyət var, o qədər də koronavirus infekksiyası olacaq. Yəni, biz bununla yaşamağı öyrənməliyik. Hər ölkənin virusa öz yanaşması var, məsələn, Amerika bir taktikanı, Yaponiya, İsveç, İsveçrə, Türkiyə, Azərbaycan... digər taktikanı irəli sürür, amma heç vaxt demək olmaz ki, kimin taktikası düzgündür, kiminki səhv. Nəticələr eynidir. "Covid”ə qarşı ciddi rejim təyin edəndə də, etməyəndə də nəticələr eyni çıxır. Yəni, belə bir nəzəriyyə var ki, bu virusla hamı xəstələnməlidir, Sars-2 ilə biz ondan qurtaracağıq. Amma heç kim qarantiya vermir ki, Sars-3, Sars-4 çıxmayacaq. Bizim bu tədbirlər nəyə yönəldilib? Birdən-birə hökumətin üstünə külli miqdarda insan xəstələnib gəlməsin. Elə olarsa hökumət çökər. Bu tədbirlər ona yönəldilib ki, xəstələr etap-etap gəlsinlər ki, dövlətin və tibbin gücü çatsın, bunları mərhələ-mərhələ müalicə eləsin. Bugünkü ciddi qanunlar da məhz onun üçündür . Bu, dünyanın hər bir ölkəsində eynidir.

- Doktor, dünyada tibbin inkişafı gündən-günə irəliləyir. Tibb sahəsində bu qədər alim, həkim, loğmanlar varkən, bir virusa qarşı vaksin yaratmaq mümkün deyilmi ki, heç olmasa yoluxmayanları qorumaq olsun?

-Dünya təcrübəsi göstərir ki, bir virüsa qarşı vaksin yaradıb tətbiq edilənə qədər, o virus qurtarıb, yenisi başlayır. Həm də indi sosializm dövrü deyil ki, hər şeyi dövlət həll etsin, kapitalizmin öz qanunları var. İstər Amerikada, Yaponiyada olsun, istər Azərbaycanda, istərsə də digər ölkələrdə, kapitalizmdə hədər yerə pul xərclənmir, tutaq ki, vaksin tapılır və o vaxta qədər o virusu başqa birisi əvəz edir. Belə çıxır ki, xərclənən o milyardar havaya sovrulmuş olur. Ona görə də bu virusun vaksininin hazırlanmasında dövlətlər bir az ehtiyatlı davranırlar. İndi deyirlər bizdə vaksin tapılıb. Vaksinin effektivliyi bilirsiniz nə vaxt yoxlanır, kiçik sahədə yox, böyük, kütləvi materialda yoxlanılır. Hələ kütləvi materialda da onun effektivliyi yaxşı öyrənilməyib. Ona görə də ehtiyatla hərəkət edirlər, kütləvi vaksinasiyaya getmirlər, bir dövlət o biri dövlətin vaksininə inanmır. Dünya iqtisadiyyatı müxtəlifdi, nə bilirsən o vaksinin tərkibində nə var. Azərbaycanın da elə bir laboratoriyası yoxdur ki, hardansa aldığı vaksini molekulyar səviyyədə öyrənə bilsin. O dərəcədə mütəxəssis də lazımdır. Azərbaycan balaca ölkədir, bunu Türkiyə eləyə bilər, Rusiya , Almaniya eləyə bilər. Yəni, burda siyasət də var, iqtisadiyyat da var... çox işlər var. O vaksinin içərisində çox şeylər ola bilər. Ona görə də vaksinlərdə də ehtiyatlı olmaq lazımdır.

-Çox maraqlı bir başlanğıc etdiniz, dediniz ki, bu koronavirus infeksiyasına hamı tutulacaq, birmənalı şəkildə hamımız bu bəlaya məhkumuq, onunla birgə yaşamağa məcburuq.

-Bəli o viruslarla yaşamağa öyrənmək lazımdır.

-Siz cəbhə bölgəsindən yenicə qayıtmısınız. Bu artıq neçənci dəfədir ki, bəzən aylarla Füzulidə, Ağdamda və başqa bölgələrdə hərbi hospitallarda qulluqda olursunuz. Belə çıxır ki, bu virus da ermənilərin bir ayrı variantıdır da, biz onlarla da birgə yaşamağa məhkumuq.

-Bilirsiniz, Ermənistandakı SARS-2 epidemiyası Azərbaycandakından üç-dörd dəfə çoxdur. Onlar kütləvi şəkildə qırılırlar. Onların maddi imkanlarıyoxdur sağalmağa, Allaha şükür, bizim imkanımız var, iqtisadiyyatımız güclüdür, rəhbərimiz bacarıqlıdır və biz xəstəliyə qarşı tədbir görə bilirik. Ermənistan Azərbaycanın qarşısında heç nədir, sadəcə Ermənistana kömək edən, ona milyardlarla dollar dəyərində hərbi sursatlar bağışlayan ölkələr var və onun hesabına bizə arada bir balaca müqavimət göstərə bilirlər, amma ümumi qlobal müharibədə uduzurlar. Onların siyasi dəstəyi də güclüdür. Məsələn, Fransa, Rusiya kimi böyük ölkələr. Bu ölkələr üzdə guya bitərəfdirlər. Amma rus ictimaiyyəti ümumiyyətlə, ermənilərin tərəfindədirlər. Burada çox faktorlar var. Bunları artıq hamı bilir. Bütün bunlara baxmayaraq biz qalib gəlirik. Bu da möhtərəm prezidentimizin 2004-cü ildən indiyə qədər səbirlə yürütdüyü siyasi və iqtisadi siyasətin nəticəsidir. O, bugünü sanki planlaşdırmışdı. Görürsünüzmü, bütün dövlətlər kənara çəkilib susurlar və başları da özlərinə qarışıb. Çünki onların özlərinin problemləri başlayıb yaranmağa. Ona görə də onlar üçün kiçik, bizim üçün böyük olan bu konfliktə maraq göstərmək istəmirlər. Biz öz problemimizi özümüz həll etməyə məcburuq ki, bu da yüksək siyasətə, ağıla, intellektə malik Ali Baş Komandanımız tərəfindən hərtərəfli ölçülüb-biçilib. Qaldı ki, erməni virusu ilə birgə yaşamağa alışmaq, biz artıq ona məcbur deyilik. Amma onların quduzluğuna vaksin ola bilərik. Çünki digər viruslar gec-tez sağalsa da, erməni virusu sağalan deyil, nəsildən nəsilə ötürülərək köklərinin yer üzündən silinmələrinə səbəb olacaq.

-Burda bir sual ortaya çıxır. Bizim uşaqlığımız, gəncliyimiz Tuğda keçib. Otuz ilin Tuğ həsrəti və yaxın günlərdə gördüyünüz Tuğ?

-Tuğun təbiəti, iqlimi həminkidir, dəyişməyib. Sadəcə, orda bizim həmvətənlərimizin gülüşləri, sevinc səsləri, onların qonaqpərvərliyi sanki quruyub, yoxdu. Dediyim kimi, təbiət həmin ecazkar təbiətdir, amma oraya məna verən oranın insanlarıymış. Sahibi üçün qəribsəyib o dağlar. Allaha şükürlər olsun, az qalıb o mənəviyyatı da, o mədəniyyəti də biz oraya qaytaracağıq. İnsanlar otuz il əvvəlki insanlar deyil artıq. Bizim insanlarımız bu otuz il ərzində mənəviyyatca çox yüksəliblər. İndiki gənclərimizi görürsünüz, Vətən üçün ölümə hazırdırlar. Artıq heç kim üstündəki o, otuz illik qara ləkəni saxlamaq istəmir. Hamı paklaşmaq istəyir, mənəviyyatının, vicdanının təmizlənməsini istəyir. Qospitallarda əməliyyat etdiyim yaralıların doxsan faizi " tez sağalım, cəbhəyə qayıdacam!” - deyir. Çünki insanlar saflaşmaq istəyirlər. Bu mənəvi yükdən azad olmaq istəyirlər. Müharibədəki bu qələbə sevinci bizi saflaşdırır.

-Doktor, hələ də o səsiniz qulağımdadır. Biz zəngləşəndə dediniz ki, Füzuliyə görə təbrik ayrı, bu öz yerində, amma Tuğa görə təbrik xüsusidi! Və bildirdiniz ki, Tuğa gedəcəm... Mən də xəyal etdim ki, yolları keçib gedirsiniz, hər tərəf xarabalıq... və arzuların elə bil qapısı açılır. Onda içinizdən hansı hisslər keçdi?

- Cəbrayıl ərazisində alınmış torpaqlar xarabazara çevrilib, daş üstündə daş qoymayıblar. Yolun sağı-solu məhv edilmiş düşmən texnikası ilə doludur. Düşmənin saysız-hesabsız texnikasını bizim əsgərlər vurub dağıdıblar, sağ olsunlar. Nə qədər orda məhv edilmiş tank, top, yük maşınları və s. gördüm.

Yavaş-yavaş dağları qalxdıqca təbiət yaşıllaşır, gəlib çıxırsan Hadruta. Hadrutu qoyub qaçıblar. Hadrut gözəldir, orda infrastruktur da var, qaz da, su da çəkiblər. Düzdü onlar hamısı "o tərəflər”dən gəlir, amma onları bərpa etmək asandır. Mənim ürəyimdəki Tuğ idi, ən çox Tuğu görmək istəyirdim. Təhlükəsizlik baxımından çox içərilərə qədər getməyə icazə vermədilər. Haqlıydılar, çünki mina təhlükəsi ola bilərdi. Zirzəmilərdə gizlənmiş düşmən ola bilərdi. Amma Tuğun havasını ciyərlərimə çəkdim, o təbiəti, gülü-çiçəyi gördüm. Günəş sanki Azərbaycanın başqa bölgələrindən daha parlaq şəfəq saçırdı Tuğda. O Günəşin istiliyi və Vətənin torpağı isindirdi bizi və bu bizə hələlik bəs elədi. Sevindim ki, yurdumdayam! O Vətəni, o torpağı geri almaq üçün oğullarımız can verdi, qan tökdü. Əsgərlərimizin çox gözəl əhval-ruhiyyəsi vardı. Əsgərimiz ayıq-sayıq, döyüş texnikalarımız da hazır vəziyyətdə durmuşdu.

Sonra qayıtdıq Füzuliyə. Füzulinin bərbad hala salındığını eşitmişdim, amma bu qədərinə inanmazdım - Füzuli yoxdu! Kol-kos, meşə basmız boş sahədi... Amma bir şeyi fərq etdim, Cəbrayılın, Füzulinin azad olunmuş kəndləri xarabazar idi, ağaclar da qırılmışdı, amma Füzulidə o xarabalıqda meşə yaranıb. İki-üç metrlik ağaclar, kol-kos boy verib, sanki burada Azıx yaşında insanlıq tarixinin ən qədim məskənlərindən biri olan şəhər yox, meşə sahəsi varmış. Və mən orada baxılmadan, becərilmədən yaranmış o yaşıllığı görərkən bir daha yəqin etdim ki, Füzuli torpağı ən bərəkətli zonalarımızdan biridir. Şəhəri dağıtmış olsalar da, yerində bir "Füzuli meşəsi” əmələ gəlmişdi.

-Biz axırıncı dəfə Aslan müəllim, Nəbi müəllim, Fəxrəddin və digər dostlarla bir yerdə olanda siz unutmadığım bir söz dediniz – dünya dağılsa da, mən Tuğa, Yağlıvəndə qayıdacam, orda ev tikəcəm və istirahətimi həmişə orada keçirəcəm.

-Mən hər yay Avropaya - Alp dağlarına iki həftəlik istirahətə gedirəm. Həyat yoldaşım deyir ki, niyə başqa yerə getmirsən, ancaq hər il eyni yerdə istirahət edirsən. Ona deyirəm ki, daha bahalı olsa da, Alp dağlarının yüksəklikləri, oradakı çəmənliklər mənə bizim dağları xatırladır, İsveçrə isə sanki Qarabağdı. Qarabağın İsveçrəyə çox bənzədiyini dünya da təsdiq edir. Oralara getməklə sanki mən öz itirdiyimiz təbiətimizə oxşar təbiət tapırdım, dincələ bilirdim. Amma daha oralara gedib-gəlməyin mənası yoxdu, öz "İsveçrəmizə” getsək artıqlamasıyla bəs edər. İstirahətimizin ünvanı bundan sonra oralar olacaq və ömrümüzü orada başa vurmalıyıq, çünki ora Vətəndir! Təbiətini bir görsən! Hal-hazırda orada ağacların yarpaqları yaşıl, sarı, qırmızı rənglə elə bir gözəllik yaradıb ki, heyran olmamaq mümkün deyil. Bolluq-bərəkət də bir ayrı gözəllik verir ağaclara. Alma, armud, nar, heyva ağacların budaqlarında, üzüm sahələri dərilməmiş qalıb. Bizim əkdiyimiz ağaclar idi, üzüm kollarıydı, bizə qayıdır, çox şükür! Dərməyə imkan tapmadan qaçıb yersiz qonaqlar. Otuz ildi o parazitlər daraşmışdılar təbiətimizə, Allahın izni, Ordumuzun rəşadəti, Ali Baş Komandanın iradəsiylə özümüzə qaytarıldı. Hər kəsə öz yerini göstərdi. Darmadağın olan düşmən hələ uzun illər bu şokdan ayılmayacaq. Hələ bir az keçsin, Azərbaycanımızın əzəli-əbədi torpağı olan Qərbi Azərbaycanı da səbirlə, mərhələ-mərhələ o parazitlərdən təmizləyəcəyik.

- Doktor, sizi çox yormayım, çünki bizim hələ qələbədən sonra çox söhbətlərimiz olacaq. Bircə sual verim, indiki məqamda, yəni 27 sentyabrdan bu yana olanların belə anidən baş verəcəyini siz düşünmüşdünüz?

-Əmin deyildim, çünki işin içində deyildim və bu, böyük bir dövlət sirriydi. İlham Əliyev məşhur bir siyasətçi, məşhur bir şahmatçıdır. Nə qədər bu insan ağıllı, düşüncəli siyasət yürüdürmüş. Çünki onu hamıya desəydi, bu iş belə müvəffəqiyyətli alınmayacaqdı. O, Azərbaycan xalqının, dövlətçiliyinin qüdrətini, dünyaya göstərdi və xalqına da göstərdi ki, siz səbirsizlik etsəniz də, mən səbirlə sizə layiq bu günün planını hazırlamışam.

İyirmi yeddisi hadisələr başladı, iyirmi səkkizində mən Ağdamdakı hospitala getdim və yaxşı ki, getmişəm. Orada hiss elədim ki, mən orada lazımmışam. Üç həftə orada çalışdım. Ən ağır xəstələrin əməliyyatını mən edirdim. Gecə də, gündüz də əməliyyat etdiyim yaralıları başqa həkim əməliyyat edə bilməzdi. Çox şükür ki, oraya vaxtında getmişəm. Axırda hiss elədim ki, artıq fiziki gücüm tükənir. Və belə davam edərsə, mən özüm xəstələnə, artıq yükə çevrilə bilərəm. Ona görə Bakıya gəldim, bir az istirahət elədim, yenidən qayıtdım Füzuli hospitalına. Orada komandirlə görüşdüm və hospitalın baş həkimi dedi ki, artıq yeni qüvvələr gəlib, həkimlərimiz komplekt şəkildə buraya cəlb olunub, hər şey normaldır. Bu gün hərbi hospitallar ən yüksək səviyyədə işləyir.

Buna çox sevindim və arxayın oldum ki, həqiqətən də orda çox istedadlı həkimlərimiz var və oradakı insanlarımız əmin əllərdədir. Ona görə də Tuğa getməyi qərara aldım. Söylədiyim kimi Tuğa heç bir mülki şəxsi buraxmırdılar. Həkimliyimə, alimliyimə hörmət edərək otuz il həsrətini çəkdiyim doğma torpağıma ayaq basmağa tələsirdim. Bir az, həsrətimin üç addımlığında olmamdan doğan mərhəmət, bir az dostluq, bir az qayda-qanun... sayəsində doğma torpağı ziyarət etmə xoşbəxtliyini daddım. O ziyarətlə ruhuma bir sərinlik gəldi. O addımla üstümdəki "qaçqın” adlı yükün atıldığını və necə yüngülləşdiyimi hiss etdim!

Ən böyük bir arzum var. Tuğun dağında bir alban məbədi var, onun qarşısında da kiçik bir bulaq. Bax o dağda Ulu Öndər Heydər Əliyevlə prezidentimiz İlham Əliyevin heykəlinin qoyulmasını istəyirəm. Ətrafdan baxan hər kəsin onu gösməsini istəyərəm. Çünki o dağ o insanların sayəsində alındı.

-Təşəkkür edirik, doktor, Qələbə günü görüşənədək!

... Həkimin zamanı məhdud olduğundan biz söhbətimizi bu yerdə saxladıq. O, əməliyyat otağına gedəcəkdi, biz isə redaksiyaya. Lakin heç ayrılmaq istəmirdik. Çünki onun üz-gözündəki nura, işığa Füzulinin, Tuğun işığı, nuru da qarışmışdı. Onun nəfəsində o yerlərin havası da duyulurdu. Biz elə o işıqdan, o havadan payımızı götürüb Tuğda, Füzulidə birgə olmaq istəyilə ayrıldıq.


Fəridə Rəhimli 
Əbülfət Mədətoğlu

8052 oxunub

InvestAZ