XƏBƏR LENTİ
27 Noyabr 2020
26 Noyabr 2020
25 Noyabr 2020



QARABAĞIN TACI
Ədəbiyyat 11:10 / 26.10.2020

Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və

qara bürümüş bir şəhər təsəvvür ediniz. Bu, mənim şəhərimdir.

Y.V.Çəmənzəminli

Hörmətli redaksiya!

Mən bu yazını 1990-cı ildə yenicə nəşrə başlayan «Həqiqət» qəzetinin 11 dekabr sayında çap etdirmişdim. Onda Şuşa hələ işğal olunmamışdı. Ancaq daşnak tör-töküntüləri, separatçı ünsürlər Şuşanın iddiasındaydılar. Mən də məqaləmdə bir vətəndaş olaraq Qarabağın tacı adlandırdığım Şuşanın tarixindən söz açmışdım.

«Qarabağın tacı» məqaləmi 30 il sonra qəzetinizdə təkrar çap etdirməklə möhtərəm oxucuların qan yaddaşını bir daha oyatmaq istədim.

Bu gün Azərbaycan xalqı uşaqdan böyüyə müsəlləh bir əsgərdir. Şanlı ordumuz şəhər və kəndlərimizi düşmən tapdağından azad edir. Artıq Azərbaycan Ordusunun addım səsləri Şuşa dağlarında əks-səda verir. Dönməz iradəsi, mətanəti, hər bir çıxışı, müsahibəsi xalqımızın ürəyindən xəbər verən Ali Baş Komandan İlham Əliyev son çıxışlarının birində doğru olaraq söylədi ki, «Şuşasız bizim işimiz yarımçıq olar!».

Qələbə bizimlədir! Tanrı Ali Baş Komandanımızı, Şanlı Ordumuzu qorusun!

Hörmətlə, Mustafa Çəmənli

* * *

Hər dəfə Şuşanın adı çəkiləndə ilk öncə onun banisinin xəyali obrazı gözlərim önündə canlanır. Bu dəm mənə elə gəlir ki, 240 il bundan əvvəl olduğu kimi yenə də Pənah xan şahə qalxmış qəmərinin belində şahanə oturaraq Şuşadan Qarabağın aranına səpələnmiş kəndlərinə, obalarına, adına öygülər qoşulan ellərinə tamaşa eləyir.

Bu yerdə ürəyimdən çox qəribə bir hiss keçir. Fikirləşirəm ki, ilahi, yurdumuzda daşı daş üstünə qoymayan, biz cəhənnəm, özünə Allahın bir evini də tikməyən neçə-neçə yadın, gəlmənin adına qəsəbələr, şəhərlər bağışlamışıq, amma nə yaxşı Şuşaya toxunmamışıq. Sevinirəm, deyirəm nə əcəb bizim «qeyrətli başbilənlərimiz», ixtiyar sahiblərimiz götürüb Şuşanın adına, məsələn, Stepan Şaumyanın, Stepan Razinin, nə bilim, daha hansı «qardaşımızın», «görən gözümüzün» adını verməyiblər... Yaxşı ki, verməyiblər, yoxsa Pənah xan qəzəbindən qəbrindən qalxardı... Görən, nə deyərdi? Hər halda deyərdi: «Ay məndən olub, mənə oxşamayanlar, məgər sizin bu «əzizləriniz» qolun çirməyib mənimlə burda qala tikib?..»

Bu gün adı dillər əzbəri olan Şuşa qalasını tikənə qədər onun yaradıcısının ömür yolu dövrünün mürəkkəb ictimai-siyasi hadisələrindən keçib mətinləşmişdi. Pənah xan gəncliyində Gəncəni tutmuş Osmanlı qoşunlarına qarşı Nadirin apardığı müharibələrdə döyüşmüş, Gəncənin azad olunması yolunda qılınc çalmış, Hindistana yürüşün iştirakçılarından olmuşdu. O, bir müddət Nadir şahın sarayında eşikağası işləmişdir. Lakin az sonra paxıl adamların «mərhəməti» sayəsində Pənah xan hiss edir ki, şahın ona olan xoş münasibəti tamam dəyişib. O, sabah başına gələ biləcək fəlakəti qabaqlamaq üçün altı nəfər yaxın adamıyla saraydan qaçır. «Vaxtını yaxın adamlarıyla birlikdə gah Qarabağın dağlarında, gah da Şəki vilayətinin Qəbələ mahalında keçirirdi» (M.C.Cavanşir). Şah onu ələ keçirmək üçün adamlarını göndərirsə də, bir nəticəsi olmur. Əhməd bəy Cavanşir ulu babası Pənah xanın ələ keçməməsinin səbəbini belə şərh etmişdir: «...Pənahəli artıq onlarca atlıdan ibarət dəstəsi ilə Car-Balakən vilayətinə, ləzgilərin yanına getmiş və onlarla birlikdə böyük dəstələr düzəldərək basqınlar etməyə başlamışdı. Pənahəli onu tutmaq üçün gələnlərlə, habelə Dağıstan tərəfdən olan basqınlardan ölkəni qoruyanlarla mübarizədəki müvəffəqiyyətlərdən ruhlanaraq, gələcəkdə özü üçün daha əlverişli şərait yaranacağı təqdirdə əhalinin rəğbətini qazanmaq məqsədilə xalqa zülm edənlərə qarşı amansız olmaqla, adi partizan dəstələri başçılarına nisbətən daha çox insanpərvərlik göstərirdi. Bu vəziyyət üç ilə qədər davam etdi».

Bəxti üzünə güldü. 1747-ci ildə Nadir şah öldürüldü. Pənah bəy üzə çıxdı, özünü Qarabağın xanı elan etdi. O, tezliklə Kəbirli mahalında ilk səngərini – Bayat qalasını tikdi. Pənah xan camaatını başına yığıb təzəcə-təzəcə qalasına isinmişdi ki, Şəki hakimi Hacı Çələbi xan qoşun çəkib Bayat qalasını mühasirəyə aldı. Bu mühasirə bir ay çəkdi. Qardaş qardaşa qılınc çaldı, qan tökdü. Ürəklərə heç nədən ədavət toxumu düşdü.

Qalanı ala bilməyən Çələbi xan qoşununu geri çəkdi. Kürü keçdi, atının başını çəkib vəzir-vəkilinə dedi: «Pənah xan bir xan idi, biz gəldik onunla dava elədik, bir iş də görə bilmədik. Biz indi onu şah edib qayıdırıq». Dövrünün ağıllı adamlarından sayılan Hacı Çələbi xanın bu sözləri Pənah xanı daha da şöhrətləndirdi.

İlk döyüşdən sonra Pənah xan Bayat qalasında çox qalmadı. Başa düşdü ki, onu qarşıda daha böyük hücumlar, döyüşlər gözləyir. Xan tezliklə ata-baba yurdundan birinə – Ağdama qayıtdı və Şahbulaq (Tərnəküt) qalasını tikdirdi. Bu, o çağlar idi ki, Arazın o tayında neçə-neçə sərkərdə şahlıq taxtı uğrunda qanlı müharibələr edirdi. Bu sərkərdələrdən Fətəli xan Əfşar, Məhəmməd­həsən xan Qacar, Kərim xan Zənd daha böyük hərbi qüvvəyə, döyüş ənənəsinə malik idilər. Onlar taxt-tac yolunda, heç şübhəsiz, Pənah xanı özlərinin güclü rəqiblərindən hesab edirdilər: gec-tez onu aradan götürmək üçün Arazı bəri keçəcəkdilər. Pənah xan çox götür-qoydan sonra strateji cəhətdən daha əlverişli olan yer seçdi və dağlar qoynunda indiki Şuşa şəhərinin əsasını qoydu (1750).

Şəhər əvvəl onun banisinin şərəfinə Pənahabad adlanırdı. Eyni adda gümüş pul da kəsilirdi.

Pənahabad yarandığı gündən bir çox hücumlara sinə gərmiş, qanlı döyüşlərin şahidi olmuşdur. Bu döyüşlərdən ikisini Pənah xan özü dəf eləmişdi. Pənahabada ilk hücumu 1757-ci ildə Məhəmmədhəsən xan Qacar eləmişdi. O, bir ay qalanın qapısını kəsib otursa da, top atəşinə tutsa da, qalanı almaq ona qismət olmamışdı. Əksinə, qədərindən çox itki vermişdi. Burda yubanmağın onun xeyrinə olmayacağını, cənubdakı torpaqlarını itirə biləcəyini düşünən Məhəmmədhəsən xan Qacar mühasirədən əl çəkmişdi. O, tələsik geriyə qayıdarkən, nə səbəbdənsə, iki ağır topunu da Pənahabadın dağlarında qoyub getmişdi. Hər şeyə bir ad verməyi sevən xalqımız çox keçməmiş oranı Topxana deyə dilə-ağıza salmışdı.

Burası da maraqlıdır ki, İranın gələcək şahı Məhəmmədhəsən xanın on altı yaşlı oğlu Ağa Məhəmməd də bu döyüşdə iştirak edirdi. Kim bilir, bəlkə də, o zaman gənc Ağa Məhəmmədin qəlbində atasının ala bilmədiyi bu möhkəm, möhtəşəm Pənahabadı nə vaxtsa fəth etmək arzusu oyanmışdır. Bəlkə də...

Qalaya ikinci hücumu 1759-cu ildə Fətəli xan Əfşar eləmişdi. Artıq o, Cənubi Azərbaycanı başdan-başa tutmuşdu. Ən güclü rəqiblərindən birinin – Məhəmmədhəsən xan Qacarın öz nökərləri başını kəsmişdi. İranda onun qabağına çıxa biləcək bir adam – Kərim xan Zənd qalmışdı. Bu tayda isə Pənah xan...

Fətəli xan altı ay Pənahabadı mühasirədə saxladı, ancaq ala bilmədi. O da həsrət və qəzəblə Cıdır düzündə durub ona baxan Pənah xanı, onun alınmaz qalasını seyr etdi və barışmaqdan özgə çıxış yolu görmədi. Fətəli xan Pənah xanı zahirən də olsa özündən asılı vəziyyətə salmaq fikrinə düşdü. O, Pənah xana sülh təklif etdi. Barışığı qohumluqla tamamlamaq niyyətində olduğunu söylədi. Qızını İbrahim ağaya vermək istədiyini dedi. Pənah xan inandı və oğlu İbrahim ağanı Fətəli xanın düşərgəsinə yola saldı. Lakin Fətəli xan onu girov götürüb özü ilə Urmiyaya apardı. Bununla da o, Pənah xanın şəxsində özünə qarşı barışmaz bir düşmən qazandı...

Pənah xan həyatdan köçəndən sonra Pənahabad daha çox Şişə adı ilə məşhurlaşdı. Təsadüfi deyil ki, Qarabağ şairləri şeirlərində qalanı Şişə adı ilə dönə-dönə vəsf ediblər.

...İbrahim xanın hakimiyyəti illərində İran taxtında əyləşən Ağa Məhəmməd şah Qacar Şişənin dağlarını, lacivərd meşələrini, soyuq bulaqlarını, ən başlıcası isə atasının məğlubiyyətini yadına saldı. 1795-ci ildə güclü qoşunla Arazı keçdi. Şişəni mühasirəyə aldı. 33 günlük bu mühasirə də bir nəticə vermədi. Şahın əmrilə Daşaltı çayına atılmış qatır-ulaq palanlarının üstündən keçib qalaya girmək bir arzu olaraq ürəkdə qaldı. Belə olanda Ağa Məhəmməd şah bir vaxt atasının qalxdığı boz qayanın üstünə çıxdı, üzünü oradan İbrahim xana tutub dedi: «Sən qazanın içində əyləşib, onun dəstəsini əlində tutmusan, elə xəyal edirsən ki, guya mənimlə çəkişirsən?!».

Qacarın bu bənzətməsi çox dəqiqdi. Şahın bu müşahidəsini Əhməd bəy Cavanşir də təsdiqləyir: «Cənub tərəfdən, Kirs dağından Şuşaya bir nəzər saldıqda, ətəklərində bu şəhərin yerləşdiyi alınmaz qaya ilə şəhərin yarımdairəvi görünüşü duman arasından, içərisində maye qaynadıldığına görə buxarlanan nəhəng bir mis qazanı xatırladır».

Böyük ədibimiz Yusif Vəzir Çəmənzəminli isə doğulduğu şəhərin təbiətini xatirələrinin birində belə təsvir edir: «Şuşanın sərt təbiəti: qara buludlardan tökülən yumurta kimi doluları, ilan kimi göydə qıvrılaraq dəhşətli gurultu qoparan şimşəkləri, bir az sonra gözəl günəşi və bülbüllərin cəh-cəh vurması məndə dərin düşüncələr oyadır».

Nə isə, Şuşanın gözəlliyindən, onun tarixi məhəllələrindən, hamamlarından, bulaqlarından, memarlıq abidələrindən günlərcə danışmaq olar. 240 yaşlı bu şəhərin hər daşı dinsə, bir xatirə söylər.

Sözümüz Ağa Məhəmməd şahdan gedirdi. O, ilk uğursuzluğunu unutmamışdı. Buna görə də 1797-ci ildə təkrar Şişə qalasının üstünə yeridi və onu döyüşsüz tutdu. Lakin şaha bu gözəl şəhərdə cəmi səkkiz gün yaşamaq qismət oldu. Atasınınkı kimi onun da başı nökərləri tərəfindən kəsildi.

Sonralar rusların Qafqazı almağı ilə Şişə Şuşa kimi tələffüz olundu və beləcə yaddaşlara köçdü.

* * *

Şuşadan danışanda ürəyimdə qövr eləyən bir məsələyə də toxunmaq istəyirəm. «Qarabağnamə»lərdə belə bir fərziyyə yürüdülür ki, guya bu məsələni (qala tikmək məsələsini) «...Məlik Şahnəzər bəyə söylədilər və onun məsləhəti və bələdçiliyi ilə Şuşa qalasını tikmək qərarına gəldilər». Bu fikri «Qarabağnamə» müəllifləri, fərqinə varmadan, biri digərindən öz əlyazmasına köçürübdür. Birincisi, Qarabağın dağlarında qaçaqçılıq eləyən Pənah xan bu yerlərə bələd ola-ola özünə bələdçi axtarmazdı və bu ağlabatan söz deyildir. Bunu nəzərə almaq lazımdır ki, «Qarabağnamə»lərdən bir neçəsi Çar Rusiyasının qılıncının kəsə-kəs vaxtında qələmə alınıb. Hətta bəzisi «tariximizi» öyrənmək istəyən Qafqaz canişini Voronsovun istəyilə yazılıbdır. Düzdür, burada qeyri-adi bir şey olmasa da, əslində çox incə bir mətləb də var. Bu, xristianlıq məsələsi idi. «Qarabağnamə» müəllifləri dövrün ab-havasını çox gözəl bilirdilər. Bilirdilər ki, Məlik Şahnəzərin «uşaqlarının» bir əli çarın, o biri əli canişin cənablarının ətəyindən bərk-bərk yapışıb. İndi bəy, xan yox, semyonlar, sərkizlər iş başındaydı və bu əlyazmaları da onların əlindən keçib «Qafqaz» qəzetinin səhifələrinə çıxmalıydı. Dövrün belə iyrənc mənzərəsini, bəyimizin, xanımızın nə qədər alçaldıldığını, ucuz tutulduğunu Qasım bəy Zakir şeirlərindən birində çox dəqiq ifadə edibdir:

Nə gündə yaradıb xudavənd bizi,

Bir yana apara bilmədik izi.

Gahi Avanesi, gahi Sərgizi,

Gahi də Semyonu görən canımız.

...Şuşa bizim onlarca başqa şəhərlərimiz kimi şəriksiz şəhərimiz, halal, müqəddəs, əyilməz, toxunulmaz qalamızdır. Şuşa Qarabağ şəhərlərinin tacıdır. Son illər bu taca çirkin əllər uzanıbdır. Birdəfəlik biləyindən qələmə kimi kəsiləsi əllər...

Bu sətirləri yazarkən qulağıma güllə səsi gəldi. Şuşanın ətəklərində, erməni quldurlarının əlində açılan bu güllə səsinə Pənah xan qəbirdən qalxdı. Baxdı nəvə-nəticələrinə, heyrətlə içini çəkdi. Onlar nə qədər biganələşmişdilər. Çayxanalarda oturub mırt vuran kim, gecələr xəlvətə çəkilib videoya baxmaq üçün kaset, xarici bazarda şıdırğı alver eləmək üçün qab-qaşıq axtaran kim, erməni saqqallılarının atdığı daş-kəsəkdən ağzı-burnu qanamış tələbəsini sıxma-boğmaya salan kim, qeyrətdən, millətdən ağzı köpüklənə-köpüklənə danışan, amma balaca bir vəzifə stolundan ötrü meşin qapıların astanasını yalayan kim... İlahi, birmi, ikimi, saymaqla qurtarmaz.

Pənah xan baxdı, baxdı, dözə bilmədi, döyüşlərdə kövrəlməyən ürəyi sızladı, gözlərindən iki damcı yaş düşdü: «Qeyrətiniz olsun, balalarım, qeyrət günüdür», – dedi.

«Həqiqət» qəzeti, 11 dekabr 1990-cı il


891 oxunub

InvestAZ