XƏBƏR LENTİ
27 Noyabr 2020
26 Noyabr 2020
25 Noyabr 2020



Şair dostum Əbülfət Mədətoğluna - BARAT VÜSAL yazır
Ədəbiyyat 10:47 / 26.10.2020

Özünü yormasın ölüm boşuna,

Həyat deyir: Mərd, sağ əlim başına!

Az qalıb yetməyə yolun başına,

Az qalıb çatmağa Tuğ kəndimizə,

Ay Əbülfət, gedək dur, kəndimizə!

Bilməzdik bir belə hərb edər həsrət,

Düşərmiş axır ki, dərbədər, həsrət!

Qalmaqmı olardı bu qədər həsrət,

Beşik kəndimizə, gor kəndimizə,

Ay Əbülfət, gedək dur, kəndimizə!

Nişan verdik əsgərlərə düşməni,

Gedir yerə sərə-sərə düşməni.

Sürtək üzümüzü yerə döşənib,

Ocaq kəndimizə, pir kəndimizə,

Ay Əbülfət, gedək dur, kəndimizə!

Görürəm hər qarış yerimi burdan,

Odur bax, Şuşa da görünür burdan.

Görünür düşmənin son günü burdan,

Təslim olacaqlar hürr kəndimizə,

Ay Əbülfət, gedək dur, kəndimizə!

İnsan xöşbəxt olar doğma məkanla,

Necə ki, xoşbaxtdı pərvanə şamla.

Eşq olsun anamız Azərbaycanla,

Qəmi bir, sevinci bir kəndimizə,

Ay Əbülfət, gedək dur, kəndimizə!

Şair, sənin kimi ucalardanam,

Doğram-doğram olmuş əzalardanam.

Mən də Şuşadakı Kosalardanam,

Tuğdan nə qalıb ki, gör, kəndimizə?

Ay Əbülfət, gedək dur, kəndimizə!


18.10.2020-ci il

Qazax, Kosalar kəndi


1114 oxunub

InvestAZ