XƏBƏR LENTİ
28 Noyabr 2020
27 Noyabr 2020



SƏRÇƏ - Səadət Sultandan HEKAYƏ
Ədəbiyyat 11:54 / 23.10.2020

(hekayə)

Qürbətdə yaşanan ömür cəhənnəmin bir parçasıdır!

Muxtargil İçərişəhərdə yaşayırdılar. Ailələrinin dolanışığı o qədər də yaxşı olmasa da, ataları Əbülfəz kişi xalça alveri ilə külfətini dolandırmağa çalışırdı. Anası Ağbacı xala Bakı-Moskva qatarında bələdçi işləyirdi. Yol adamı olduğuna görə uşaqların tərbiyəsinə kifayət qədər vaxt ayıra bilmirdi. Tanrı ona iki oğul, iki qız bəxş etmişdir. Oğlanları Muxtar və Familə ali savad verə bilməsə də, qızları Nabat və Gültəkini Tibb texnikumuna sala bilmişdi. Çətinliklərə baxmayaraq, qəzlar tibb bacısı ixtisasına yiyələnə bildilər. Ancaq oğlanlarınkı gətirmədi, qürbətdə çörəkpulu qazanmağa üz tutmağa məcbur oldular. Çünki Vətən torpağında onlara bir iş tapılmırdı. Bütün hadisələr Ağbacı xalanın oğlu Familin həbsindən sonra baş verdi. Sanki ailəyə bir həbs damğası vurulmuşdu. O günləri yada salan Ağbacı xala oğlu Familə deyərdi: "Ay bala, sənə neçə kərə demişdim ki, o avara-uvaralara qoşulma! Gördün, sənə deyirdim ki, bu işin axırı yaxşı qurtarmayacaq! Bu da axırı!”

Famil bir çox yerlərə iş üçün müraciət etsə də, xeyri olmamışdır. Eh, kim bilir?... Ehtiyac insanı hansı addımlar atmağa məcbur edir. Bütün bu olanlar da insan hərisliyindən, şeytan əməlindən baş vermişdi.

Muxtargilin həyətində göyərçin damı vardı. Famil və Muxtar onları yedirtməyə, uçurmağa çıxaranda həmişə bir cüt sərçə onlara qoşulardı. Bu mənzərəni seyr etmək qardaşlar üçün təəccüb və maraq doğurardı. Beləcə günlər ötürdü. Oğlanlar böyüdükcə özləri ilə bərabər dərdləri də böyüyürdü.

Oğurluq üstündə həbs edilən Famil üç il sonra azadlığa buraxıldı. Həbsdən sonra Famil elə bil başqa cür olmuşdu. Saatlarla dinməzdi, oturub elə hey nə barədəsə düşüncələrə dalardı. Bir gün anası Ağbacı xalanı mətbəxə çağırıb dedi: - Ana, mən çörəkpulu qazanmaq üçün Vətəni tərk etməli olacağam. Muxtar istəsə, mənimlə gedə bilər.

Anası əvvəlcə oğlunun nə demək istədiyini başa düşmədi, sonra oğlunun qürbətə gedəcəyini, orada başına hansı fəlakətlərin gələcəyini düşünəndə, fərya qopardı: - Getmə, ay oğul! Getmə! – deyən ana özünü oğlunun üstünə atdı. Famil isə soyuqqanlılıqla anasına: - Axı dolana bilmirik, nə vaxtadək ilan kimi sürünəcəyik? Atam da artıq qocalıb. Bir şey fikirləşməliyik, ya yox?

Naəlac qalan ana axırda oğluna təslim oldu. Qardaşı Muxtarla da söhbətdən sonra Famil artıq getməyə israrlı idi. Uzaq Sibirdə çörəkpulu qazanmağa can atan Famil artıq bütün yol hazırlıqlarını görmüşdü. Hətta atası Əbülfəz kişini də yola gətirə bilmişdi.

Famil yola düşməzdən əvvəl nə vaxtlarsa saxladığı göyərçin damına son dəfə baş çəkməyə qalxdı. Artıq çox gec idi. Göyərçinlər uçub getmişdilər. Sanki öz yiyələrinin qürbətə getdiyindən xəbər tutmuşdular. Ancaq bir cüt sərçə isə qürbətdə yaşamaqdansa, öz Vətənini üstün tutub, həmin taxçanın üstündə oturub, heyran-heyran Familə baxırdı. Sanki baxışları ilə yiyələrinə deyirdilər: - Qürbətdə yaşanan ömür cəhənnəmin bir parçasıdır!



987 oxunub

InvestAZ