XƏBƏR LENTİ
06 Dekabr 2020
05 Dekabr 2020
04 Dekabr 2020



Dərd dili- sözü yandıranda - Abid Tahirli yazır
Ədəbiyyat 10:42 / 21.10.2020

Son illər ədəbi ictimaiyyətin diqqətini çəkən və geniş oxucu auditoriyasının rəğbətini qazanan istedadlı şair Şöhlət Əfşarın vətəndaş mövqeyindən, milli təəssübkeşlikdən doğan qayğı və nigarançılığının, dil yandıran dərdlərinin, qəlbi sızladan harayının bədii ifadəsi kimi ərsəyə gələn "Dərdnamə” kitabı (Şöhlət Əfşar. "Dərdnamə” (poema və şeirlər), Bakı, "Nurlar” Nəşriyyat- Poliqrafiya Mərkəzi, 2020, 160 səh) məndə ikili təəssürat yaratdı: bir tərəfdən şairin sənətkarlıq məharəti, duyğu və düşüncələrin təbiiliyi, səmimiliyi, poetik, eyni zamanda epiqonçuluq və hər cür təqliddən uzaq didaktik, irfani, canlı, cilalı dili və ənənlərlə çağdaşlığın sintezindən formalaşan üslubu xoş ovqat yaratdı, digər tərəfdənsə, şairin əsərlərində, xüsusilə onun "Dərdnamə” adlı poemasında göstərilən halların- cəmiyyət həyatında nadanlıq, mövhumat və xürafatın bəzən, hətta maarifçilik hərəkatı dövründəki kimi, belə demək mümkünsə, "yerində sayması”, hərdən də milli-mənəvi dəyərlərin, vətənə, torpağa məhəbbət duyğusunun harama, rüşvətə, pula, var-dövlətə dəyişdirilməsi, satılması, müstəqilliyin qədrini bilməyən yaltaq, bacarıqsız, ləyaqətsiz, ikiüzlü məmurların meydan sulaması dərin və acı təəssüf hissini daha da artırdı. Bu əsərlərin 27 Sentyabrdan başlanan Vətən Müharibəsindən əvvəl və bu tarixi hadisə ərəfəsində ərsəyə gəldiyini də əlavə etsək, poema və şeirlərin daha bir məziyyəti üzə çıxmış olacaqdır: əsərlər şairin nikbinliyinin, gələcəyə inamının, istək və arzularının, hiss və duyğularının, fəhminin tərcümanıdır.

Şair Şöhlət Əfşar "Dərdnamə” kitabında verilmiş eyniadlı poemanı Şərq klassiklərinə xas "Minacat”la başlayır, Allaha sevgi və şükranlığını dilə gətirir və Uca Yaradandan "təqvanı, ixlasını əsigəməməyi”, "ilham pərisi”nin ona könül bağlamasını diləyir. Bir çox müasir poemalar kimi "Dərdnamə”nin də vahid süjet xətti yoxdur, şair fikir və düşüncələrini, duyğularını oxucuya səmimivəpoetik bir dillə çatdırmaq üçün maraqlı üslub seçmişdir. Poema-ithaf janrında qələmə alınan əsər istedadlı şair Barat Vüsala

"Mərhəba, Barat Vüsal, əziz dostum, qardaşım,

Ey mənim könüldaşım, sən, ey mənim dərddaşım!”-

müraciətlə başlayır və Şöhlət Əfşarın bu müraciət-monoloqu poemanın sonunadək davam edir, əsərin məzmununun, ideya-istiqamətinin üzə çıxmasına, şairin istək və arzularını, ürək çırpıntılarını, cəmiyyətdə, insanlararası münasibətlərdə, milli, əxlaqi dəyərlərdə baş verən proseslərə, aşınmalara dair mülahizələrini oxucuya dostyanə, açıq, qabarıq və bütün çılpaqlığı ilə çatdırmağa xidmət edir. Bu yolla şair oxucusunu inandırır, həyacanlandırır, düşündürür. O, dövrandan, zamanın gərdişindən şikayət edir, fikirdən, xəyaldan bezdiyini, saysız-hesabsız suallara cavab tapa bilmədiyini yazır:

Tutqunam, pəjmürdə gözüm yol çəkir,

Qəm-qüssə dumanı bürüyüb məni.

Çəkdiyim bu çilə, iztirab nədir?

Ürəyim ağlımın olub düşməni.

Şairin şikayətləri əbəs və əsassız deyil, o yaltaqlığın, yalanın, haramın, riyakarlığın, rüşvətin, acgözlüyün, xurafatın, cəhalətin, tarixi unutqanlığın soydaşlarının həyat və düşüncəsinə amansız zərbə vurduğunu, böyük bəlalar törətdiyini, elmin, mədəniyyətin, ədəbiyyatın, təhsilin tərəqqisinə buxov olduğunu, milli-mənəvi, dini dəyərlərin bərqərar olmasına əngəl törətdiyini ürək ağrısı və göz yaşı ilə qələmə alır:

Hakim əmr qulu, vəkil alverçi,

Gəl, belə zamanda ədalət ara.

Dəstur verən − acgöz, məmur − dilənçi,

Dünyagirlik hara, ədalət hara?!

Və yaxud,

Dəmir çarıq geyib əlimdə əsa,

Gəzib ədaləti tapa bilmirəm.

Mənlik, qeyrət, qürur batıbdı yasa,

Haqqı, həqiqəti tapa bilmirəm.

-kimi bu qəbil misralarla şair qəzəb və hiddətini sərt və sərrast şəkildə ifadə edir. Amma bununla da kifayətlənmir, o, bu naqisliklərə qarşı od püskürür, üsyan edir:

Nədən yad oxuna kaman oluruq?

Oğuz boyundanıq, türkdür dilimiz.

Gah ərəb, gah urus, alman oluruq,
Özümüz olmağa utanırıq biz!

Hanı sözümüzün sərkərdələri,

Ötən əsrimizin ağır topları?

Hikmət ehramıydı onun hər biri,

Elm idi onların sərvəti, varı. Və s.

Maraql və diqqətçəkicidir ki, şair oxucunu şikayət və üsyanı ilə təkbaşına buraxmır, ona bədbinlik aşılamır, vəziyyətdən çıxış yollarını da göstərməyə səy edir:

Əsla, bu işlərdən sarsılmaq olmaz,

Onlar köpük kimi yox olacaqlar.

Quyu su tökməklə sulu sayılmaz,

Dünyada qadirlər ad qoyacaqlar!,

yaxud ,

Köklənib zamana, illərə, aya,

Dövrün ahəngiylə şur olmaq gərək.

Ağılın gözüylə baxıb dünyaya,

Elm ilə aləmə nur olmaq gərək.

və yaxud,

Qüdrətli eləyər xalqı, ulusu,

Bilim, mədəniyyət, irfan ordusu.

Ruhu diri tutar kamil beyinlər,

Turana yol açar parlaq zehinlər.-

söyləyən şair, milləti zəlil edən mənəviaşınmaproblemindənxilas etməyin yolunu elmdə, təhsildə, bunula da, şüurlarda dəyişiklik etməkdə görür.

Azərbaycanın ərazi bütövlüyü mövzusuna, Qarabağ probleminə poemada geniş yer ayrılır- deməyimiz azdır, əslində Şöhlət Əfşar nədən bəhs edirsə etsin, hansı mövzuda, hansı səpkidə yazırsa yazsın, orada Qarabağ izi, Qarabağ səsi, Qarabağ sədası, Qarabağ nəfəsi, Qarabağ sevgisi var. Qarabağ kədəri və problemindən söz açanda isə şair bu dərdlə nalə çəkir, fəryad qoparır:

Üç yüz ildir vətən paramparçadır,

İrəvan talanıb, Qarabağ əsir.

Şuşa darmadağın, Göyçə dardadır,

Dədə yurdumuzda erməni gəzir.

Vətəndaş şair soydaşlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə, ölkəmizin ərazi bütövlüyü uğrunda ayağa qalxmağa, qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər olmağa səsləyir.

Kitaba "Dərdnamə” poeması ilə yanaşı "Əsir qalmış ey ruhum, Qarabağım, Şuşam, oy!”, "Heç kim dünya işin vurmadı başa”, "Eşqdir mehrabı uca göylərin”, "İthaflar” adı altında müxtəlif səpkili şeirlər də daxil edilmişdir.

Kitabın "Əsir qalmış ey ruhum, Qarabağım, Şuşam, oy!” adlı bölməsinə eyniadlı şeirlə yanaşı "Allah, bu Novruz da keçdi Şuşasız!”, "Unutma Şuşanı, unutma, şair”, "Ddanışma, qardaş”, "Ölsün şair oğlun, ölsün, ey Vətən”, "Gələcəyiz biz” kimi maraqlı, düşündürücü və təsirli əsərlər də daxil edilmişdir. Həminşeirlərdə şair sözün yaratdığı poetik duyğu ilə oxucunun beyninə nüfuz edir, qəlbini titrədir, onu düşündürür, torpaqlarımıza göz dikən, millətimizin qanına susayan mənfur düşmənə qarşı kin, nifrət hissi oyadır:

Xanqızı çarəsiz xəyala gedib,

Üzeyirin ruhu çəkilib dara.

Qanayıb göynəyir, dərddən qövr edib,

Xanın ürəyinə vurulan yara.

(Əsir qalmış ey ruhum,

Qarabağım, Şuşam, oy).

Şuşadan yazmasan alışar tənin,

Halına yas tutar qürurun, şənin.

Necə tab gətirər ürəyin sənin?

Unutma Şuşanı, unutma, şair.

(Unutma Şuşanı, unutma, şair).

Kitabın "Heç kim dünya işin vurmadı başa” adlı bölməsində toplanan şeirlər şairin iç dünyasının, düşüncə tərzinin, dünya baxışının göstəricisidir. O, "Amandır, dünyaynan oyun oynama”, "Fani dünyadı”, "Allahın bəşərə qəzəbi keçib”, "İki dünya”, "Ölməmək üçün” adlı şeirləri müdrik söz, tövsiyə və öyüd-nəsihətlərlə zəngindir. Şöhlət Əfşar insanları dünya malına, mülkünə aludə olmamağa, haqqa, ədalətə əməl etməyə, həyatın və yaşamağın mənasını dərindən dərk etməyə, dostluğa, xeyirxahlığa çağırır, dəvət edir, hikkəli, təkkəbbürlüləri və paxılları məzəmmət edir, qınayır:

Dinlə məni, ey insan, sözüm var bu gün sənə,

Çalış, ibrət alasan, yaxşı qulaq as mənə.

Qibtə etmə heç kimə, həsədə olma nökər,

Həsəd güvə kimidir; içini yeyib tökər.

(Karyerist paxıllara)

Çox şirnikib tamah salma malına,

Uyub yalanına, düşmə dalına,

Xam köhləndir, əlin yetməz yalına,

Əzəldən bu dünya fani dünyadı.

(Fani dünyadı).

Ustad nə söyləsə, yaz dəftərinə,

Üzünə gülsə də, getmə dərinə.

Salar böhtanına, salar şərinə,

Amandır, dünyaynan oyun oynama.

(Dünyaynan oyun oynama).

Virus ürəklərə qorxu salıbdı,

Həkimlər çarəsiz fikrə dalıbdı.

Şah da, dilənçi də evdə qalıbdı.

Allahın bəşərə qəzəbi keçib.

(Allahın bəşərə qəzəbi keçib). Və s. və i.

Məhəbbəti, insanın zərif, sağlam, saf, kövrək hiss və duyğularını ustalıqla tərənnüm edən Şöhlət Əfşar yaradıcılığında bu mövzu mühüm yer tutur. Azərbaycan ədəbiyyatının əbədi və əzəli mövzusunda- məhəbbət poeziyası meydanında söz demək müşkül və məsuliyyətli məsələdir. O, bu vəzifənin öhdəsindən uğurla gəlmişdir və bu qəbildən olan nümunələr şairin bütövlükdə poetik məninin dəyərləndirilməsinə yardım edir. Şöhlət Əfşarın ritorikadan uzaq, eyni zamanda ehtiraslı, təsirli, səmimi şeirləri təkcə bir qəlbin çırpıntıları, sızıltıları deyil, sevənləri məhəbbətin qədrini bilməyə, onları sabaha, səadətə, sədaqətə səsləyən çoxmətləbli və dərin mənalı misralardır, şairin mənəvi dünyasının aynası, ifadəsidir:

Sən gəldin ömrümə Haqqdan pay kimi,

Gündüz Günəş kimi, gecə Ay kimi,

Nə tez gəlib getdin bir səyyah kimi,

Dön geri, əzizim, möhtacam sənə.

(Möhtacam sənə)

Bəsdir, bu aləmi bizə güldürüb,

Sınmış bir ürəkdən nə istəyirsən?

Bülbülü həsrətdən nakam öldürüb,

Eşqin şəhidinə nəğmə deyirsən.

Özümü məhşərə çəkəcəyəm, bil,

Təpədən dırnağa dəyişəcəyəm.

Nə sevgin, vüsalın gərəyim deyil, Daha həsrətinlə sevişəcəyəm!

(Əlvida)

Bəhs etdiyimiz poema və şeirlər barədə fikirlərimizi yekunlaşdıraraq bu qənaətə gəlirik ki, cəmiyyət həyatının aktual və taleyüklü problemlərindən söz açan bu əsərlər ideya-məzmun, sənətkarlıqbaxımındansanballı, dolğun, diqqətəlayiq və təsirlidir. Kitabla bağlı bir məqamı da vurğulamaq istərdik. Şöhlət Əfşar nəşrin sonunda verdiyi "Şərh və izahlar” bölümündə kitabda adı keçən bir sıra alınma sözlər, müxtəlif tarixi hadisə və şəxsiyyətlər barədə kifayət qədər məlumat verir.

04.08.2020.

Qəbələ, Nohurqışlaq kəndi.

Abid Tahirli

filologiya elmləri doktoru

1845 oxunub

InvestAZ