XƏBƏR LENTİ
01 Dekabr 2020
30 Noyabr 2020
28 Noyabr 2020



Aybəniz, Nazim və Xoşbulaq - Qəşəm Nəcəfzadə yazır
Ədəbiyyat 10:40 / 21.10.2020

(Tanınmış şar Aybəniz Kürəkçaylı haqqında bir neçə kəlmə)

Aybəniz xanım başdan - ayağa xatirədir. Tələbəliyimin xatirəsi. Aybəniz xanım Gəncədir mənim üçün, oxuduğum universitetdir, Xoşbulaqdır. Ən nəhayət Nazimdir, Günel, Rüxsarə, Razım və Salehdir…

Tanış olanda o birinci, mən isə 3--cü kursda oxuyurdum. Sonra o, ailə qurdu Nazimlə.

Nazim də xatirədir mənim üçün. Aybəniz daha universitetə gəlmədi. Bəlkə də gəldi, ya da qiyabi keçdi. Dəqiq yadımda deyil. Hər halda daha gözümüzdə Nazim vardı. Tələbə yoldaşımız Nazim idi…

Biz kənd uşaqları lələbə qızların nişanlısından qorxardıq. Ilk əvvəllər Nazimdən də. Çünki Nazim, iri gövdəli, pəhləvan kimi cavan bir oğlanıydı. Bizdən 2-3 yaş böyük olardı. Sonra gördük ki, o, nə qədər kövrək adammış. Elə Aybənizi də bu cür adam sevə bilərmiş…

Təzə ailə quranda Universitetin yanında kirayə bir ev tutmuşdi Nazimgil. İlk övladları dünyaya gəlmişdi. Mən də şeytanın qıçını qırıb bir tələbə yoldaşımla uşağa dəyməyə getmişdik. Uşağın adı Razim idi, qucağıma aldım, guya mən də uşaq sevənəm. İndi mənim üçün 36 yaşlı Razim də xatirədi.

Bu yaxınlarda Gəncədəydim, Nazimə dedim ki, o kirayə qaldığınız evi mənə göstər. Getdik, tapıb göstərdi. Indi həmin küçə, həmin ev də xatirədir.

Aybəniz inciməsin, mən deyərdim ki, Nazim Aybənizdən daha böyük şairdir. Çünki o evi elə axtarırdı ki, əslində Aybənizi axtarırdı bəlkə.

Aybəniz haqqımda yazdığı bir şeirdə deyir: "Uşaqlığı yaşayır Qəşəmin barmaqlarında”. Onların evi mənə elə doğmadır ki, istəsəm, çayı calayaram süfrəyə, barmaqlarımın onunu da batıraram yağa, utanmaram, çəkinmərəm…

Aybəniz təpədən – dırnağa şairdir. Təbiətə, insanlara böyük sevgisi var. insan əzabına dözə bilməyən, quş qanadına sevinən şairdir.Şeirlərini əzbər deyəndə yaddan çıxan misraları Nazim yadına salır həmişə.

Düyğuları safdır, təmizdir Aybənizin. Başdan - ayağa türkdür, bunu belə demək bir az yaxşı çıxmır, yəni türk olan niyə deməlidir ki, mən türkəm, yəni demək istəyirəm, ki, Aybəniz Türk olmağının vurğunudur, Türk comərdliyinin vurğunudur.

Təbrizi anası kimi sevir, anası kimi yox e, balası kimi sevir. Lap Nazim kimi sevirir Təbrizi. Lap Nazim kimi sevir Türkiyəni.

Gözün aydın, ay Vətən, anam Təbrizə gəldim,

Əlçatmaz arzularla indi üz-üzə gəldim.

Neçə illər yol getdim qaranlıq gecələrdə,

İşıqlı bir səhərlə aydın gündüzə gəldim.

Aybənizi kövrəltməyə nə var?. Durub deynən orda bir quş dən dənləyirdi. Bir qırğı da gəlib onun dənini apardı. Indi Aybənizi kiritməkmi olar? Deynən ki, Qoşqarın ətəyinə dolu yağıb, quşlar da elə bilib dolu dəndi, dimdikləyiblər, dimdikləri üşüyüb. Di gəl Aybənizi kirit.

Dur Əlsəgərdən bir şeir de, arxasını Aybəniz tamamlasın. Ənvər Rzanın adını çək, Nazim şeirini əzbərdən desin, bir sözlə, Aybəniz Nazimə yaraşır, Nazim də Aybənizə. Hər ikisi də Qoşqara, Qoşqar da Azərbaycana.

Nazimin pıçıltıyla, astadan şeir deməyi var, bir də görürsən başladı, nə başladı:

Ay quzu otaran balaca Ənvər,

Xoş gördük, xoş gördük, xoş gördük səni.

Indi Aybəniz neyləsin özündən şeir desin, deməsin? Əlbəttə desin.

Bu dünyanın işindən baş açmadım heç zaman,

Bəzən özüm çaşmışam, bəzən də çaşdırıblar.

Dağda ceyran olmuşam, meşələrdə bir aslan,

Bəzən özüm azmışam, bəzən də azdırıblar.

Tufanlarda bərkiyib, qayalarda daş oldum,

Dodaqlarda təbəssüm, yanaqlarda yaş oldum.

Gahdan damlaya dönüb yağışa yoldaş oldum,

Bəzən özüm yağmışam, bəzən də yağdırıblar.

Görəsən şair niyə deyir ki, bəzən özüm azmışam, bəzən də azdırıblar? İki qütb həmişə insanı izləyir. Biri insanın iç dünyası biri də cəmiyyətin sənin həyatına müdaxiləsi. Əgər cəmiyyət bizim iç dünyamıza əl uzatmasaydı, şair heç vaxt azmışam deməzdi. Böyük Səməd Vurğun deyirdi ki, o saf qəlbi pozan yalnız həyatdır. İnsanın yaşamağında nə səhv ola bilər ki ? Kim deyə bilər ki, dağ çayının yeri səhv düşüb və yaxud bu qaya burda yox, o tərəfdə olmalıydı. Demək insan həyatına əl uzadan cəmiyyət insanı yolundan sapdırır. Bu mənada Aybəniz xanımın yuxarıdakı şeiri müasir ədəbi prosesimizdə maraq doğuran orjinal sosial informasiyadır.

Nazimgillə Xoşbulaq yaylağında evlərimiz qoşadı, yəni qonşuyuq. Indi Aybəniz xanımın şeirlərinə baxıram, Qoşqar dağının qaş- qabağından tutmuş, qonşumuz Azər Laçınlının sazına, yenə qonşumuz Dövranın nəvəsinə qədər hamsına şeir yazıb. Hamısı da yerli – yerində. Çiçək də öz kökündə, çins şalvarlı çoban da mobil telefonu qulağında, özü də müasir dəbdəbəsylə bir sürü qoyunun qulağında.

Daha payız gəlir elə-obaya,

Yaylaqdan enirik biz yavaş-yavaş.

Hər gün neçə dəyə sökülüb gedir,

Səhraya oxşayır düz yavaş-yavaş.

Bu şeir də bizim dağlardan köç etdiyimiz vaxtlarda yazılıb. Demək dağı dağ eləyən insandır. Insan dağa sevinir, dağ da insana. Orda Xoşbulaqda obaların arana enməyinə yaxın sarı güllər bitir. El arasında bu güllərə "Oba köçdü” gülü deyirlər. Əgər o gül yerdən başını çıxartısa, demək, obaların dağlardan enən vaxtıdır. Bu gül Kəlbəcərdə də bitirdi, Göyçədə də, Laçında da.

Aybəniz xanım təbiətin dilini gözəl bilir. Təbiətə sevinir, təbiətə qarışır. Onun şeirlərində yağışın, çayın, dolunun səsi var, dili var. Bu dili bilən insan müharibə ağrı -acılarına dözə bilmir. Müharibədən yazır, şeiri ilə Qarabağı geri almaq istəyir. O, şeirin möcüzəsinə hələ də inanır.

Bu günlərdə gözəl şairimiz Aybəniz Kürəkçaylı Prezident İlham Əliyevin sərəncamı ilə "Əməkdar müəllim” adına layiq görülüb. Mənə elə gəlir ki, bu fəxri adın içində Aybəniz xanımın ustad müəllimliyi ilə yanaşı, şeirlərinin də rolu var. Mən şair bacımı həm fəxri ad almasına, həm də "Bənövşə qoxulu yuxular” şeirlər kitabının çapdan çıxması münasibəti ilə, təbrik edirəm, istəkli dostm, şairlər şairi, müəllimlər müəllimi Nazimə də göz aydınlığı verirəm.


867 oxunub

InvestAZ