XƏBƏR LENTİ
06 Dekabr 2020
05 Dekabr 2020
04 Dekabr 2020



ƏSGƏRƏ MƏKTƏB
Ədəbiyyat 10:39 / 21.10.2020

Salam Əsgər!

Mən uşaqlığımı "20 yanvar”, "Xocalı faciəsi” gecələrində itirib, Vətəninin işğal olunmuş torpaqlarının tarixlərini ürək ağrısı ilə qeyd edən vaxtından əvvəl böyüyən şimallı qızıyam (Qubadan). Sovet höküməti dövründə 10 yaşında artıq özünü dərk etmiş şagird kimi "pioner” cərgələrinə daxil edirdilər. Bizim uşaqlığımızın həmin zaman kəsiyi 1990-cı illərdən susaraq içimizə qapanıb göz yaşları ilə işğal olunmuş rayonlarımızın adlarını qəlbimizə və tariximizə gömdüyümüz vaxtlar idi. Həmin illərdən başlayaraq yurdumuzun mərd, igid oğulları hər yerdə öz qanlarıyla "Şəhidlər xiyabanı” yaratdı. Analar başına qara, ürəyinə yara bağladı, uşaqlar yetim qaldı... Bir müsəlman qadını kimi görmədiyim Allahı sevdiyim və itaət etdiyim kimi, uşaqlıq və ilk gəncliyimin bağrına qara basmış Qarabağı da uzaqdan sevib, nisgilini çəkmişəm. Bu gün sən – ayağı yalın Xocalının bəyaz buzlu yollara gəldiyi qanlı ləpirlərinin izi ilə bütün kəndləri, şəhərləri erməni tapdağından azad edirsən. Cəbrayılı, Füzulini, Xocavəndi, Zəngilanı işğaldan azad edən Əsgərim, Şuşada yad əlində açmayan öz elində əsir qalan nazlı gülüm Xarıbülbülün həsrəti, Ruhların tərk etmədiyi abidələr diyarı Ağdamımın ahı boz dumana bürünüb, yolunu gözləyir!

Əziz Əsgər, sənin sayəndə Azərbaycan dövlətinin ən yeni tarixi yaranır. Azərbaycan tarixində Vətən müharibəsi yaşanılır. Azərbaycanın coğrafiyası, tarixi bərpa olunur. Bu tarixin ən böyük qurucusu rəşadətli ordumuzun Ali baş komandanıdır. Ötən əsrin əvvəllərindən başlayan, bir əsr davam edən haqsızlığı erməni faşizmini ifşa etmək, heç bir dövlət başçısına nəsib olmayan qəti qələbə tədbirlərini ilk və son dəfə əzmlə Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilir.

Bu gün Azərbaycan əsgəri bizim gələcəkdə ürəklə yaşaya biləcəyiniz tarixi günə, əzmlə vuruşaraq qələbə gününə doğru gedir.

Yaşasın Azərbaycan əsgəri! Yaşasın Müstəqil Azərbaycan Dövləti!


Fidan Abdurəhmanova

AMEA- Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Prezident təqaüdçüsü



1592 oxunub

InvestAZ